Tarix : 2017 Jul 26
Kod 52383

Heydər Əliyevin "sındıra" bilmədiyi Arifoğlunu İlham Əliyev necə "sındırdı"

Necə oldu ki, ata Əliyevin sındıra bilmədiyi Arifoğlunu oğul Əliyev sındıra bildi?

Nur-az.com:Arifoğluya açıq məktub


Hörmətli Arifoğlu! Qəzetinizin işçiləri arasında bəziləri dövlətdən (?!) ev alıb. Redaksiyanız yaman sevinclidir. Sizin bu işdə əməyiniz danılmazdır. Başqa sözlə, sizi evləri köndələn, sevincləri göy dələn yazarlar kralı da saymaq olar. Neçə gündür, jurnalistlərə mənzil verdiyi üçün hakimiyyətin bütün vasitələri işə salıb özünü reklam etməsi azmış kimi, bu yandan da sizin qəzetiniz (təbii ki, bu qəzeti də qəti surətdə iqtidar resursu saymaq olar) də oxucuların lap zəhləsini töküb. Yazarlarınız arasında qadınlı-kişi, ev alan da almayan da az qalıb hamısı bu işi bütün dünyaya çatdırsın. Bildik qardaş, ev almısız və bu işdə şəxsən siz Arifoğlunun əməyi var. Daha niyə o qəzet səhifələrinə, bir də özünüzə zülm edirsiniz. 
Hamı kimi mən də Rauf Arifoğlunu qorxmaz və cəsarətli bir insan kimi tanımışam. Əlbəttə yadınızdan çıxmaz, siz bir dəfə keçmiş prezident Heydər Əliyevin qarşısında çıxış edirdiniz. İllərdən 2001 idi. O, jurnalistlərlə görüş keçirirdi. İstəsəniz ANS-in "Qızıl fondu"ndan o lentləri tapıb öz keçmişinizə bir daha nəzər edərsiz. O zaman Heydər Əliyevə jurnalistlərlə kobud rəftar etdiyi üçün bir deputatdan şikayətləndiniz. O da sizi dedi ki, mən heç Parlamentdə oturanların çoxunu tanımıram. Yəni qoy nə deyirlər desinlər, boş verin! Amma siz həmin deputatı Heydər Əliyevə xatırlatdınız. Bildirdiniz ki, bu sizin şəxsən çox yaxşı tanıdığınız bir deputatdır, o, sizin qardaşınız Cəlal Əliyevdir. Sonra dediniz ki, o şəxsən məni söyüb. Heydər Əliyev isə bir siyasətçiyə yaraşan formada "sözün altından çıxdı". Pərt olmasını biruzə versə də özünü sındırmadan "o elə bir müstəqil adamdır ki, istəsə məni də söyər" dedi. Daha sonra xeyli sizin üzünüzə güldükdən sonra sizə bu işləri kənara qoymağınızı məsləhət gördü. Sizin o zaman üzünüzə gülən Heydər Əliyevin gözünün içinə düz baxaraq, bir an belə olsun dodağınızı qaçırtmadan (təbəssüm belə etmədən) dediyiniz bu bir kəlmə söz mənim indiyədək yadımdan çıxmayıb. "Yaxşı Heydər bəy, bu məsələni qoyduq qırağa" (Nə "cənab prezident" kəlməsi, nə də bir ləhzə gülüş və təbəssüm çıxmadı sizdən. Ancaq qorxmazlıq, sərtlik, bir də istehzalı "Heydər bəy" deməyiniz var idi)
Əlbəttə, Azərbaycanda iqtidarın zülmündən bezən hər bir insan üçün hətta Heydər Əliyevin məşhur gülüşü qarşısında sərt sima ilə dik dayanan, gülüşünə aldanmayan hər bir şəxs bir qəhrəmandır, xalqın lideridir. Amma siz bu liderliyi əldən vermisiz.
Maraqlıdır ki, necə oldu Heydər Əliyevin gülüşlərini öz sərt, sınmaz baxışlarıyla sındıran bir insan bu gün İlham Əliyev qarşısında müəllimin qarşısında əllərini budlarına möhkəm yapışdırıb şux qamətlə dayanan şagirdə çevrildi? Necə oldu ki, ata Əliyevin sındıra bilmədiyi Arifoğlunu oğul Əliyev sındıra bildi? Belə sınan idiniz, elə Heydər Əliyevin önündə, elə oradaca sınardınız. Hər halda İlham Əliyevə baxanda Heydər Əliyevin önündə sınmaq o zaman o qədər də mənfi qarşılanmırdı. 
Amma sizi də qınamıram, deməzdim ki, sizi İlham Əliyev sındıra bildi. Sizi sındıran əslində zahirə baxılarsa müxalifət liderlərinin pərakəndəliyi, bir-biriylə olan didişmələri, sizi "qoz qabığına" salmaları oldu. Siz də "qoz qabığına" girmək əvəzinə İlham Əliyevin gözünə girməyi üstün tutdunuz. 
Əlbəttə, ev vermək məsələsi yenicə ortaya çıxmayıb. ELə bu Heydər Əliyevin siyasətidir. O zamanlar o da yazıçılara, şairlərə ev verirdi. Amma o zamankı yazıçıların bir çoxu elə binayi-qədimdən, lap sovet höküməti zamanından Heydər Əliyevə simpatiyası olanlar idilər. Siz isə...
İndi sizin missiyanız məncə tamam başqadır. Siz artıq bir yazar və yaxud təsisçi funksiyasını yerinə yetirmirsiniz. Sizin bütün fəaliyyətiniz normal dolanışığı olmayan və yazmaq-pozmaq qabiliyyətinə malik olan güclü qələm sahiblərini öz qəzetinizə cəlb edirsiz. Onlara öz qəzetinizdə iş verməyiniz yaxşı haldır, amma səmimi olsa. Amma siz qəzetinizə yazar və işçi adı altında əslində hakimiyyətə məddah toplayırsız. Sonra da ev sahibi olmaları üçün müəyyən insanlarla əlaqəyə girib vasitəçi olursunuz. Nəticədə məsələn Hüseynbala Səlimov kimi oğulları tez bir zamanda özünüzə bənzədirsiniz. 
İşçiləriniz də var qüvvəsi ilə məqalələr yazır, özlərini oda-közə, dağa-daşa vururlar, nə bilim dənizə-çaya atırlar ki, təki camaatda Prezidentdən ev aldıqları üçün işçilərinizə qarşı mənfi fikir formalaşmasın. Biri deyir mən kirayədə qalmalıyam? O biri deyir məgər dövlətdən ev almaq suçmu? Sanki çalşırlar ki, uzun illərdir ev almağa layiq olduqları halda almamalarını dünyaya bəyan etsinlər. Amma bu yerdə soruşmaq gərək, indiyədək sizi unudan insanlar nə tez sizi xatırladı? Özü də elə bir şəkildə xatırladı ki, bu xatırlama ölkədə dərd-sər içində batıb gedən bütün fiziki və mənəvi cəhətdən ölən insanların fəryadını birdfəlik sizə unutdurdu. 
Biz elə bir ölkədə yaşayırıq ki, bu ölkədə illər boyu YAP-ı sevən müğənnilərdən tutmuş aktyorlara qədər hamısının üzünə səhnələr, toylar, efir proqramları, qastrol səfərlər açıq olub. Eyni zamanda müxalifət liderləriylə yaxınlığı ilə seçilen eyni peşə sahibləri səhnədən tutmuş, adicə kafedə oturmaqdan belə məhrum ediliblər. İndi İlham Əliyevin təbəssümü önündə sınan sizlər yəni bundan sonra səmimi olacağınıza, xalqın dərd-sərindən yazacağınıza əminsinizmi? 
Evləri başlarına uçulan yazıq vətəndaşların haqqını, dövlətin, xalqın sərvətini talan edib, bunun qarşılığında susmğınız üçün sizə iki otaqlı mənzil verənlərin evini rahat-rahat qəbul edib oturun. Vay o gündən ki, o evlərin hər bir daşında bir yazıq vətəndaşın naləsi var.

P.S. Siz bu gündən İlham Əliyevin bir təbəssümünə dünyaları verən adam kimi görünürsüz.

  • Yazılıb
  • da (də) 2017 Jul 26
  • Göndərən مدير سايت Aran News