Azərbaycan İslam Partiyası və “Qələm” Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Gününə həsr edilmiş bayram tədbiri keçirilib
İslaminSesi xəbər verir ki, tədbirdə siyasi xadimlər, tanınmış media və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir ilk öncə Qurani-Kərimin oxunuşu ilə açıq elan edilib. Bundan sonra tədbiri giriş nitqi ilə açıq elan edən Qələm Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibəti ilə təbrik etdi. Milli Mətbuatımızın yaranma tarixindən, keçdiyi inkişaf yolundan danışan Qurban Cəbrayıl, medianın mövcud dünya üçün misilsiz əhəmiyyəti barədə açıqlama verib.
Bundan sonra çıxış üçün söz Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı alim Hacı İlham Əliyevə verildi. Hacı İlham Əliyev çıxışı zamanı vurğuladı ki, media işçisi və qələm sahibi olmaq özü böyük bir ilahi nemətdir. Müqəddəs Qurani-Kərimdə Allahın qələmə və onunla yazılanlara and içdiyini qeyd edən ilahiyyatçı-alim, “media nümayəndələrinin boynunda olan məsuliyyət olduqca böyükdür. Səbəb isə məhz jurnalistlərin yazdıqları və yaydıqları informasiya nəticəsində cəmiyyətin və insanların düşüncələrinin formalaşmasıdır”, - deyə bildirdi:
“Həqiqi media nümayəndələri xüsusi zövqə və istedada sahib insanlardır. Eyni zamanda həqiqi media nümayəndələrinin öz istiqlaliyyətini və azad düşüncəsini qoruyub saxlaması zəruridir. İti və bəsirətli baxışa sahib olmaq da media nümayəndələrinin əsas xüsusiyyətlərindən biri olmalıdır. Nəticədə hədəfi düzgün nişan alaraq, nəticə ala biləcək. Bütün bunlarla yanaşı jurnalistlər geniş elmi biliklərə və mütaliəyə sahib olmalıdır. ”
Hacı İlham Əliyev onu da bildirdi ki, Azərbaycan xalqının 95%-i müsəlmandır və bu amilə görə media nümayəndələri islami həqiqətləri, dəyərləri müasir dillə ölkə insanına çatdırmağa çalışmalıdır: “Cəmiyyətimiz məhz bu cür informasiyalara və düşüncələrə ehtiyacı vardır. Çünki xalqımızın kökü islam üzərində qurulub.”
tədbirdə sonra çıxış edən digər iştirakçılar Milli Mətbuat Günü münasibəti ilə media nümayəndələrini təbrik edərək, ən xoş arzularını bölüşüblər. Tədbirin sonunda qonaqlar üçün ziyafət süfrəsi açılıb.