Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında cərimə kamerasına (“kars”) salınıb. Bu haqda “Azadliq.info”ya ilahiyyatçının yaxınları məlumat verib.
Nur-az.com:Taleh Bağırzadənin cəzalandırılmasına səbəb isə iyulun 20-də özü də daxil, 18 nəfərin məhkəməsində hakimin onların çıxışına imkan verməməsinə özünəməxsus tərzdə etirazları olub.Bakı Apellyasiya Məhkəməsində vəkillərdən sonra təqsirləndirilən şəxslərin özləri də çıxış etmək, günahsız həbs olunduqlarını söyləmək, barələrindəki hökmdən narazı qalmalarının səbəblərini açıqlamaq istəyiblər. Amma məhkəmə prosesinə sədrlik edən hakim Əmir Bayramov təqsirləndirilən şəxslərə çıxış etməyə imkan verməyib. O, təqsirləndirilən şəxsləri dinləmədən çıxış üçün sözü prokurora verəndə məhkəmə iclasında qalmaqal yaranıb. Təqsirləndirilən şəxslər sözlə etirazlarının nəticə vermədiyini görüb, Əmir Bayramovun sədrlik etdiyi, Vüqar Məmmədov və Əflatun Qasımovdan ibarət hakimlər heyətinə tərəf ayaqqabılarını və əllərindəki su qablarını atıblar. Hakimlər məhkəmə zalını tərk ediblər, prosesi izləməyə gələnlər məhkəmə zalından çıxarılıb.
Bu haqidəsən təxminən iki saat sonra vəkillərə məlumat verilib ki, müdafiəçilərin iştirakı olmadan məhkəmə davam edib və qərar elan olunub. Bakı Apellyasiya Məhkəməsi Taleh Bağırzadə və daha 17 nəfər haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Təqsirləndirilən şəxslər təcridxanaya aparılandan sonra Taleh Bağırzadə məhkəmədəki insidentə görə “karsa” salınıb. Digər təqsirləndirilən şəxslərdən daha kimlərin cəzalandırıldığı məlum deyil.
Xatırladaq ki, Taleh Bağırzadə və onunla birlikdə mühakimə olunan daha 16 nəfər 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Nardaranda keçirdiyi və ikisi polis olmaqla, altı nəfərin qətlinə səbəb olduğu qanlı əməliyyat nəticəsində həbs olunub. Onlarla birlikdə məhkəmə qarşısına çıxarılan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə Nardaran hadisələrində həbs olunanlar və sakinlərin başına gətirilənlərlə əlaqədar hökuməti, hüquq-mühafizə orqanlarını “facebook”dakı statuslarında tənqid etdiyinə görə həbs olunub.
Bu 18 nəfərdən Taleh Bağırzadə və Abbas Hüseynov 20, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Fuad Qəhrəmanlı və Ramin Yarıyev 10, qalanları da 14 il 6 ay azadlıqdan məhrum edilib.