Tarix : 2017 Jul 23
Kod 52351

'Ev vermə, azadlıq ver' - Tbilisidə Mətbuat Günü aksiyası

iyulun 22-si Gürcüstanda yaşayan azərbaycanlı siyasi fəallar və jurnalistlər Milli Mətbuat Günü münasibətilə Azərbaycanın Tbilisidəki səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Aksiyanın əsas şüarı “Həbsdə olan jurnalistlərə azadlıq” olub.
Azadliq.org-İştirakçılar həmçinin “Ev vermə, azadlıq ver”, “Əliyev, jurnalistləri azad elə” şüarları səsləndiriblər.
“Azərbaycan hökuməti hər addımda ölkədə mətbuat və ifadə azadlığının mövcud olduğunu bəyan edir. Ancaq reallıq budur ki, ondan artıq jurnalist, bloqqer məhz tənqidi düşüncələrə görə, həbsxanalara atılıblar. Azərbaycan prezidenti 255 jurnalistə Bakıda ev verib. Azərbaycanda mediaya ev yox, azadlıq vermək lazımdır”, deyə aksiya iştirakçıları tədbiri işıqlandıran gürcü və xarici media təmsilçilərinə bildiriblər.
Aksiya iştirakçılarından həbsdəki jurnalist Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva Azərbaycanda Milli Mətbuatın yaranması tarixindən danışıb. O, hazırda Azərbaycanda media azadlığı sahəsində durumun olduqca acınacaqlı olduğunu, hökuməti tənqid edənlərin davamlı olaraq basqı altında tutulduğunu, həbs edildiyini bildirib.
“Aksiyada məqsəd diqqəti Azərbaycanda həbsdə olan jurnalistlərə yönəltmək, onlara azadlıq tələb etmək idi. Azərbaycanda media demək olar ki, susdurulub, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən satın alınıb”, o, bildirib.
Azərbaycanın Gürcüstandakı səfirliyi etiraz askiyasına reaksiya verməyib, aksiyanın qətnaməsini qəbul edən olmayıb. Qətnamə səfirliyin həyətinə qoyulub.
Bu gün iyulun 22-si ölkədə Milli Mətbuat Günüdür.
Düz 142 il bundan öncə Həsən bəy Zərdabi Azərbaycanda ilk mətbu orqanı- “Əkinçi” qəzetinin nəşrinə başlayıb.1991-ci ildən pezident Ayaz Mütəllibovun sərəncamı ilə Azərbaycanda iyulun 22-si Milli Mətbuat Günü kimi qeyd olunur.
Bu il iyulun 20-si Milli Mətbuat günü münasibəti ilə ölkədə 255 jurnalistə ev verilib.Həmin mərasimə qatılan prezident İlham Əliyev deyib ki, Azərbaycanda söz və ifadə azadlığöı təmin edilib. O jurnalistləri özünün köməkçiləri adlandırıb.
Bundan 4 il əvvəl də Azərbaycan hökuməti eyni təşəbbüslə çıxış etmişdi.Bir neçə gün öncə isə president jurnalistlərə üçüncü binanın tikilməsindən ötrü 5 milyon manta ayırıb.


  • Yazılıb
  • da (də) 2017 Jul 23
  • Göndərən مدير سايت Aran News