Tarix : 2017 Jul 19
Kod 52318

''90-cı illərin ortasında Azərbaycan diplomatiyası kobud səhvə yol verdi''

İlqar Vəlizadə: ''Ermənistan prezidentinin mövqeyi kompromis yox, şantajdır''
"Ermənistan tərəfi Dağlıq Qarabağ probleminin həllində güzəştə yox, kompromisə ehtiyac olduğunu hər zaman bəyan edib".

Ermənistan prezidenti Serj Sarkisyan yerli telekanala müsahibəsində belə deyib. Məlumatı “RİA Novosti” yayıb.

 

“Ermənistan tərəfinin qarşılıqlı güzəştə getmək arzusu da qalmayacaq”

"Son 20 ildə biz heç vaxt və heç yerdə güzəştdən danışmamışıq. Biz bundan əvvəl də, indi də problemin kompromisli həllindən danışırıq. Əminəm ki, problem növbəti 20 ildə də həllini tapmasa, artıq Ermənistan tərəfinin qarşılıqlı güzəştə getmək arzusu da qalmayacaq, çünki bu, problemin həllinə gətirib çıxarmır” – deyə Sarkisyan bildirib.

Prezident qeyd edib ki, Ermənistan tərəfi üç prinsipi əsas götürür: Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi, Ermənistanla Qarabağ arasında quru sərhəd və Qarabağın təhlükəsizliyinə zəmanət.

 

“Sarkisyan terminlərlə oynayır”

Siyasi icmalçı İlqar Vəlizadə hesab edir ki, Serj Sarkisyan terminlərlə oynayır, mahiyyətcə heç nə dəyişmir:

“Mahiyyət ondan ibarətdir ki, Ermənistan münaqişənin paket variantının tərəfdarıdır. Paket variantı problemi bütün şərtlərə əməl etmək üzərində qurulur. Yəni Azərbaycan Dağlıq Qarabağın statusunu tanıyır və Ermənistan ətraf rayonları boşaldır, qaçqınlara qayıtmağa imkan verir. Başqa bir şərt isə Dağlıq Qarabağla Ermənistan arasında dəhliz açılır və ərazi ermənilərin nəzarətində olur. Dəhliz təkcə Laçın yolu yox, həm rayonun özüdür. Güman ki, Kəlbəcəri də dəhliz kimi hesab edirlər. Amma bu şərtlər neçə illərdir dəyişmir və Ermənistan “kompromis” deyəndə, bunları nəzərdə tutur. Əslində, Ermənistan prezidentinin mövqeyi kompromis yox, şantajdır. O, demək istəyir, əraziləri o zaman qaytaracağıq ki, Qarabağın statusunu tanıyacaqsınız. Status deyəndə isə Qarabağın müstəqilliyindən danışırlar. Hətta Ermənistan Azərbaycanın razılaşdığı müvəqqəti statusu da qəbul etmir. Çünki deyirlər ki, müvəqqəti status Azərbaycanın yuridiksiyası altında olacaq”.    

İlqar Vəlizadə
İlqar Vəlizadə.

İlqar Vəlizadənin sözlərinə görə, Serj Sarkisyanın məntiqilə məsələyə yanaşdıqda, danışıqları davam etdirməyə ehtiyac qalmır:

“Danışıqların əsas mahiyyəti Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsindən ibarətdir. Onsuz da Dağlıq Qarabağ ətrafındakı işğal olunan rayonlar qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Ümumiyyətlə, həmin rayonlar danışıqların predmeti deyil”.

 

“Bu, artıq qarşılıqlı güzəşt yox, şərtdir”

Avropada mühacir həyata yaşayan siyasi icmalçı Rauf Mirqədirov da deyir ki, kompromis qarşılıqlı güzəştdir və  Sarkisyan bu fikri hər iki ölkənin daxili auditoriyası üçün səsləndirib:

“Ona görə çıxışının əvvəlində deyir ki, Ermənistan heç vaxt güzəşt deməyib, həmişə kompromislərdən danışıb. Kompromis bərabər tutumlu olmalıdır, amma əksər hallarda kompromislər qeyri-bərabər tutumlu olur. Gerçək siyasətdə güc, regional məqamlar rol oynayır və tərəflərdən bunlardan öz maraqları üçün istifadə edir. Sarkisyan da üç prinsipi əsas götürür: Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi, Ermənistanla Qarabağ arasında quru sərhəd və Qarabağın təhlükəsizliyinə zəmanət. Bəli, sonuncu-təhlükəsizlik məsələsi vacibdir, hətta Azərbaycan güc yoluyla ərazilərini azad etsə də, bölgənin erməni əhalisinə təhlükəsizlik təminatı verməlidir və problemin həllinin elementlərindən biri də bu amildir”.

Rauf Mirqədirov
Rauf Mirqədirov.

R.Mirqədirov hesab edir ki, Sarkisyanın birinci şərti-öz müqəddəratını təyin etmə- müharibənin nəticələrindən doğulub. Onlar şərt qoyur ki, Dağlıq Qarabağ ətragındakı rayonları bu prinsip qəbul edildiyi təqdirdə qaytara bilərlər:

“Əslində Ermənistanın  status əvəzinə ərazilər düsturu beynəlxalq hüquq normalarına köklü şəkildə ziddir. Çünki BMT Təhlükəsizlik Şurasının münaqişə haqda 4 qətnaməsində qeyd olunub ki, ərazilərin işğalı təhdidi ilə dövlətlərin sərhədlərinin dəyişdirilməsi tələbi qeyri-mümkündür. Əraziləri işğal edib, ardınca şərtlər qoyulması beynəlxalq hüquqda şantajdır. Bu, artıq qarşılıqlı güzəşt yox, şərtdir, ultimatumdur və şantajdır. Qarşılıqlı güzəşt təhlükəsizliyin təminatı, iqtisadi əlaqələrin bərpası, iqtisadi blokadanın götürülməsi, müəyyən şərtlərlə dəhlizin qoyulması ola bilərdi”.

 

“Azərbaycan diplomatisiyası Minsk Qrupuna faktiki olaraq qeyri-müəyyən səlahiyyətlər çərçivəsində fəaliyyət göstərmək imkan verdi”

Şərhçi deyir ki, status məsələsi beynəlxalq hüququn çox mürəkkəb və ziddiyyətli normasıdır. Beynəlxalq ictimaiyyət hələ hansına üstünlük verilməsini müəyyən edə bilməyib:

“Kosovada beynəlxalq ictimaiyyət öz müqəddəratını təyin etmək hüququnu tələb edirsə, Kiprdə, Gürcüstanda, Moldovada və Ukraynada ərazi bütövlüyü prinsipindən çıxış edirlər. Azərbaycanın isə ərazi bütövlüyünü tanıyırlar, ancaq xırda nüans əlavə edirlər ki, hansı şərtlər əsasında razılığa gəlsəniz, məqbul sayacağıq. Yəni ərazi bütövlüyünüzü tanıyırıq, amma ərazinizi Ermənistana verməklə razılaşsanız, bunu məqbul hesab edəcəyik. Fikir verin, Gürcüstan, Moldova və Ukrayna haqda belə demirlər. Bu, bir neçə amillər bağlıdır, birinci, Dağlıq Qarabağ münaqişəsi sovet məkanında beynəlxalq mexanizmlərin işə salındığı ilk problemdir. O dövrdə beynəlxalq aləmin münaqişəyə münasibəti bir qədər fərqliydi, ilkin dövrdə münaqişə SSRİ-ni dağıdırdı və Ermənistana problemi yaratdığı üçün bir simpatiya vardı. İkinci, Ermənistan münaqişəyə daha hazırlıqlı vəziyyətdəydi, diaspora beynəlxalq aləmi öz tərəfinə çəkə bilmişdi. Nəhayət, daha ciddi amil - Azərbaycan 90-cı illərdə münaqişənin hərbi mərhəsində ərazilərini itirmişdi. Bununla SSRİ-nin dağılma dövründə müəyyən ənənə formalaşdı ki, Azərbaycan güzəştə getsin, hətta ərazi mübadiləsi təklifi də vardı. Həmin ənənənin mahiyyətində Ermənistana müəyyən güzəştlər edib Rusiyadan qopartmaq istəyi də öz rolunu oynadı”.

İlham Əliyev və Serk Sərkisyan
İlham Əliyev və Serk Sərkisyan.

Rauf Mirqədirov iddia edir ki, 90-cı illərin ortasında Azərbaycan diplomatiyası kobud səhvə yol verdi,  ərazilərin işğaldan azad olunmasıyla status məsələsini bir-birinə qarışdırdı, indi də onun əziyyətini çəkir:

“1995-ci ilin birinci yarısına qədər danışıqlarda çox dəqiq bölgü vardı, hətta Minsk Qrupu qrafik hazırlamışdı, birinci mərhələ-Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər azad edilir, məcburi köçkünlər qayıdır, kommunikasiyalar açılır, təhlükəsizlik sistemi yaradılır, dəhlizin nəzarət mexanizmi qurulur və sülhməramlı qüvvələr yerləşdirilir. Yalnız bunlardan sonra Minsk Qrupunun konfransı çağrılır və münaqişənin həlli məsələsinə keçirilir, status müzakirə edilir. Ancaq Azərbaycan diplomatisiyası Minsk Qrupuna faktiki olaraq qeyri-müəyyən səlahiyyətlər çərçivəsində fəaliyyət göstərmək imkan verdi. Halbuki, ona qədər Minsk Qrupunun BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri ilə sərhədlənmiş səlahiyyətləri vardı. Minsk Qrupu həmin qətnamələrdəki bəndləri həyata keçirəndən sonra status müzakirə olunmalıydı. Azərbaycan hər şeyi bir yerdə müzakirə etməyə razılaşdı, bax, kobud səhv bundan ibarət idi”.    


    • Yazılıb
    • da (də) 2017 Jul 19
    • Göndərən مدير سايت Aran News