Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Turan“ Agentliyinə belə deyib. O, prezidentlərin görüşünün nəticələrindən, regionda təhlükəsizlik məsələlərindən danışıb.Keçmiş nazir hesab edir ki, prezidentlərin görüşündə regionda olan vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi və iki ölkə arasındakı gərginlik əsas müzakirə edilib.
“Gərginliyə təkan verənlərdən biri Sergey Lavrovdur”
“Hər halda qeyri-rəsmi məlumatlar da yayılıb. Orada göstərilib ki, artıq, Moskva tərəfi etiraf edib ki, Azərbaycan-Rusiya əlaqələrinə ziyan gətirən üçüncü qüvvələr var. Bu üçüncü qüvvələrin bir hissəsi Rusiyanın daxilindədir. Bu, müzakirə olunan çox vacib bir məsələ idi. Hər halda mən o adamlardan biriyəm ki, bunu həqiqətəuyğun məlumat kimi qəbul edirəm. Çünki doğrudan da bir neçə ay öncə yaranan gərginlik və onun mənbəyi elə bil Rusiyanın Xarici İşlər Nazirliyinin daxilində cəmləşib. Təhlillər onu göstərir ki, bu gərginliyə təkan verənlərdən biri xarici işlər naziri Sergey Lavrovdur”, - T.Zülfüqarov bildirib.
Keçmiş nazir hesab edir ki, bunun ABŞ və Rusiya prezidentlərinin, eyni zamanda Azərbaycan prezidentinin ABŞ dövlət katibi ilə görüşlərindən sonraya təsadüf etməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda müsbət addımların atılmasına yol aça bilər.
“Çünki həm Amerika nümayəndəsi, həm də Rusiyanın prezidenti ilə müzakirə olunan məsələlər onu göstərir ki, əsas məsələlərdən biri regionda olan vəziyyət, təhlükəsizliyin təmin edilməsi yollarıdır. Biz hamımız başa düşürük ki, Ermənistan-Azərbaycan münaqişəsi stabilliyə və əməkdaşlığa ən böyük maneələrdən biridir. Bu baxımdan hesab edirəm ki, müzakirələr öz faydasını verəcək”./azadliq/