Tarix : 2017 Jul 24
Kod 52354

Şeyx Sərdarın namaz qıldırmaq və Mübariz Qurbanlının fətva vermək səlahiyyəti

Şeyxülislamın özü Özbəkistanda təhsil alıb? Özü də başqa günlərdə olmasa da, bayram günlərində bayram namazlarına pişnamazlıq (imam – camaat) edir.
Nur-az.com:Mübariz Qurbanlı müsahibəsində Şeyx Sərdarla bağlı suala cavab verib. Deyib ki, Sərdar Babayev qanunu pozduğu üçün həbs edilib. Qanun nə imiş? Güya Şeyx Sərdar Azərbaycanda təhsil almayıb, xaricdə təhsil alıb və xaricdə təhsil alanlar dini ayinlərə rəhbərlik edə bilməzlər. 
Əlbəttə, bu məqamda dəfələrlə xatırlatmışıq ki, ən azından Mübariz Qurbanlının təriflədiyi, həmin müsahibəsində fətva vermək səlahiyyətinə malik olduqlarını vurğuladığı QMİ-nin qazilər şurasının içində elə adamlar var ki, onlar xaricdə təhsil alıb. Bəs niyə onlar həbs edilmir. Hətta Qafqaz Müsəlmanları Ruhani idarəsinin sədri Şeyxülislamın özü Özbəkistanda təhsil alıb? Özü də başqa günlərdə olmasa da, bayram günlərində bayram namazlarına pişnamazlıq (imam – camaat) edir. Dövlət kanalı da başda olmaqla həmin namazdan reportaj hazırlayıb efirə verirlər. Bəs bu barədə niyə qanun bir iş görmür? Görmürsə niyə Mübariz Qurbanlı qanuna xəbərdarlıq etmir?
Təbii ki, bu tip suallara qanunun "qayğısına qalan" heç bir hakimiyyət adamı cavab verə bilmir.
Mənim Mübariz Qurbanlıya xatırlatmaq istədiyim məsələ başqadır. Lap deyək ki, Şeyx Sərdarın dini ayinlərə rəhbərlik etmək səlahiyyəti yoxdur. Əvvəla belə bir səlahiyyəti insana digər insanlar, xüsusiylə dünyəvi hakimiyyətlər vermir. Bir kəs dini elmlərə yiyələnibsə, namaz qıldırmaq, moizə etmək şərtlərinə sahibdirsə din ona bu haqqı verir. Mübariz Qurbanlının "qanun" adlandırdığı isə özbaşınalıqdan başqa bir şey deyildir. Əgər özbaşınalıq deyilsə, həqiqətən də qanundursa, onda buyurub QMİ-nin digər xaricdə oxuyan üzvlərini də (başda Şüyxülislam olmaq) həbs etsinlər. Yox əgər qanuna hamısı əməl etməli deyilsə, o zaman nə üçün Allahşükür Paşazadəyə olar, Sərdar Babayevə olmaz? 
Mənim dərdim ondan ibarətdir ki, heç olmasa Mübariz Qurbanlı bir özünə güzgüdə baxsın. Amma adını özgəyə qoymaq üçün yox, həqiqəti görmək üçün baxsın. Əslində vicdanından qaçan bu insan özü ona dəxli olmayan işlərə dəxalət edir, hansıki bu işlər onun mənəvi, yaxud belə demək düzgün çıxırsa vicdani, əxlaqi səlahiyyəti çərçivəsindən kənardır. Amma özü həddini aşdığı halda adını Sərdar Babayevə qoyub onu günahkar çıxarır. Doğrudur, bu gün dövlət ona səviyyə verib Dini Qurumların rəhbərlik səviyyəsinə gətirib. Amma, düzlükdə, həqiqətdə, vicdan qarşısında qalsa Mübariz Qurbanlı dini işlərdə həddini aşdığını bilməlidir. Belə ki, DQDK zaman-zaman səlahiyyətləri artırılsa da adından da məlum olduğu kimi ancaq Azərbaycanda olan dini qurumların qeydiyyat məsələsinə baxmaq, dövlətlə din arasında körpü yaratmaq (!) bir də uzaq başı kitabların nəşrinə icazə vermək işləriylə məşğul olmaqla görəvlidir. Amma Mübariz Qurbanlı isə həddini aşaraq dəfələrlə "fətva" verib. Yadınızdadırsa iş yerlərində namazın qəzaya getməsinin dində icazəli olması fətvasını verirdi. Deyirdi ki, işdə namaz qılmağa vaxt və şərait yoxdursa din bu halda namazın qəzaya getməsinə icazə verir. Əlbəttə ola bilər Mübariz Qurbanlının inandığı hansısa din buna icazə verir, amma İslamda belə bir icazə yoxdur. İndi işçilərindən kimsə onun qulağına vəsvəsə edib, o da durub fətva verib.
Halbuki o, anlamlıdır ki, DQDK üçün bir nəfər hakimiyyətə sərf eləyən adam lazım idi, onun üçün Qurbanlını ora təyin ediblər. Amma, əslində onun İŞİD lideri Əbubəkr Bəğdadiyə bir mənada oxşarlığı da var. Bir fərqlə ki, Bağdadi maddi terrorla məşğuldur, Qurbanlı mənəvi terrorla. Oxşarlıq isə budur ki, Bağdadi dindən savadı, elmi təhsili olmadığı halda minbərdə öz tərəfdarlarına "moizə" edib "cihad fətvası" verir, Qurbanlı da dindən zərrə qədər savadı olmadığı halda, YAP üzvü olduğu və deyilənlərə görə ötən günlərin şərab içəni olduğu halda gəlib indi namaz barəsində "fətva" verir, Quran aylərini "təfsir" edir. 
Mübariz müəllim! Dünya beş günlük dünyadır, əlinizi vicdanınıza qoyub düşünün. Sizcə dini təhsili olan savadlı bir ruhani – dövlət ona bu səlahiyyəti versə də verməsə də dini ayinlərə rəhbərlik etməyə layiqdir, yoxsa sizin kimi dindən heç bir bilgisi olmayan, hətta ibadət əhli olması belə şübhə altında olan bir YAP adamının dindən danışıb, "fətva" verməyə, Quran ayəsini oxuyub ağlı kəsən kimi təfsir verməyə ləyaqəti çatır?

  • Yazılıb
  • da (də) 2017 Jul 24
  • Göndərən مدير سايت Aran News