Tarix : 2017 Jul 23
Kod 52345

Ermənistana Rusiyadan təklif: RUS DİLİNİ RƏSMİLƏŞDİR

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin rus dilinə rəsmi status verilməsi barədə Ermənistan hökumətinə təklif verib.
FaktXəbər-in məlumatına görə, Volodin bildirib ki, belə olan halda Ermənistanda verilmiş sürücülük vəsiqəsi Rusiya ərazisində tanınacaq.

Qeyd edək ki, 1 iyun 2017-ci il tarixdən xarici ölkələrin sürücüıük vəsiqəsi ilə avtomobil idarə edən sürücülərə Rusiyada işləmək qanunla qadağan olunub. 14 iyulda qəbul edilən qanunda istisna da var. Bu istisna isə Avrasiya İqtisadi Birliyinə üzv olan və rus dilini rəsmi dil kimi qəbul etmiş ölkələrin vətəndaşlarına aiddir. Həmin ölkələrin vətəndaşları Rusiya ərazisində öl ölkələrinin sürücülük vəsiqəsindən istifadə etməklə işləyə bilərlər.

Vyaçeslav Volodinin bəyanatı Ermənistanda narazılığa səbəb olub.

Politoloq Styopa Safaryan xatırladıb ki, hələ 2011-ci ildən Rusiya tərəfi açıqcasına və "şərəfsiz" üsullarla Ermənistanda rus dili statusunu bərpa etmək istəyib.

Politoloq hesab edir ki, Ermənistan hakimiyyəti Rusiyanın bu cür siyasətinin əleyhinə deyil və Ermənistanda rus məktəbləri erməni məktəbləri ilə bərabər statusa malikdir.

"Bu, erməni dilinə və Ermənistanın suverenliyinə açıq qəsddir. Çünki Rusiyanın bütün bunları bizə zorla qəbul etdirməyə haqqı yoxdur. Faktiki olaraq Rusiyada bu gün çalışan erməni miqrantlara Rusiya tərəfindən girov kimi baxılır. Onların problemlərindən isə rəsmi İrəvana təzyiq göstərmək cəhdi kimi istifadə olunur", - Safaryan vurğulayıb.

Hakim Respublika Partiyasının nümayəndəsi, deputat Armen Aşotyan isə bildirib ki, Ermənistanda rus dilinin statusu məsələsi hökumətin gündəliyində deyil və hətta nəzərdə də tutulmayıb.

Ermənistanın sürücülük vəsiqələrinin Rusiyada istəfadə məsələsinə gəldikdə isə Aşotyan qeyd edib ki, iki ölkənin parlament nümayəndə heyətləri müzakirələri davam etdirmək barədə razılığa gəliblər.


  • Yazılıb
  • da (də) 2017 Jul 23
  • Göndərən مدير سايت Aran News