Eləcə də Prezidentin köməkçisi Ə.Həsənova, Prezident Administrasiyasının mətbuatla iş sektorunun müdiri C.Quliyevə və təbii ki, MŞ-nın sədri Ə.Amaşova və KİV-ə Dövlət Dəstəyi Fondunun direktoru V.Səfərliyə də minnətdarlıq bildirmək yerinə düşər, çünki cənab Prezident göstəriş və sərəncamlar verir, bu adamlar isə həmin sərəncam və göstərişləri addım – addım yerinə yetirirlər, Prezidentin tapşırıqlarını bilavasitə reallaşdırırlar...
Səmimi şəkildə etiraf edirəm ki, mənzillər bölüşdürülərkən üzlərdəki sevinci müşahidə etməyin özü kifayət idi. Özümdən də çox ona sevinirdim ki, X.Kazımlı, Z.Səfəroğlu, E.Paşasoy, A.Muradxanlı, A.Rəşidoğlu, A.Hüseynbala, F.Uğurlu, Y.Rzayev və digər çox dəyərli jurnalistlər və dostlar da mənzil aldılar. İnanın, ilk natamam siyahılarda mərhum dostumuz İbrahimin də ailəsinə mənzil verilməsini oxuyanda sevincimin hüdudu olmadı...
Eləcə də mətbuata ayrılmış birdəfəlik yardım da heç bir halda diqqətdən kənarda qala bilməzdi, hamı bilir ki, yazılı mətbuat hazırda ciddi maddi problemlər yaşayır...
Təbii ki, bu dəfə mənzil ala bilməyən dostlar da oldu. İnşallah, onlar da alar, üç il elə də böyük müddət deyil – daha bir bina üç ildən sonra hazır olmalıdır...
Burada başqa bir məsələni də qeyd etmək lazım gəlir. Təşəkkürlərin böyük bir hissəsi də şəxsən mənim son bir neçə ildə əməkdaşlıq etdiyim media strukturlarının rəhbərlərinin - R.Arifoğlunun, Q.İbrahimlinin, Z.Əzəmətin və A.Zeynalovun payına düşür.
On illərin yazarı kimi bir məsələni dəqiq bilirəm: gözəl yazılar yazmaq bir işdir, bir media qrupu yaratmaq və onu yaşatmaq başqa bir iş. Bu adamların necə çətinliklə öz strukturlarını yaşatdıqlarını kim bilməsə də, mən yaxşı bilirəm. Biz yazarların payına həmişə alqışlar düşür, amma bu adamlar bir dəfə tərif eşidəndə on dəfə də haqsız qınaqla üzləşirlər, yerli – yersiz ittihamlarla qarşılaşırlar.
“Mən bir məsələni heç başa düşmürəm: niyə xarici donorlardan qrant almaq olar, gəl, öz dövlətindən mənzil almaq olmaz?.. Niyə görə xarici donorlardan qrant alanlar “müstəqil” sayılır, amma dövlətindən mənzil alanlar isə “asılı”? Müstəqil və yaxud asılı olmaq daha çox insanların öz şəxsi keyfiyyətlərindən asılı deyilmi?..” |
Bir daha deyirəm ki, onların əziyyəti biz yazarlardan on dəfələrlə artıqdır, min cür əziyyətə qatlaşırlar, maddi – texniki problemləri həll edirlər.
Onların sayəsində bizi narahat edən məsələlərlə bağlı fikirlərimizi bölüşə bilirik, bəzən hətta ürəyimizi boşaldırıq. Bu adamlar isə bütün bunları, necə deyər, təşkil edir, onları reallaşdırırlar və əziz qardaşımız Z.Hacı demişkən: “Hətta buna görə bizə qonorar da verirlər”...
Bizim mətbuat illər ərzində böyük yol keçdi. Bilirsiniz, müxalif jurnalistika bir şeydir, müstəqil jurnalistika tamam başqa. Müstəqil jurnalistika tərəfsizdir və yalnız neqativ cəhətlərə köklənən müxalif jurnalistikadan fərqli, o, pozitiv tərəfləri də görür, neqativ tərəfləri də...
İndi demək olar ki, ölkədə partiyalı mətbuat heç qalmayıbdır və bu, olduqca pozitiv haldır. Prinsipcə, jurnalistin siyasi iddiası olmamalıdır, güclü, peşəkar jurnalistə partiya lazım deyil, çünki özü bir “partiya”dır... Amma sözsüz ki, bu, imperativ deyildir. Bu və ya digər siyasi təşkilata rəğbət bəsləmək, hətta onun üzvü olmaq jurnalistin də şəxsi azadlıq və şəxsi seçim məsələsidir. Elə bu səbəbdən də siyasi mənsubiyyəti olan jurnalistlərimizə də anlaşıqla yanaşmaq lazımdır. Sadəcə, jurnalistlərin bilavasitə siyasi mənsubiyyəti olmayanda onların etimad potensialı bir azacıq da artır...
Artıq Azərbaycanda da bu tendensiya tamam oturuşmaqdadır, jurnalistlər partiyaları yalnız və yalnız onların hansısa məsələyə münasibətini öyrənmək vacib olanda, bilavasitə onlarla bağlı olan bu və ya digər siyasi məsələni işıqlandırmağa çalışanda yada salırlar. Bunun özü irəliləyişdir– qoy, siyasətçilər öz işləri, jurnalistlər və politoloqlar da öz işlərilə məşğul olsunlar...
Daha bir məsələ də var ki, o, həm bir az narahatlıq, həm də bir az çaşqınlıq yaradır. Bu da yazılı medianın problemləridir. Görünür, bu tendensiya ilə də barışmaq və qəbul etmək lazım gəlir ki, gələcək məhz İnternet mediasınındır.
Əslində bizi heç də əvvəlki vaxtlardan az oxumurlar, hətta daha çox oxuyurlar. Prezident İ.Əliyev jurnalistlər qarşısında çıxış edərkən dedi ki, əhalinin 80 faizi İnternet istifadəçisidir. Biz də bununla hesablaşmalıyıq. Sadəcə, problem ondadır ki, İnternet mediasının hələ biznes tərəfləri yaxşı işlənilməyib. Əminəm ki, bununla bağlı proqram və tədbirlər hələ irəlidədir və mütləq buna diqqət ayrılacaq, çünki burada ölkənin özü üçün də əhəmiyyətli olan məqamlar var...
Nəhayət, keçək məsələnin – jurnalistlərə ev paylanmasının “etik” tərəfinə... Belə “iradlar” da olur ki, jurnalistlər dövlətdən ev və ya başqa hədiyyə almamalıdırlar.
Mən bir məsələni heç başa düşmürəm: niyə xarici donorlardan qrant almaq olar, gəl, öz dövlətindən mənzil almaq olmaz?.. Niyə görə xarici donorlardan qrant alanlar “müstəqil” sayılır, amma dövlətindən mənzil alanlar isə “asılı”? Müstəqil və yaxud asılı olmaq daha çox insanların öz şəxsi keyfiyyətlərindən asılı deyilmi?..
Fəqət, bütün bunlara baxmayaraq “irad”lar heç səngimir. Doğrusu, nə şəxsən mən, nə də əminəm ki, dostlar bu “iradlar”dan zərrə qədər incik deyilik, heç bu xüsusda deyilənlərə və yazılanlara fikir də vermirik. Həm də öz azadlığımızı dəyərləndirdiyimiz kimi, başqalarının da azadlığına hörmət edirik. Qoy, ürəkləri istəyini yazsınlar və desinlər,– bu da onların haqqıdır...
Amma bir detal var. Bəylər və hörmətli xanımlar, 53 yaşımızda bu ölkədə iki otaqlı mənzil almışıq! Yəni doğrudanmı bu qədər böyük günahdır bu?..
Nə isə... Sonluq deyəsən, azacıq tünd oldu. Ona görə də kiçik bir zarafatla bitirmək istəyirəm. Şair S.Rüstəmin bir məşhur qəzəli vardı. Deyir ki: “Sevgilim, mən elə həmin Süleymanam...”...
Bu kiçik yazını da elə bu ruhda bitirmək istərdim. Biz də həmin adamlarıq: Hüseynbala elə həmin Hüseynbaladır, Xalid həmin Xaliddir, Zahid də həmin Zahid... Eləcə də bizim başqa dəyərli jurnalistlərimiz...