Tarix : 2017 Jul 29
Kod 52409

Dövlət ittihamçısı MTN polkovnikinə iş istədi

İyulun 28-də Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun növbəti məhkəmə prosesi keçirilib.
hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı çıxış edərək onun 2 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə beş il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror bildirib ki, o, cəzasını ciddi rejimli müəssisədə çəkməlidir. Bundan əlavə, cəza təyin edilən zaman Əsgərovun azyaşlı uşaqlarının olması, xidmətləri, müsbət xarakterizə edilməsi yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Üzərinə həbs qoyulmuş mülkləri barəsində qanunvericiliyə uyğun qərar verilməlidir.
Daha sonra iclasda zərərçəkmiş Vidadi Əzizovun nümayəndəsi çıxış edib. O bildirib ki, M.Əsgərovla yanaşı dövlətə qarşı da mülki iddia qaldırıblar və həmim iddia təmin edilməlidir. Çünki M.Əsgərov vəzifəsindən istifadə edərək cinayət törədib: "Əgər onun ziyanı ödəməyə imkanı yoxdursa, dövlət ziyanı ödəməlidir. Deyirlər, niyə vaxtında şikayət etməmisiniz? Biz yeganə zərərçəkmişik ki, Eldar Mahmudov vəzifədə olanda şikayət etmişik. İddiamız təmin edilsin".
Növbəti iclas avqustun 4-də keçiriləcək.
İttihama görə, Mirəziz Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb./meydan tv/

  • Yazılıb
  • da (də) 2017 Jul 29
  • Göndərən مدير سايت Aran News