Tarix : 2017 Jul 22
Kod 52325

Qurban bayramı və prezidentə qurban olanlar

"Bəs sənin atan niyə oğul atası ola –ola prezident oldu, əgər oğul atası olmaq üzqarası olsaydı indi siz prezident ola bilməzdiniz"
Nur-az.com:Qüdrət Həsənquliyevin Parlamentdə yaltaqlıq barədə danışması işə yaramayıb. Çünki camaat sözü eşitməklə kifayətlənmir, sözü deyəni də görmək istəyirlər. Adama baxanda sözünün təsir mexanizmini təyin etmək müyəssər olur.
Qarşıdan qurbna bayramı gəlir. Bu münasibətlə gərək Milli Məclisimizdəki deputatlar yeni-yeni təklif paketiylə çıxış etsinlər. Məsələn "hərəyə bir ağac əkək" şüarının heyvanlar aləmində keçərli olan məntiqli və mövsümi davamı olaraq hər deputata bir heyvan kəsmək tapşırılsın. Hətta təkcə deputatlara yox, məmurlara, nazirlərə də. Məsələn bu məqsədlə ki, kimlər prezidentə qurban olmaq istəyirlərsə buyurub qurbanlarını gətirsinlər qurbangaha, səhv getdi, prezident aparatına. Əlbəttə, bu da Allah rizası üçün sayılmayacaq. (İşin bu tərəfi QMİ-nin Qazilər Şurasının işidir. Onlar bu yolda şəriət hökmünü elə vəziyyətə sala bilərlər ki, haram bir iş mübah (icazəli) hətta vacib olsun. Avropa oyunlarını cihada bərabər hesab edib oruc tutmamağın icazəli olması fətvasını verdikləri kimi)
Məsələ burasındadır ki, bizdə cənab Prezident kimin qulağından tutub vəzifədən qovursa başlayır Prezidentə qurban olmağa. Məsələn, Yasamal icra başçısı qovulandan sonra özünəxas bir formada Prezidentə yaltaqlandı. (O yazıq bayram gəlməmiş qurban oldu) Daha sonra avtobus sürücüsünü bir neçə nəfər dostuyla döyən general oğlu həbs edildi və atası Prezident tərəfindən qovuldu. O da "atam-anam sənə qurban" formasında öz övladını prezidentə qurban dedi. Əlbəttə, Prezident məmurlara çox xəbərdarlıq etmişdi, "qudurqan məmur balaları" ifadəsi dünyada ataloqu (qudurğan məmur balasının atası nəzərdə tutulur) olsa da analoqu olmayan bir ifadədir. (Adətən tərbiyəni insana daha çox ana verir)
Amma cənab general oğlunu qurban veməklə həm ağıllı iş görüb, həm də kobud səhvə yol verib. Ağıllı iş ona görə olub ki, o cür oğlu ya gərək atasan, ya da satasan. O cür oğul ataya başucalığı gətirməz. Ona görə ata fikirləşib ki, ən yaxşısı İlham Əliyev üçün onu qurban kəsməkdir. Bu isə azından generalın azadlıqda qalmasının və fərsiz oğlunun həbsdə də bəy balası, İlham Əliyevin təbiriylə desək "qudurqan məmur balası" kimi yaşamasının təzminatçısııdır. Amma kobud səhv orda olub ki, gərək general əvvəlcə Prezidentlə bu barədə məşvərət edərdi. Hələ sən bir soruş gör Prezident bu cür qurbanı qəbul edir, sənin oğlunu özünə qurban olmağa layiq bilirmi?
Prezident də əslində kobud səhvə yol verib. Təkcə bu generalı işə götürəndə yox, elə demək olar ki, bütün məmurların balaları bu cürdür. (Hər halda Prezidentin "qudurqan məmur balalarının" əlindən dad-bidad eləməsi bu cür deməyə əsas verir) Səhv isə oradadır ki, gərək məmur təyin edəndə təkcə özünə yox oğluna da baxasan. Baxıb görəsən bu məmur övladına tərbiyə verə bilibmi? Verə bilməyibsə o, bu cəmiyyətə necə fayda verəcək. 
"Vobşey" mən İlham Əliyevin yerində olsaydım oğul atasını məmur təyin etməzdim. Çox heyif ki, bu barədə məmurlar İlham Əliyevin özündən ibrət almır. "Cavanlığa", "uşaqlığa", "dəliqanlılığa" qalsa gərək elə birinci İlham Əliyevin öz oğlu bu hoqqaları çıxartsın. Amma görün o öz oğluna necə tərbiyə verib. "Qudurğan məmur balası" yox, quzu balası kimi aparır özünü. Zarafat deyile, bu insan adicə səsverməyə gedəndə səsvermə məntəqəsində hamı ayağa durur, az qalırlar qaravul heyəti və orkestrlə balaca (artıq balaca deyil, bığburma kişidi) Heydərin səsvermə prosesini müşayət eləsinlər. Əslində ağıllı iş görürlər. Vaxtiylə nəvə Heydərin yerində atası oğul İlham var idi. Atasının vaxtında onu saya salmayanlar indi ona "cənab prezident" deyə xitab edir. Elə İlham Əliyevin başını aşağı, dilini qısa edən də odur. Mən oğul atası insanlardan məmur təyin etməməklə bağlı təklif verəndə bunun səmərəsiz olacağını da qabaqcadan hesab etmişdim. Məsələ burasındadır ki, üzünə deməyə cəsarət etməsələr də dalıyca danışıb, "bəs sənin atan niyə oğul atası ola –ola prezident oldu, əgər oğul atası olmaq üzqarası olsaydı indi siz prezident ola bilməzdiniz" deyəcəkdilər. (Oğlan uşağından bezarlıqda deyəsən İlham Əliyev firona oxşayıb) Bəli zaman dəyişib, o vaxt Ərəbistanda qız uşağı üzqarası sayılırdısa indi Azərbaycanda məmurun oğlan uşağı olmaq üzqarası sayılır. Davam edir cahiliyyə dövrü.
Hələ Hafiz Hacıyevdən də xəbər var. O da müsahibəsində deyib ki, mən bütün həyatımı dövlətçiliyə və qardaşım İlham Əliyevə qurban vermişəm. (İfadəyə baxın: dövlətçilik və İlham Əliyev) Amma düzü orası qaranlıq qalan mövzulardandır ki, Hafiz Hacıyev nə vaxt həyatını İlham Əliyevə qurban verib. Ondan partiyadaşlarını qalan yeganə miras odur ki, bu kişi sözdə qulağının kəsmədiyi erməni, ünvanına təhqirlər yağdırmadığı müxalifətçi, xayin adlandırmadığı məmur qalamyıb. Yəqin "qurban" deyərkən erməni qulaqlarını, müxalifət liderlərini, bir də məmurları nəzərdə tutur. Ya da ki, Cəmil müəllimə atdığı "butulkanı" nəzərdə tutur. Hər halda bu da yaltaqlanmanın bir başqa üsuludur. 
Əlbəttə, biz bu barədə ABŞ-dan çox dala qalmışıq. ABŞ prezidentinin müşaviri Trampın pitbulu (döyüşkən it cinsidir) olmağa hazır olduğunu və düşmənlərini qapmağa könüllü olduğunu deyib. Bizim Hafiz Hacıyev şükürlüdür. Amma ABŞ prezidentinin müşavirinin bu hürmələrindən sonra (adam it olmağa hazırdır,bu ifadə onun üçün yəqin ki, sevindirici olar) Ziyafət Əsgərov daha Avropada, Amerikada İlham Əliyev kimi liderin olmaması üçün bizə paxıllıq etdiklərini bir daha dilə gətirə bilməyəcək. Çünki bizim ölkədə prezidentə öz balalarını, həyatını (sağlamlığın təminatı məqsədiylə) qurban verən könüllü dəstələr varsa da, Amerikada Prezidentin iti olmağa can atan da var. Buna nə deyirsiz? 
Prezidentə qurban olmaq istəyən könüllü dəstələr üçün Müdafiyə Nazirliyinin balansında bir şöbə açmaq lazımdır. Qoy bu könüllü dəstələri aparıb Qarabağda ermənilərlə vuruşdursunlar. Zarafat eləmirəm, bu yuxularında erməni qulaqları kəsən Hafiz müəllim üçün göydəndüşmə fürsət, general üçünsə itirdiyi etibarını və vəzifəsini qazanmaq üçün alverişli fürsət olacaq. Özü də generaldı.

P.S. Üstəlik Hafiz müəllim generalın fərsiz oğlunun hərbi xidmətdən yayındığını demişdi.






  • Yazılıb
  • da (də) 2017 Jul 22
  • Göndərən مدير سايت Aran News