Nur-az.com:Bir neçə gündür ki, Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında “kars”da saxlanılan Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının vəkili ilə görüşməyinə də icazə verilmir. Bu haqda “Azadliq.info”ya adları çəkilən şəxslərin vəkili Yalçın İmanov məlumat verib.Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxslərdə görüşmək üçün iyulun 24-də Kürdəxanı təcridxanasına gedib. Amma müdafiəçinin öz müvəkkilləri ilə görüşünə imkan verilməyib.
“İstintaq təcridxanasının rəisi Rəşid Səfərov bildirdi ki, Ali Məhkəmə üçün yeni order lazımdır. Mən də bu tələbin qanunsuz olduğunu bildirdim. Çünki apellyasiya məhkəməsi üçün olan müqavilə hələ qüvvədədir. Mənim səlahiyyətim bitməyib. Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və bu iş üzrə hüquqlarını müdafiə etdiyim digər şəxslər hələ də Bakı istintaq təcridxanasında saxlanılırlar və onlar apellyasiya məhkəməsinin balansındadır. Onlar cəzaçəkmə müəssisəsinə və ya Qobustandakı qapalı həbsxanaya göndəriləndən sonra apellyasiya məhkəməsinin balansından çıxırlar”, – Yalçın İmanov bildirib.
Vəkil təcridxana rəisinin nəzərinə çatdırıb ki, iyulun 20-də Bakı Apellyasiya Məhkəməsi qərarı müdafiəçilərin iştirakı olmadan elan edib. Qərarın surəti də hələ vəkillərə verilməyib. Ona görə də qərarda nə yazıldığından xəbərsizdilər: “Biz məhkəmənin qərarından məlumatsız olduğumuz halda, yeni müqavilə bağlanması tələbi absurddur. Biz qərarla tanış olmalıyıq ki, ona uyğun olaraq, müqavilə bağlayaq və ya bağlamayaq”.
Vəkilin bu arqumentləri nəticəsiz qalıb və görüşə icazə verilməyib.
“Təbii ki, mən baş verənlərlə əlaqədar Penitensiar Xidmətə müraciət edəcəyəm və bu qanunsuzluqla bağlı onların da cavabını öyrənəcəm. Amma məni narahat edən əsas məsələ Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin işgəncəyə məruz qalması ehtimalıdır. Onlara qarşı fiziki təzyiqlərlə əlaqədar gizlədildiklərinə görə görüşə icazə verilmədiyi istisna olunmur”, – deyə vəkil qeyd edib.
Yalçın İmanova məlumat verilib ki, Taleh Bağırzadə və Fuad Qəhrəmanlının hər biri 5 günlük “karsa” salınıb. Nardaran işi üzrə təqsirləndirilən şəxslər bu həftə istintaq təcridxanasından köçürüləcək. Təqsirləndirilən şəxslərdən Taleh Bağırzadə, Abbas Hüseynov və Cabbar Cabbarov Qobustandakı qapalı həbsxanaya, digərləri isə cəzaçəkmə müəssisəsinə göndəriləcəklər.
Adları çəkilənlərin hamısı iyulun 20-də Nardaran işi üzrə məhkəmədə baş vermiş insidentə görə cəzalandırılıb.
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsində vəkillərdən sonra təqsirləndirilən şəxslərin özləri də çıxış etmək, günahsız həbs olunduqlarını söyləmək, barələrindəki hökmdən narazı qalmalarının səbəblərini açıqlamaq istəyiblər. Amma məhkəmə prosesinə sədrlik edən hakim Əmir Bayramov təqsirləndirilən şəxslərə çıxış etməyə imkan verməyib. O, təqsirləndirilən şəxsləri dinləmədən çıxış üçün sözü prokurora verəndə məhkəmə iclasında qalmaqal yaranıb. Təqsirləndirilən şəxslər sözlə etirazlarının nəticə vermədiyini görüb, Əmir Bayramovun sədrlik etdiyi, Vüqar Məmmədov və Əflatun Qasımovdan ibarət hakimlər heyətinə tərəf ayaqqabılarını və əllərindəki su qablarını atıblar.
Ehtimal olunur ki, Nardaran işi məhkəmədə iştirak edən təqsirləndirilən şəxslərin hamısı hissə-hissə “karsa” salınacaq.
Ekspertlər isə təcridxana rəhbərliyinin bu addımının qanunsuz olduğunu bildirir. Hüquqşünas Samirə Ağayeva deyir ki, Avropa Penitensiar Qaydalarına görə, təqsirləndirilən şəxslər məhkəmədə yox, yalnız cəzaçəkmə müəssisələrində baş vermiş pozuntulara görə cəzalandırıla bilərlər.