13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan, 10 il azadlıqdan məhrum olunan gənc fəal Bayram Məmmədovun səhhətində problem var.
Bu barədə Meydan TV-yə Bayram Məmmədovun atası Fərman Məmmədov məlumat verib. Bildirib ki, oğlu 3-4 gündür 39 dərəcə hərarətdən əziyyət çəkir. "Özü də zəng etmişdi. Dedi ki, 3 gündür yediklərini qaytarır, iynə vursalar da hərarəti düşmür. Güman ki, güclü hava axını olan yerdə yatır, soyuq dəyib".
Fərman Məmmədov deyir ki, oğlunun yeri hələ dəyişdirilməyib: "Gələn həftə üçün vəd veriblər. Görək necə olacaq”.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Qəbul Şöbəsindən Meydan TV-yə Bayram Məmmədov haqda məlumatları götürüb onun səhhətiylə maraqlanacaqlarını deyiblər.
Bayram Məmmədov digər fəal Qiyas İbrahimlə birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Q.İbrahimdən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdəki gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimin şikayətini icraata götürüb.