“Azərbaycandan kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkədə ictimai əhəmiyyətli infrastruktur obyekti olan kommersiya bankının kompüter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilib, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə hazıradək hesablanmış 3.700.000,0 (üç milyon yeddi yüz) manatdan artıq vəsait oğurlanıb”.
Meydan tv-Məlumatı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsi yayıb.Məlumatda bildirilir ki, digər dövlətlərdə olan banklara da eyni metodlarla kiberhücumlar edilərək talama cinayətlərinin törədildiyi müəyyən edilib.
Fakt üzrə toplanılmış materiallar əsasında Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə cinayət işi başlanıb.
“Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində beynəlxalq kibercinayətkar qrupun üzvləri ifşa olunub. Cinayətkar qrupun üzvü kimi cinayət əməllərinin törədilməsində şübhəli bilinən xarici ölkə vətəndaşı Danila Dorin Konstantinoviç İspaniya Krallığının Barselona şəhərində saxlanılıb, beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində 2017-ci il iyulun 23-də Azərbaycana ekstradisiya edilib”,-deyə bildirilir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Eyni zamanda qeyd olunub ki, kommersiya banklarına qarşı analoji kiberhücumların baş verdiyi tərəfdaş dövlətlərin hüquq mühafizə orqanlarına zəruri hüquqi yardım göstəriləcək.
Açıqlamada konkret olaraq hansı bankın hesabından pul çıxarıldığı qeyd olunmur. Həmçinin digər qrup üzvlərinin kimliyi və onların arasında azərbaycanlıların olub-olmaması barədə də məlumat verilmir.