Tarix : 2017 Jul 23
Kod 52346

Eldar Zeynalov: Nə qədər ki, cəmiyyət üzünü həbsxanalara çevirməyəcək...

Niyə mobil telefon oğurluğuna görə insanı tam təminatlı şəkildə saxlayır, ona illik 6 min manata yaxın vəsait xərcləyirlər?
FaktXəbər-in məlumatına görə, məhbusların hüquqları üzrə ixtisaslaşmış hüquq müdafiəçisi Eldar Zeynalova Azərbaycanda cəzanın humanistləşdirilməsinə yönəlmiş fərmanların, xüsusən prezidentin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi haqqında” sərəncamının həyata keçirilməsi haqqında Turan İA-nın suallarını cavablandırıb.

- Cəza siyasətinin müasirləşdirilməsi, humanistləşdirilməsi haqqında bu yaxınlarda qəbul edilmiş rəsmi sənədləri necə qiymətləndirirsiniz? Niyə Azərbaycanda çoxdan ehtiyac olan bu qərarlar belə gec qəbul edilib? Niyə yeni humanist normalar geniş şəkildə, hamı üçün tətbiq olunmur? Yoxsa onları artıq yalnız hakimiyyətə yaxın olan cinayətkarlar üçün həyata keçirməyə başlayıblar?

Dövlət başçısına və prezidentin sürücüsünə qədər hamıya 50 teleqram göndərmək deyil, vəkil tutmaq lazımdır, çünki insanın həyat və sağlamlığı xərclənən puldan daha vacibdir

- Demək olmaz ki, bu, ilk belə sənəddir və ya cəza siyasətinin humanistləşdirilməsi ideyası yeni yaranıb. Belə ki, məsələn, probasiya xidmətinin yaradılmasını nəzərdə tutan "Məhbusların sosial adaptasiyası haqqında" qanun 5 may 2007-ci ildə qəbul edilib. Ali Məhkəmə Plenumunun həbslərin tətbiqinin məhdudlaşdırılması və Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinin nəzərə alınması haqqında qərarları isə hələ 2006-cı ilin əvvəllərində qəbul edilib. 2004-cü ildən etibarən İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi də müntəzəm olaraq həmin məsələləri qaldırır.

Odur ki, mövcud vəziyyətin davam etməsində tamahkar maraqları olan geniş məmurlar dairəsinin islahatlara gizli müqavimət göstərdiyini demək olar.

Qərbdə məhbuslara dövlətin öhdəliyində olan insanlar, büdcə üçün yük kimi baxırlar. SSRİ-də məhbuslara ucuz işçi mal kimi baxırdılar. Müstəqil Azərbaycanda həbsxanalarda əməkdən faktiki olaraq imtina ediblər, baxmayaraq ki, məsələn, Avropa İnsan Hüquqları Konvensiyasının 4-cü maddəsi həbsdə olan şəxsin yerinə yetirməli olduğu işi "məcburi əmək" anlayışından çıxarır. Hazırda məhbusu hasarlanmış bir yerə salırlar və hökmlə təyin edilmiş müddətdə orada saxlayırlar. Avara-avara gəzən, illərlə islah olmayan cinayətkarlarla yan-yana saxlanılan insan necə islah ola bilər? Niyə mobil telefon oğurluğuna görə insanı tam təminatlı şəkildə saxlayır, ona qanuna tamamilə tabe olan vətəndaşların cibindən illik 6 min manata yaxın vəsait xərcləyirlər?

İnsan azadlıqda hər bir tələbatını özü yerinə yetirə bilər. Həbsdə isə bu, onlarla qadağa ilə qarşılaşır, o qadağaları rüşvətlə aradan qaldırmaq olar. Aydındır ki, məhbuslara gəlir mənbəyi kimi baxmağa başlayırlar. Nəticədə hakimiyyət amnistiyalar, əvflər vasitəsilə həbsxanaların yükünü azaltmağa əl atmalı olur. Ədliyyə Nazirliyinin daxilində vaxtından əvvəl şərti azadlığa buraxma üzrə Komissiya belə yaradılıb, o, məhbusların bu prosedura əvvəllər yalnız administrasiya vasitəsilə olan çıxışını asanlaşdırır.

Azad edilmiş məhbusları götürək. Onları hətta şəxsiyyət vəsiqəsiz, azad edilmə haqqında arayışsız küçəyə atırlar ki, bu arayış olmadan işə belə düzələ bilməzsən, özünə mobil telefon belə ala bilməzsən. Sənədləri bərpa etmək, mənzil, iş problemini və s. həll etmək lazımdır, hələ cəmiyyətə yenidən uyğunlaşmanı demirəm. Və o, hər yerdə bütün bu problemləri həll edən (daha doğrusu, həll etməli olan) məmurlarla qarşılaşır. Pul versən, bu problemlər xeyli rahat həll olur. Və rüşvət alan üçün keçmiş məhbusun bu pulu qazanıb-qazanmadığı, ailəsinin cibindən götürəcəyi və ya oğurlayacağı heç də əhəmiyyət daşımır.

Amma probasiya xidməti olsa, bir çox problemlər onun köməyilə həll olunacaq, ASAN xidmətdə həll olunduğu kimi. Amma bu zaman birdən-birə bir neçə nazirlikdəki rüşvətxorlar biçarə qalacaqlar.

Bu istiqamətdə islahatların irəliləməməsinin başqa bir səbəbi də var. Bu, islahatlara ictimai dəstəyin çatışmamasıdır. "Oğru həbsdə yatmalıdır", xüsusilə də mənim şəxsi cibimdən oğurlayıbsa. "Əlverişli şəraitli həbsxanalar tikmək yerinə əvvəlcə qaçqınları, təqaüdçüləri, uşaq bağçalarını, məktəbləri, kəndləri təmin edin, yolları təmir edin", cəmiyyətdə belə deyirlər.

Hətta bu yaxınlarda hardasa oxudum ki, "siyasi məhbus N.-yə filan şeyə görə əlavə olaraq hansısa cəzaçəkmə müəssisəsində saxlanma şəraiti ilə işgəncə verilir". Bəyəm pis ekologiya yalnız bu məhbusa aiddir? Elə həmin cəzaçəkmə müəssisəsində saxlanılan 800-900 siyasi olmayan məhbus necə - onlar əziyyət çəkmirlər? Niyə bəzi türmələrin bağlanması və ya başqa yerə köçürülməsi, digər həbsxanaların (məsələn, Avropa şərtlərinə uyğun qadın və uşaq həbsxanalarının) tikintisinin sürətləndirilməsi üçün Parapetdə heç kim mitinq etmir və ya Brüsseldə plakatlar qaldırmır?

Nə qədər ki, cəmiyyət üzünü həbsxanalara çevirməyəcək, onlarda islahatlar elə belə ləng şəkildə gedəcək.

- Cəzaçəkmə müəssisələrində və həbsxanalarda gerçək vəziyyəti qiymətləndirəsiniz.

- Bizim cəzaçəkmə müəssisələrinin əksəriyyəti sovet dövründən qalıb. Onlar başqa standartlara əsasən tikilirdi və indi (çox az istisnalarla) nə Avropa standartlarına, nə də müasir Azərbaycan standartlarına cavab vermir. Bu barədə artıq uzun illərdir açıq-aşkar danışılır.

Naxçıvan, Şəki və Xələc həbsxanaları istisna olmaqla, bütün cəzaçəkmə müəssisələri Bakıda və onun ətrafında yerləşir. Ağır cinayətlər məhkəmələrinin olduğu hər yerdə istintaq təcridxanaları olmalıdır, onlar isə yanız Bakıda, Gəncədə, Naxçıvanda və Şəkidə var. Məsələn, Şirvanda isə belə bir təcridxana yoxdur. Nəticədə qohumları uzaqdan məhbusla görüşə gedir, buna xeyli pul xərcləyir.

Bizim penitensiar sistemdə düşünülmüş, ictimai faydalı əmək faktiki olaraq yoxdur. Bu, o deməkdir ki, orta məhbus ailəsinin dəstəyi olmadan siqaret pulu belə qazana bilməz. Bəzilərinin isə hökm üzrə həm də mülki iddiası var (məsələn, zərərçəkmişə dəyən ziyanın ödənilməsi) və o ödənilmədən, məhbus yaxşı davransa belə, əvfə və ya şərti azadlığa çıxmağa ümidi yoxdur.

İslah işləri əvvəllər sovet ideologiyasına əsaslanırdı. İndi bu, yoxdur və cinayətkarı necə islah edirlər, aydın deyil. Məsələn, cəzaçəkmə müəssisəsi rəisinin islah işləri üzrə müavininin dini məsələlərdə biliyi yoxdursa, həbsxana məscidlərində isə molla-keşiş yoxdursa, həbs edilmiş vəhabini necə islah etmək olar?

Təhsil proqramları, ən yaxşı halda, orta məktəb və ya texniki peşə məktəbi səviyyəsində təhsili ehtiva edir. Orada daha yüksək tələbləri qarşılamaq çətindir. Baxmayaraq ki, ali təhsil qadağan edilməyib, rejimli obyekt şəraitində və internetə və təhsil şəbəkələrinə çıxışın olmadığı bir şəraitdə onu həyata keçirməyin yollarını təsvir edən bir təlimat belə yoxdur.

Bununla belə, biz Avropada orta səviyyədəyik. Amma bizim səviyyəmizdə və ya daha pis səviyyədə olan bir çox ölkələrin bizdəki qədər resursu yoxdur. Bizdə resurslar var və hökumət parlamentlə birlikdə həbsxanalara daha çox vəsait yatıra bilərdi, özü də bu xərclərin bəziləri (həbsxana tikintisi, yerinin dəyişdirilməsi, həbsxanalarda sənaye istehsalının bərpası) birdəfəlikdir.

Əlbəttə, həmişə "yaxşı hökumət məktəb və uşaq bağçaları tikir, bizimki isə yeni həbsxanalar" deyənlər tapılacaq (həbsxanada yatmayanlar, anası ölkənin o biri ucundan bağlama gətirməyənlər). Amma həbsxanalar həmişə olub və bəziləri ölkəyə məhz həbsxanalarına görə qiymət verməyi məsləhət görür.

Burada çox şey ictimaiyyətin dəstəyindən asılıdır. Həbsxanalarda qalan jurnalistlər və ictimai fəallar azad edildikdən sonra yalnız siyasi məhbusların müdafiəsindən əl çəkib bütün məhbusların problemlərindən danışanda şəxsən məndə böyük hörmət hissi oyandırır. Amma adətən həbsxanaları yalnız növbəti bloger həbsə düşəndə yada salırlar...

- Ömürlük məhbuslar probleminin həlli perspektivini işıqlandırın.

- Ömürlük məhbusların çox sayda problemləri var, amma Siz, yəqin ki, bu məhbusların azad edilməsi mümkünlüyünü nəzərdə tutursunuz.

2007-ci ilin sentyabrında Avropa Şurasının insan hüquqları üzrə o vaxtki məsul nümayəndəsi cənab Tomas Hammerberg ömürlük məhbuslara baş çəkmişdi və onların vəziyyətindən çox təsirlənmişdi. O, səfərin yekunlarına görə bildirdi ki, "səmimi və ciddi azad edilmə imkanı olmayan ömürlük azadlıqdan məhrumetmə insan hüquqları ilə bağlı narahatlıq doğurur. Xüsusən, "maksimum təhlükəsizlik" şərtləri ilə birlikdə onlar qeyri-insani və ya alçaldıcı davranış təşkil edə bilər və buna görə AİHK-nin 3-cü maddəsini pozacaq". Onun səfərindən sonra bizim qanunvericiliyimizdə çox şey dəyişib.

Burada "tarif müddəti", yəni vaxtından əvvəl şərti azadlığa buraxılmaq üçün namizəd olmazdan əvvəl hökmün mütləq çəkilməli olan hissəsi əsas məsələdir. Bizdə ömürlük həbs cəzasına məhkum edilən bütün cinayətkarlar və bütün növ cinayətlər üçün "tarif" 25 il təşkil edir.

İndi 25 il tarifi olan ömürlük həbs cəzası verilmiş 64 yaşlı bir şəxsi təsəvvür edək. Hətta azadlıqda orta ömür müddəti 70 yaşdan bir qədər çoxdur, burada isə formal vaxtından əvvəl şərti azadlığa buraxılma imkanı 89 yaşda ortaya çıxacaq. Bu halda bu, sadəcə olaraq təxirə salınmış ölüm cəzasıdır, başa güllə açmaqla dərhal öldürmürlər, həbsxana şəraiti ilə yavaş-yavaş öldürürlər. Ömürlük məhbuslar arasında artıq 70 yaşından yuxarı bir neçə nəfər "tarif müddətinin" başa çatmasını görmədən dünyasını dəyişib.

Deyə bilmərəm ki, bizdə bu məsələdə vəziyyət başqalarından pisdir. 20-30 illik tarif müddətləri Avropada geniş yayılıb. Baxmayaraq ki, Avropa Şurası Nazirlər Komitəsinin 8-14 il cəza çəkildikdən sonra ömürlük həbslərə müntəzəm olaraq yenidən baxılmasını tövsiyə edən (76) 2 saylı Qətnaməsi var. Qətnamə əslində indiyədək qüvvədədir, amma ona çox az ölkə reaksiya verib.

Avropada ölüm cəzası ləğv edilməzdən və ömürlük azadlıqdan məhrumetmə tətbiq edilməzdən əvvəl maksimum alternativ cəza müddətinin məhkəmə tərəfindən baxıldıqda 15 il, əvf zamanı 20 il olduğu faktına da çox az ölkə reaksiya verib. Yalnız Gürcüstan ölüm cəzasına məhkum edilənlərin cəzalarını əvvəlcə 20, daha sonra 15 il ilə əvəz edib. Rusiya Ali Məhkəməsi keçmişdə ölümə məhkum edilmiş İ.Krıjanovskinin repatriasiyası zamanı hesab edib ki, orada ölüm cəzası tətbiq edilmirsə, 1992-ci ildə maksimum cəza müddəti isə 15 il idisə, ömürlük həbs 15 illə dəyişdirilməlidir. Özbəkistanda ölüm cəzası ləğv edildikdən sonra hökmlərə yenidən baxılıb və ölümə məhkum edilənlərin bir hissəsinə ömürlük həbs cəzası, digərlərinə isə 25 il veriblər.

Bu gün AİHM-nin Azərbaycana qarşı bir neçə qərarında əksini tapmış mövqeyi belədir ki, məhkəmə hökmü çıxararkən 15 il alternativ cəza verməyi lazım bilməyibsə, ömürlük həbs isə ölüm cəzasından daha yüngül cəzadırsa, keçmişdə ölümə məhkum edilənlərə 15 il deyil, ömürlük həbs təyin edilməsi cinayətin törədildiyi zaman mövcud olan daha ağır cəzanın təyin edilməsi demək deyil.

Baxmayaraq ki, istisnalar da olub. Belə ki, ölüm cəzası mövcud olduğu dövrdə gürcü G.Geladzeyə 15 il verilib, ölüm cəzası ləğv edildikdən və ömürlük həbs tətbiq edildikdən sonra isə onu ömürlük həbs ediblər, yəni cəzasını yüngülləşdirməyiblər, ağırlaşdırıblar. Azərbaycanda o, bütün məhkəmələri uduzdu, Gürcüstanda isə məhkəmə bu dəlilləri nəzərə aldı və onu azad etdi.

Banditliyə görə güllələnmə cəzasının sonradan ömürlük həbs olaraq yüngülləşdirildiyi bir neçə ömürlük məhbus da var. Amma hazırki Cinayət Məcəlləsində banditliyə görə artıq 15 ildən çox vermirlər, bizdə isə ömürlük məhbusları saxlayıblar, yəni qanunu pozmaqla, cəzalandırıblar.

Bəzi cinayətlər üzrə sanksiyaların ən yüksək həddinə yenidən baxılması ilə bağlı başqa bir məqam da var. Belə ki, qətlə görə artıq maksimum 20 illik və ya ömürlük həbs edirlər. Əvvəllər, artıq dediyim kimi, bu alternativ müddət 15 il idi. Aydındır ki, ömürlük həbs verən hakimlər 15 ili çox az müddət hesab etdiklərinə görə bunu ediblər. Amma həmin vaxt 16-20 illik cəza müddəti təyin etmək imkanı olsaydı, bəlkə də onlar bu alternativi seçərdilər?

Bu halda biz elə bir vəziyyətdəyik ki, qanunvericiliyin dəyişdirilməsi məhbusun vəziyyətini yüngülləşdirə bilərdi və buna görə belə bir qanuna geriyə təsir vermək, retroaktiv şəkildə tətbiq etmək olar. Bunun üçün hökmü çıxaran məhkəməyə müraciət etmək lazımdır. Amma əlbəttə ki, bu, hökmün dəyişdiriləcəyinə zəmanət vermir.

- Müxalif məhbuslar döyüldüklərini bildirirlər. Ədliyyə Nazirliyinin rəhbərliyi bunu inkar edir. Reallıq necədir?

- Bunda şəxsən mənim üçün təəccüblü heç nə yoxdur. Bürokratiyanın (o cümlədən bizdəki) əsas qaydalarından biri "kağız-kuğuz zərurətidir". Yəni, minlərlə şahidin gözü qarşısında adam döyülsə, amma bu, lazımi şəkildə sənədləşdirilməsə, bu hadisə "olmamış kimidir". Adamı döyüblərsə, amma o, rəsmi olaraq şikayət etməyibsə, döyülmə "olmayıb". O şikayət edib, daha sonra isə şikayətini geri götürübsə, belə bir hadisə "baş verməyib". Şikayətini geri götürməyib, amma rəsmi yoxlama döyülmə izləri qeydə almayıbsa da belə bir hadisə "olmayıb".

Əlbəttə, hər bir siqnalın arxasında fakt durmur. Amma xüsusi vasitələrdən istifadə hallarının sənədləşdirilməsi, habelə işgəncə, döyülmə, ölüm haqqında işlər üzrə məhbusların dindirilməsi öhdəliyi müəssisə rəisinin üzərindədir. Aydındır ki, o, maraqlı tərəfdir və ümumi halda işi ört-basdır etmək üçün əlindən gələni edəcək.

Bu özünümüdafiə taktikasının səmərəliliyini o da sübut edir ki, CM-ə işgəncələrə görə cəza tətbiq edildiyi gündən etibarən 17 il ərzində bir işgəncə hadisəsi belə (!) təsdiqini tapmayıb. Bununla belə, AİHM və BMT artıq Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq 2 (yaşamaq hüququ) və 3-cü (işgəncələrin qadağan edilməsi) maddələrinin pozuntusunun aşkar edildiyini göstərən bir neçə qərar çıxarıb. Sonuncu nümunə AİHM-nin "Babayev Azərbaycana qarşı" işi üzrə (14 saylı cəzaçəkmə müəssisəsində döyüldükdən sonra məhbusun ölümü) qərarıdır.

Qanunda fiziki güc tətbiq edilməsi, prinsipcə, qadağan edilməyib. Amma "xüsusi vasitələrdən" istifadə yalnız konkret münaqişəli hallarla (fəal müqavimət, qiyam və s.) məhdudlaşdırılıb. O, sənədləşdirilməlidir, onlardan istifadənin məqsədəuyğunluğu və uyğun ölçüdə istifadənin yoxlanılması üçün rayon prokuroruna raport göndərilməlidir. Məhbusun məhkəmədə ona qarşı dəyənəkdən istifadə olunmasından şikayət vermək hüququnun olması da mühüm məqamdır. Bu maddələrdən istənilən birinin pozulması döyülməni qanunsuz edir.

Sonuna qədər şikayət etməyə qərar verənlər üçün döyülmə faktının özünün inkar edildiyi hallarda şikayət mexanikasını başa düşmək vacibdir. Dövlət başçısına və prezidentin sürücüsünə qədər hamıya 50 teleqram göndərmək deyil, vəkil tutmaq lazımdır, çünki insanın həyat və sağlamlığı xərclənən puldan daha vacibdir. Ananı yalnız görüş günündə həbsxanaya buraxırlar, vəkili isə, səlahiyyətləri düzgün şəkildə sənədləşdirilibsə, buraxmamağa haqları yoxdur. Buraxmasalar həbsxana rəhbərliyinin qanunsuz əməllərindən məhkəməyə şikayət yazın. Nə qədər çox qanunsuz əməl qeydə alınsa, onların qanunsuz bir şeyi ört-basdır etməsi ehtimalı bir o qədər böyükdür. Bütün instansiyaları keçdikdən sonra AİHM-ə şikayət edin. Artıq presedentlər var.


  • Yazılıb
  • da (də) 2017 Jul 23
  • Göndərən مدير سايت Aran News