Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 3 iş üzrə kommunikasiyaya başlayıb. Məlumatı vəkil Əsabəli Mustafayev verib. Bildirib ki, hər 3 işdə ərizəçilər Türkiyə vətəndaşlarıdır:“Onlar 2012-ci ildə Gəncə Dövlət Universitetində təhsil alırdılar. Bir gün dostlarıgildə qonaq olarkan namaz vaxtına təsadüf edib. Bir yerdə ibadət ediblər. Bu zaman polislər mənzilə hücum edib, hamısını tutub aparıblar. Təqribən 20 saat heç bir sənəd olmadan polisdə saxlanıblar. Daha sonra onlar qanunsuz dini təbliğat adı ilə məhkəməyə aparılıb. Məhkəmə də tələbələrin hər birinə 2000 manat cərimə və ölkədən departasiya olunmaqları barədə qərar qəbul edib. Tələbələr macal tapıb hüquqi yardım üçün yerli hüquq müdafiəçilərinə, 3 nəfər də bizə müraciət edib”.
Vəkil bildirir ki, müraciətdən sonra birgə səylə apelyasiya şikayəti, vəsatətlər verilib. Deportasiya cəzası ləğv olunub, ancaq cərimə qüvvədə qalıb:
“Bu şəxslər artıq təhsillərini yekunlaşdırıb vətənlərinə gediblər. Biz Avropa Məhkəməsində Konvensiyanın bir sıra maddələrinin, o cümlədən vicdan azadlığının pozuntusunu qoymuşuq. Avropa Məhkəməsi dini məzmunlu daha 2 iş üzrə kommunikasiya başladıb. Bu işlərdə ərzəçilər “Yehova Şahidləri” təriqətinin üzvləridir və onların hüquqlarını xarici vəkillər müdafiə edirlər. Kommunikasiyası başlamış daha bir iş xarici vətəndaşların Azərbaycanda məcburi əməyə cəlb olunmaqları barədədir. Bu işdə vəkil Müzəffər Baxışdır. Maraqlı işdir”.
2016-cı il Azərbaycanda din azadlığının durumu pisləşib. İl ərzində hökumət müstəqil dini fəaliyyətə repressiyanı artırıb, sünni məscidlərini bağlayıb, dini mağazalarda reydlər keçirib, “Yehova Şahidləri” icmasını və bəzi protestant icmalarını təqib edib. Birləşmiş Ştatların Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) aprelin 26-da açıqladığı illik hesabatında belə deyilir.
“Azərbaycana beynəlxalq terrorçuluq riski olsa da, hakimiyyət bu təhlükədən dinc dini narazılığın boğulmasında bəhanə kimi yararlanır. 2017-ci ilin yanvarında 18 şiə fəal 10 ildən 20 ilədək həbs cəzasına məhkum edildi. Onlar terrorçuluqda da ittiham olundular. Yerli QHT-lərdən biri ötən ilin dekabrınadək 86 nəfərin dini inancına görə həbsə atıldığını hesablayıb. Bu səbəblərdən USCIRF Azərbaycanı 2013-cü ildən olduğu “ikinci dərəcəli ölkələr” (Tier 2) sırasında saxlayıb”, – hesabatda vurğulanır.
Bir müddət öncə ədliyyə naziri Fikrət Məmmədov AZƏRTAC-a müsahibəsində demişdi ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasına xüsusi önəm verir:
“Bu qərarlar, ilk növbədə, hüquq sisteminin daha da təkmilləşdirilməsi və inkişafı, insan haqlarının etibarlı təminatı naminə əsaslı mənbə kimi qəbul olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ da məhz buna xidmət edir”.
Nazirin deməsinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan əleyhinə çıxardığı qərarların sayı digər ölkələrlə müqayisədə qat-qat azdır:
“Belə ki, 2016-cı ildə Azərbaycana qarşı cəmi 16 qərar çıxarılıb. Halbuki əhalisinin sayı Azərbaycanla təxminən eyni olan Bolqarıstana qarşı 33, Macarıstana qarşı 40, Yunanıstana qarşı isə 41 qərar çıxarılıb. Ümumiyyətlə, məhkəmənin fəaliyyətinə nəzər yetirsək görərik ki, çıxarılan bütün qərarların təxminən yarısı yalnız 4 ölkəyə: Rusiya, Ukrayna, Türkiyə və Rumıniyaya qarşı olub”.
Bu ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ilin yekunları ilə bağlı hesabatını açıqlamışdı. Azərbaycan hesabatda adı daha çox nəzərə çarpan 10 ölkədən biri idi.
Sənəddə bildirilirdi ki, hazırda Azərbaycandan daxil olan 1650 şikayət baxılmasını gözləyir.
Azərbaycan bu kateqoriyada 8-ci pillədə dayanır.
2016-cı ildə AİHM-ə göndərilən şikayətlərin statistikasına gəlincə, burda da Azərbaycanın adı qabarıq nəzərə çarpır. Sənədə görə, şikayətlərin sayında artım var.
Ötən il Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə 333 şikayət daxil olub. Əvvəlki ildə isə bu göstərici 268 olub.
Ötən il AİHM-ə ən çox şikayət göndərilən ölkə Ukrayna olub - 8658. Türkiyədən 8308, Rumıniyadan 8204, Macarıstandan da 5569 şikayət göndərilib.
Üstəlik, Azərbaycanda AİHM-nin bir sıra qərarlarının yerinə yetirilmədiyi göstərilir. Belə qərarlar kimi, REAL sədri İlqar Məmmədov və keçmiş səhiyyə naziri Əli İnsanovun azadlığa buraxılması ilə bağlı qərarın yerinə yetirilmədiyi vurğulanır./Meydan tv/