Tarix : 2017 Jul 25
Kod 52374

Dövlət qayğısının fəsadları

“İngilis dilində 9 ən qorxulu söz: mən hökumətdənəm və mən sizə yardım etmək üçün buradayam”. Ronald Reyqan (Org: The nine most terrifying words in the English language are «I'm from the government, and I'm here to help)
Meydan tv-Amerika Birləşmiş Ştatlarının 40-cı prezidenti Ronald Reyqan bu sözləri iqtisadiyyata dövlət müdaxiləsinin əleyhinə olaraq 1986-cı ildə söyləmişdi. O zaman yaşadığımız SSRİ-də hər şey, ələlxüsus da iqtisadiyyat dövlətin nəzarətində idi. Qısa müddət sonra, hələ SSRİ mövcud ikən bu nəzarət zəifləməyə başladı. 1991-ci ildə qırmızı imperiya dağıldı, yeni dövlətlər, o cümlədən Azərbaycan, sosializmdən imtina yolunu tutdular. Müəyyən islahatlar aparıldı, azadlıqlar verildi. Lakin bir müddət sonra dövlətin total nəzarəti bu dəfə sosializmsiz bərpa edilməyə başladı.
Xüsusən böyük neft pullarının axmasından istifadə edən hakimiyyət “dövlət qayğısı” adı altında istimai həyatın bütün sahələrinə nüfuz etməyə, nəzarətə almağa başladı. Nəticə isə özünü çox gözlətmədi: qayğı göstərilən bütün sahələr çökdü. Türkün sözü, örnəyim mətbuatımız.
Ötən həftənin ən səs-küylü hadisəsi dövlət başçısının bəzi jurnalistlərə mənzil hədiyyə etməsi oldu. Sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzuya çevrildi. Hətta dünyada hansısa iki dövlət arasında savaş başlasaydı belə, çox güman ki, bu mənzil mövzusunun kölgəsində qalacaqdı. Gedən müzakirələr zamanı hər bir tərəf kifayət qədər arqumentlər səsləndirdilər, onları təkrarlamaq fikrimiz yoxdur. Əlahəzrət faktlara müraciət edəcəyik.
SSRİ-nin son illərindən başlayaraq Azərbaycanda müstəqil mətbuat yaranmağa və bum yaşamağa başladı. Ölkədə populyar mətbuat orqanlarının sayı 1-2 qəzetlə məhdudlaşmırdı. Heç bir hazırlıqsız, yaddaşı zorlamadan 15-20 qəzetin adını sadalamaq olar, hansılar ki, o dövrdə geniş oxucu kütləsinə malik idilər. O qədər maraqlı, o qədər rəngarəng idilər ki, qəzet almaq üçün xərclənən vəsait ailə büdcəsinin ciddi hissəsinə çevrilmişdi. Aldığın qəzetdə oxumadığın məqalə, köşə yazısı nadir hallarda olardı.
Lakin 1993-cü ilin hakimiyyət dəyişikliyindən sonra vəziyyət öncə yavaş-yavaş, sonra sürətlə dəyişməyə başladı. Proses hərtərəfli getdi, məsələ təkcə jurnalistlərə bilavasitə basqı, həbs təhlükəsi ilə bağlı deyildi. İqtisadiyyatda azad rəqabət mühitinin ləğv edilməsi nəticəsində bütün dünyada mətbuatın əsas maliyyə donoru olan reklam bazarı məhv edildi. Qəzet çapı üçün işlədilən kağız idxalı da digər sahələr kimi inhisara alındı və süni qiymət artımına məruz qaldı. Qəzet yayımına maneələr, mətbəələrə nəzarət və digər hamımızın bildiyi hallarla yanaşı jurnalistlərə bilavasitə edilən təzyiq növləri (həbslər, cərimələr, döyülmələr və s.) də öz yerində.

Böyük neft ixracı başladıqdan və gələn nəhəng vəsait ictimai nəzarət olmadan hakimiyyətin ixtiyarına keçdikdən sonra mətbuata qarşı yalnız dəyənək deyil, “həm dəyənək, həm də kökə” siyasətinə müraciət edildi. Bu zamandan etibarən mətbuatın üzərini “dövlət qayğısı” kabusu aldı.

Təcrübə göstərir ki, kökə dəyənəkdən daha effektli işləyir. Çünki dəyənəyin tələb etdiyi 180 dərəcəlik kəskin dönüş çoxu üçün qəbuledilməz olur. Kökə isə elə deyil. O, tədricən, zaman-zaman və az dərəcələrlə döndərir. Dönən insan hər dəfə əvvəlki mövqeyinə kiçicik bir korrektə edir. Hər dəfə nəyisə güzəştə gedir, hər dəfə həmfikirlərindən kimisə itirir. Hər dəfə etirazla qarşılaşanda özünə haqq qazandırmaq üçün qabaqdangəlmişlik edir. Hər dəfə də proses artan xətlə davam edir. Nəhayət, gözlənilən 180 dərəcə dönüş baş verir.
Mətbuata “dövlət qayğısı” müxtəlif formalarda təzahür etdi. Sovetdənqalma fəxri adlara, təltiflərə yeni həvəsləndirici-şirnikləndirici təkliflər əlavə olundu. Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu (KİVDF) təsis olundu. Fond mətbuat orqanlarına illik maddi subsidiya ayırır, pul mükafatı nəzərdə tutan müxtəlif mövzularda müsabiqələr elan edirdi. Jurnalistlər üçün xarici səfərlər təşkil edilirdi. 2013-cü ildə isə 155, 4 il sonra 255 jurnalist dövlətdən mənzil aldılar.
Sadalananlar ilk baxışda normal, hətta gerçək qayğı kimi görünə bilər. Lakin proses mətbuatın müstəqilliyini ləğvi, qazanc mənbələrinin sıxışdırılması fonunda baş verirdi. Tənqidçi jurnalistlər həbs edilir və ya xaricə qaçmaq zorunda qalırdılar. Əgər internet mövcud olmasaydı, Azərbaycanda müstəqil mətbuat yox olmaq təhlükəsində qalacaqdı.
İndi isə gəlin illər boyu davam edən “qayğı”nın verdiyi nəticələrə baxaq. Ölkədə populyar qəzet artıq yoxdur. Vaxtilə populyar olan qəzetlər ya çapını dayandırıb, ya da müstəqilliklərini itirdiklərindən artıq populyar deyillər. Telekanallar əvvəlki kimi xalqın sevgisi ilə öyünə bilməzlər. Müəyyən qədər populyarlığı olan yarımüstəqil, hətta çeyrek-müstəqil ANS telekanalı bağlanıb.
Bir neçə gün öncə mənzil alan mətbuat işçilərinin böyük əksəriyyəti, bəzi hallarda isə təmsil olunduqları KİV belə geniş oxucu kütləsinə məlum deyil. Maraq üçün saytlarına nəzər saldıqda məqalələrin altındakı oxunuş sayğacının 50-60 nəfər, bəzən də daha az göstərdiyinin şahidi olursan. Bu zaman mətbuata hansı töhfədən söhbət gedə bilər?
Vaxtilə onminlərlə tirajla çap olunan qəzetin saytını bu gün onlarla, ən yaxşı halda yüzlərlə adam oxuyur. Onun əməkdaşları da “xidmətlərinə görə” mənzillə mükafatlandırılır. Şübhəsiz ki, xidmət yox deyil. Lakin bu xidmət mətbuatın inkişafına deyil, çökməsinədir. Elə təltif də ona görədir.
Müstəqilliyini itirmiş mətbuatda obyektiv siyasi və iqtisadi analizlərdən söhbət gedə bilməz. Çünki bu halda göstərilən rəqəmlər, çıxarılan nəticələr iqtidarın ürəyincə olmayacaq. Belə olduqda mətbuatın önündə iki yol qalır – ya açıq-aşkar yalana sarılaraq hakimiyyətin özünün və kursunun alternativsizliyini təbliğ etmək, ya da sarı mətbuata çevrilərək şou-biznes, kriminal, məişət mövzuları ilə kifayətlənmək.
Beləcə, “dövlət qayğısı” mətbuatın müstəqilliyini məhv etdi. Müstəqilliyi olmayan mətbuat isə artıq mətbuat deyil. Bu gün Azərbaycanda mətbuatın mövcudluğunun qorunması bir neçə xəbər saytının fədakar zəhməti bahasına mümkün olur. Onların əməkdaşları da mütəmadi olaraq müxtəlif təzyiqlərlə, “dəyənək”lə üz-üzədirlər. Kimisi mühacirət edib, kimisi həbsdədir, kimisinin ölkədən çıxışına qadağa qoyulub, kimisi də tez-tez hüquq-mühafizə orqanlarına çağrılaraq hələlik xəbərdarlıq alır.
“Dövlət qayğısı”nın ağır nəticələri təkcə mətbuatla kifayətlənmir. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası çox uğurla vətəndaş cəmiyyətini çökdürdü. “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqram”ları sayəsində əyalətlərdə iqtisadi həyat can verir. Qeyri-neft sektorunun inkişafına göstərilən qayğı nəticəsində gündəlik həyatda istifadə etdiyimiz məhsulların az qala hamısı xarici istehsaldır.
Ən çox “dövlət qayğısı” ilə əhatə olunan sahələrdən biri də idman idi. Axı “Azərbaycan idman ölkəsidir”. Uşaq idmanına şərait yaratmaq əvəzinə neft pulları hesabına xaricdən idmançılar satın alındı, milliləşdirildilər və ya bizim klublarda oynadılar. Neft pulları azaldıqda isə böhran yarandı, klubların sayı azaldı. Azərbaycanın ən titullu klubu, 2011-ci ildə klublararası dünya çempionatının qalibi “Rabitəçi” qadın voleybol komandası belə öz mövcudluğunu qoruya bilmədi.
2017-ci ilin mayında AZAL futbol komandası da öz fəaliyyətini dayandırdı. Bu zaman klubun verdiyi bəyanat çox diqqətəlayiq idi: “Futbola olan dövlət qayğısı, onun maddi-texniki bazasının inkişafı, eləcə də əhalinin sağlam həyat tərzinə maraqlarını yüksəltmək məqsədilə görülmüş tədbirlər nəticəsində idman ictimaiyyəti tərəfindən bu idman növünə maraq artmış, futbol ən kütləvi və çox sevilən idman növünə çevrilmişdir...
...Son zamanlar ölkəmizdə futbolun sürətli inkişafı, komandalar arasında rəqabətin güclənməsi, AZAL Peşəkar Futbol Klubunda səmərəli idarəetmənin həyata keçirilməsi, o cümlədən kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarır”.
Bu təmtəraqlı sözlərdən sonra isə komandanın fəaliyyətinin dayandırıldığı bildirilirdi. Bəyanatdakı məntiqdən belə çıxır ki, dövlət qayğısı nə qədər çoxdursa və rəqabət nə qədər güclüdürsə, o qədər çox komanda sıradan çıxmalıdır. Nə bilmək olar, bəlkə də bəyanat müəllifləri Ezop dili ilə həqiqəti göstərməyə çalışmışdılar.
Guya çoxpartiyalı sistemin inkişafı məqsədilə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi kimi addım da eyni nəticəni verdi. YAP istisna olmaqla parlamentdə təmsil olunan və büdcədən maliyyələşən partiyaların heç birinin əməli fəaliyyəti yoxdur və geniş ictimaiyyət tərəfindən tanınmırlar. Bu “qayğı” əslində təkpartiyalılığa yaxın bir sistemin formalaşmasına səbəb olub.
Beləcə, Azərbaycanda maraqlı bir vəziyyət yaranıb. “Qayğı” göstərilən sahələr çökür, “mübarizə” aparılan hallar isə çiçəklənir. Belə olduqda, hakimiyyətin korrupsiyaya, cinayətkarlığa, yerlibazlığa, narkomaniyaya qayğı göstərməsini, təhsilə, səhiyyəyə, mətbuata qarşı mübarizə aparmasını arzulamaqdan başqa çarə qalmır.



  • Yazılıb
  • da (də) 2017 Jul 25
  • Göndərən مدير سايت Aran News