Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində ədalətsiz hakim Zeynal Ağayevin sədrliyi ilə “Nardaran işi-3” üzrə Şiə Ruhanilərindən olan Höccətül İslam Hacı Zülfüqar Mikayılov, Höccətül İslam Hacı Seyyid Elman Ağayev, Höccətül İslam Ramil Seyfullayev, Höccətül İslam Ruzi İsmayılov və Şiə aktivistlərindən olan Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov və Cabir Əliyevin qondarma cinayət işi üzrə sifarişli məhkəmə iclası keçirilib.
abna24.com-Təqsirləndirilən şəxslərdən Höccətül İslam Hacı Seyyid Elman Ağayevin vəkili Akif Əliyev Rakurs.tv-yə bildirdi ki, ekspertiza institutu tərəfindən verilən rəydə qeyd olunur ki, Elman Ağayevin üzərinə baxış keçirilərkən TAB markalı planşet götürülüb, içində də müəyyən məlumatlar olub: "O məlumatlar DVD diskə köçürüldüyü deyilirdi. Biz istintaq zamanı nə qədər elədiksə o DVD diski də görmədik, o materiallar da bizə aşkarlanmadı. Bu gün təkrarən məhkəmədə o məsələni qaldırdıq ki, o dvd-nin içində ümumiyyətlə, nə məlumatlar vardı, Samsung TAB markalı planşet mövcuddurmu. Amma ittiham aktında Elman Ağayevə qarşı sübutlardan biri kimi həmin rəyə istinad olunub. Eyni zamanda müəyyən olunur ki, guya Müsəlman Birliyi Hərəkatının üzvləri ilə telefon danışıqları olub, Tale Bağırovla da bağlı. Cinayət işinin materiallarında bunun çıxarışları yoxdur.
Məlumatımıza görə, CD və DVD-də olan məlumatlar var. Elman Ağayevin istifadəsində olan üç mobil telefon var, hamısı da ora köçürülüb. Biz sadəcə DVD materialda bəzi məqamları görə bildik istintaq zamanı. Yəni 28-i tarixində Elman Ağayevin telefonuna gələn maraqlı məqam olub. Yəni, Elman Ağayev bir din xadiminə cavab olaraq bildirib ki, "Hacı, siz özünüz də bilirsiniz ki, Nardaran hadisələri ilə bizim heç bir əlaqəmiz yoxdur. Güclə bizim boynumuza qoymaq istəyirlər amma bizimlə bir əlaqəsi yoxdur" . Bu çox maraqlı bir mesajdır. Ona görə, bu gün o məsələni qaldırdım ki, həm telefona daxil olmuş zəngləri, yəni madam ki, bu cinayət işinin materiallarında var, bu heç olmasa, çap formasında bizə təqdim olunsun.
Gəncədən olan təqsirləndirilən şəxs Mehman Quliyevlə bağlı vəsatətə, protokola əlavə olunmuş guya əməliyyat vaxtı evində və üzərində axtarış keçirilərkən videoçəkiliş olub protokola əlavə olunmalıdır. Müdafiə tərəfi bu məsələni qaldırdı və müəyyən olundu ki, o videoçəkilişlər yoxa çıxıb. Məhkəmə kollegiyası qeyd elədi ki, ola bilsin o biri cildlərdədir və bununla bağlı məsələləyə 31 iyul saat 10:30-da keçiriləcək olan məhkəmə iclasında aydınlıq gətiriləcək".
Qeyd edək ki, Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.