Keçmiş MTN generalı Akif Çovdarov məhkəmədə YAP-ın Yasamal təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun korrupsiya əməlləri barədə son dərəcə ilginc və detallı məlumatlar açıqlayıb.A.Çovdarovun açıqladığı faktlara T.Əhmədov ümumi sözlərlə münasibət bildirib, yalan olduğunu deyib. Amma bu da mümkün olmayıb. Mövzu günlərdir ki, gündəmdədir.
Bu arada mətbuatda T.Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda vaxtilə gündəmdə olan məlumatlar yenidən yayılıb. Gununsesi.info yazır ki, Tağı Əhmədov metropoliten rəisi olduğu zaman təkcə MTN tərəfindən "yüklənməyib”. "Yeraltı dünya”nın sahibi kimi ölkədə ad çıxaran Tağı Əhmədovu üzv olduğu hakim Yeni Azərbaycan Partiyası və hökumətin digər strukturları da xeyli xərcə salıb. Belə ki, YAP-in kifayət qədər bahalı olan Yasamal təşkilatının inzibati binasının xərcinin Tağı Əhmədova ödətdirildiyi bu xəbərlər sırasındadır. Bundan başqa, sabiq metropoliten rəisi Yasamal rayonunda 3 dairə seçki komissiyası üçün inzibati bina inşa etdirib. 15 saylı Yasamal birinci, 16 sayli Yasamal ikinci və 17 saylı Yasamal üçüncü seçki dairələrinin yeni binasını da Tağı Əhmədov inşa etdirib. Həmçinin Tağı Əhmədovun "yüklənməsi” bunlarla bitməyib. Xəbərə görə, Tağı Əhmədov Yasamal rayonundakı bir neçə orta məktəb və poliklinikanın inşa xərclərini də ödəyib.
Sayt mənbələrinə istinadən yazır ki, Tağı Əhmədov Yasamalda həmin tikinti işlərini maliyyələşdirdiyi dövrdə rayonunun qeyri-rəsmi kuratoru olub.
Tağı Əhmədov barəsindəki iddialarla bağlı sualı dinləyib və dərhal telefonu qapadıb.
Yada salaq ki, A.Çovdarov T.Əhmədovun fəaliyyətini "yuxarıdan” verilən göstərişlə araşdırdıqlarını açıqlamışdı. "Biz araşdıranda məlum oldu ki, metro stansiyalarının çıxışlarında 1200 obyekt var. Onlar 2007-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin balansında olub, sonradan Bakı Metropoliteninin balansına keçib. Həmin obyektlərin aylıq icarəsi 200 dollardan başlayaraq, 3 min dollara qədər olub. Yəni obyektin həcmindən, yerindən asılı olaraq. Onlardan 3 aylıq icarə haqqı əvvəldən alınıbmış. Yeni rəhbərlik də gələn kimi o obyektləri ləğv eləmişdi. Ona görə də adamlar pullarını tələb edirdilər. Həmin obyektlər də Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülmüşdü. Tağı Əhmədov burada dindiriləndə deyir ki, ildə obyektlərin icarəsindən yığılan 120 min manat pulu verib dövlətə. Əgər 1200 köşkün icarəsi 120 min edirsə, belə çıxır ki, hərəsini 8 manat 50 qəpiyə icarəyə vermişdi? Halbuki adamlardan alınmış 3 aylıq icarə pulu 5 milyondan çox idi", - Akif Çovdarov bildirib.
MTN generalı demişdi ki, bu faktı üzə çıxarandan sonra məsələni yenə dövlət rəhbərliyinə məruzə eləyiblər. Bu dəfə metropolitenin fəaliyyəti ilə bağlı detallı araşdırma aparmaq haqda göstəriş verilib. Bu zaman metropolitendə quraşdırılmış aparatların hər dörd jetondan birini qeydə almaması üzə çıxıb: "Məlum oldu ki, metropoliten hər il dövlətdən subsidiya aldığı halda, bu qədər gəlir Tağı Əhmədovun cibinə gedirmiş”.
Çovdarovun sözlərinə görə, bu məlumatların bəzilərini Tağı Əhmədovun qardaşı oğlu Şövqi Əhmədovdan alıblar: "Ona görə də Tağı Əhmədov qardaşı oğlundan imtina edib”.
A.Çovdarovun sözlərinə görə, agentura vasitəsilə T.Əhmədovun 11 milyonluq daha bir mənimsəmənin üstünü açıblar: "Təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb, rəngləyiblər, bununla da 11 milyondan çox dövlət vəsaiti mənimsənilib”.
Həbsdəki general T.Əhmədovun dəqiqləşdirə bildikləri əmlaklarının siyahısını da açıqlamışdı: "Metronun ”Sahil" stansiyasının üstündəki binada 4 mənzil, "Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüzdə 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal Rayon Məhkəməsinin yeni binasının yaxınlığındakı "Kolizey” və "Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən otelin 3 mərtəbəsi, yenə də Dubayda böyük bir ticarət mərkəzi. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, icarəyə verib".
A.Çovdarov demişdi ki, araşdırma zamanı Tağı Əhmədovun təkcə "Texnikabank”da 13 milyon dollar pulu aşkarlanıb: ""Bank of Baku”da və "Unibank”da da hesabları olub. "Texnikabank” bağlanandan sonra öz hesabından 9 milyon çıxarıb offşora köçürüb. Qalan 4 milyonu da Ruslan Əhmədov müxtəlif qohumlarının adına 30-50 min köçürüb. Onlar da pulu çıxarıb, Ruslana veriblər. Əlimizdə kamera görüntüləri də var idi. Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi".
A.Çovdarov T.Əhmədovun ümumilikdə 200 milyon dollarlıq korrupsiya cinayətindən bəhs etmişdi./msavat/