Azərbaycanın da daxil olduğu Güney Qafqaz ətrafında situasiya gərginləşməyə üz tutub. Sözsüz ki, bunun da qayəsində bölgənin həll olunmamış üç konflikti durur - Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya. Ələlxüsus da Qarabağ ixtilafı bölgəni böyük inkişafdan və inteqrasiya proseslərindən saxlayan əsas əngəl olaraq qalır.Moskva hələ ki Dağlıq Qarabağ məsələsinə müstəqilliyini birtərəfli qaydada tanıdığı Abxaziya və Cənubi Osetiyadan bir qədər fərqli yanaşır. Hərgah, mahiyyət ciddi şəkildə fərqlənmir. Kreml Qarabağ məsələsi ilə də Ermənistanın vasitəsi ilə eyni dərəcədə manipulyasiya edir, onun həllinə və region ölkələrinin bir-biri ilə dolğun əlaqələr qurmasına əngəl yarada bilir. Görəsən, nə vaxtadək? Gürcüstanın Qərbə, NATO-ya istiqamətli addımlarının intensivləşməsi Rusiyanı hansı məkrli ssenarilərə sövq edə bilər?
***
“Rusiya istəmədiyi müddət ərzində Cənubi Qafqazda konfliktlər bitməyəcək”. Bu sözləri axar.az-a Rusiyanın MDB ölkələrinə, o sırada Güney Qafqaz ölkələrinə təsirini yenidən gücləndirməyə çalışmasını şərh edən politoloq İlqar Vəlizadə deyib. Onun fikrincə, Moskva müxtəlif vasitələrlə Qafqaz dövlətlərini öz təsir dairəsindən kənara buraxmamağa çalışır.
“Cənubi Qafqazda 3 regional konflikt ocağı var. Praktika göstərir ki, xarici müdaxilələr hər zaman münaqişələrin gərginləşməsinə gətirib çıxarır. Rusiya bu konfliktlərə maraq göstərdiyi müddətdə münaqişə ocaqları həll olunmamış qalacaq”, - deyə o qeyd edib. Politoloqun sözlərinə görə, Kreml Qarabağdan fərqli olaraq, Abxaziya və Cənubi Osetiya konfliktində birbaşa iştirak edir.
“Rusiyanın rəsmi dövlət kimi Abxaziya və Cənubi Osetiyanı tanıması buna misaldır. Gürcüstanın bu regionları yenidən özünə inteqrasiya etdirməklə bağlı hər hansı bir ciddi addımı Rusiyanın müqaviməti ilə qarşılaşacaq. Moskvanın Tiflisə təzyiq üçün alternativ konflikt ocaqları yaratmaq ehtimalı da var. Bunlar sırasında daha təhlükəli vəziyyət erməni icmasının yaşadığı Cavaxetiya bölgəsi ilə bağlıdır. Moskva burada erməni diasporundan da istifadə edə bilər. Çünki buradakı erməni diasporu Rusiyada fəaliyyət göstərən erməni diasporu ilə sıx bağlıdır. Bu bağlılığa görə Rusiya istədiyi vaxt Cavaxetiya bölgəsində erməniləri bir təzyiq aləti kimi Tiflisə qarşı istifadə edə bilər” - politoloq vurğulayıb.
***
Öz növbəsində keçmiş dövlət müşaviri Qabil Hüseynli Rusiyanın nə Cənubi Qafqazı, nə də Ukraynanı əlindən buraxmaq fikrində olmadığını deyir. O, Rusiyanın Cənubi Qafqazda olan 3 regional konflikt ocağını, o cümlədən Ukraynadakı konflikt ocaqlarını istədiyi zaman aktivləşdirə biləcəyi qənaətindədir: “Rusiya bu proseslərdə tənzimləyici rol oynayaraq, istədiyi vaxt Azərbaycan-Ermənistan sərhədində vəziyyəti gərginləşdirə bilər. Aprel əməliyyatları elə bunun nəticəsi idi. Ermənistan bir qayda olaraq, Rusiyanın təlimatı ilə hər an hərəkətə keçə bilər”.
Politoloq əmindir ki, Rusiya postsovet məkanına təsirini gücləndirmək istəyir: “Moskva Ukraynanın daxilində daha təhlükəli konfliktin bünövrəsini qoyub. Söhbət qondarma Malorusiya dövlətinin yaradılması və daha sonra Rusiyaya birləşdirilməsi planından gedir. İndi görünür ki, Rusiya SSRİ-nin keçmiş ərazilərində qurulmuş respublikaların ərazilərini zəbt etmək üçün ciddi proseslərə hazırlaşır. Rusiya öz məqsədini mərhələli şəkildə həyata keçirir”.
Q.Hüseynli Moskvanın daha ağır zərbəni Gürcüstan üçün hazırladığını bildirib: “Rusiya Gürcüstana təsir göstərmək üçün Cavaxetiya bölgəsindəki erməniləri də ayağa qaldıra bilər. Cavaxetiya bölgəsində olan ermənilərin muxtariyyət tələb etmək istəyi tək İrəvandan deyil, həm də Rusiyadan gələn siqnallar əsasında həyata keçirilir. Gürcüstanın ağır günlərində Cavaxetiya erməniləri də ayağa qalxıb muxtariyyət tələb etməklə Tiflisin vəziyyətini daha da ağırlaşdırırdılar. Daha sonra Bakı-Tiflis-Ceyhan neft kəməri çəkiləndə də guya ekoloji maraqları nəzərdə tutaraq, bunun əleyhinə çıxırdılar. Bakı-Tiflis-Qars dəmir yolu tikilərkən də onlar fəal surətdə bunun əleyhinə kampaniya başlatdılar. Bu gün də Cavaxetiya erməniləri Gürcüstanda müəyyən üstünlüklərə malikdirlər. Onların sayı Gürcüstanda 150 minə çatmır, amma maraqlı məqam odur ki, orada olan 600 min azərbaycanlının parlamentdə cəmi 3, ermənilərin isə 6 nümayəndəsi var. Göründüyü kimi, Cavaxetiya erməniləri kifayət qədər fəaldırlar. Ermənilər həmişə Cavaxetiya ermənilərini Gürcüstandan ayıraraq, Qara dənizə çıxış uğrunda mübarizə aparıblar”.
***
Qeyd edək ki, Rusiya son zamanlar Gürcüstanda prezident seçkiləri ərəfəsi rusiyayönlü siyasətçilərin maliyyələşdirilməsini artırıb. Moskva həmçinin Abxaziya və Cənubi Osetiyada aktivləşməkdədir. Gürcü ekspertlərin fikrincə, Kreml bununla Tiflisin Qərbə, NATO-ya inteqrasiyasının qarşısını almağa çalışır.
Bundan başqa, Moskva Gürcüstanla bərabər Malorusiya adlı qondarma dövlət yaratmaqla Ukraynaya təzyiqlərini gücləndirib. Ukraynanı daim öz ərazisi hesab edən Kreml bu dövlət uğrunda savaşını gücləndirməklə SSRİ-dən sonra Qərblə arasında mövcud olan bufer zonasının yoxa çıxmamasına çalışır...
***
Bu arada İstanbuldakı Tədqiqatlar Mərkəzi bir ictimai sorğunun nəticələrini açıqlayıb. Musavat.com-un verdiyi məlumata görə, məlum olub ki, hazırda qardaş ölkədə Rusiyanı yox, ABŞ-ı ən qeyri-dost dövlət hesab edirlər (müvafiq surətdə 18 və 37% ). Avropa Birliyi ölkələrinin adları da qeyri-dost dövlətlər sırasında çəkilib (24%). Respondentlərin 71%-i isə Azərbaycanı Türkiyənin ən sadiq dostu hesab etdiyini deyib. Bu, ötən illə müqayisədə 12% çoxdur. Rusiyanı qatı düşmən ölkə sayanlar isə ötən illə müqayisədə (34%) azalaraq, 18%-ə düşüb.
Sorğudan göründüyü kimi, Ankara-Moskva münasibətləri keçən bir ildə xeyli istiləşib. Demək, məntiqlə Türkiyənin Rusiyaya təsir imkanları da artıb. Bəs imkanlar Dağlıq Qarabağ məsələsində özünü müsbət planda göstərə bilərmi?
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyənin yüksək çinli rəsmiləri dəfələrlə, həm də Rusiyaya səfərlər çərçivəsində bəyan ediblər ki, Dağlıq Qarabağ konfliktinin həlli üçün ilk növbədə Azərbaycanın işğal altındakı rayonlarından heç olmasa, bir neçəsinin azad edilməsi qaçılmazdır və bundan sonra bölgədə böyük iqtisadi sıçrayış başlaya bilər. Rayonların azad edilməsi isə bilavasitə Rusiyadan və onun iradəsindən, daha doğrusu, Kremlin öz vassalı Ermənistana təsirindən asılıdır.
Əgər Moskva bunun əvəzində, üstəlik, Gürcüstanda - Türkiyə və Azərbaycanın mühüm strateji tərəfdaşı olan ölkədə “üçüncü Qarabağ”ı yaradacaqsa, o zaman dolayısıyla, Türkiyə və Azərbaycanın maraqlarına da ziyan vurmuş olacaq. Demək, enində-sonunda öz maraqları da ziyan görəcək. Çünki Gürcüstan bölgədə tək deyil.
Analitik xidmət