Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin məhkum olunmasına dair Masallı rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli hökmündən müdafiə tərəfi apellyasiya şikayəti verib.
Maide.Az xəbər verir ki, bu barədə Şeyx Sərdar Hacıhəsənlinin vəkili Cavad Cavadov məlumat verib. Vəkilin sözlərinə görə, şikayətdə Sərdar Babayevin əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi tələb edilib. “Eyni zamanda bu həftə məhkəmə iclas protokolu ilə tanış olaraq qeydlər vermək niyyətindəyik. Bu gün Şeyx Sərdarla Bakı İstintaq Təcridxanasında görüşdüm. Ruhiyyəsi yaxşıdır, hamıya salamları vardır.”, -deyə vəkil C.Cavadov bildirib.
Qeyd edək ki, iyul ayının 3-də Masallı Rayon Məhkəməsində Anar Almuradlının sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdara hökm oxunub. Məhkəmnin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayətinə əsasən həbs edilib. O, qanunsuz olaraq “Cümə” namazı qılmaqda ittiham olunur.