Mövzu ilə bağlı Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu SalamNews-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.- Qüdsdə nə baş verir?
- Bağışlayan və mehriban Allahın adı ilə! Ümumiyyətlə hal-hazırda müasir dünyada baş verən prosesləri ayrılıqda dəyərləndirmək mümkün olmaz. Ona görə son dövrlərdə dünyada nə baş verdiyinə diqqət etmək lazımdır ki, Qüdsdə baş verənlərin də fərqinə varaq. Son aylarda İraq və Suriya ordusu təkfirçiləri köklü və uğurlu şəkildə məğlubiyyətə uğratdı. Bu, əslində, təkcə İraq və Suriya ordusunun deyil, İslam ümmətinin qələbəsidir. Bu, o anlama gəlir ki, Allahın lütfü ilə, imanlı insanların iradəsi ilə təkfirçiləri yer üzərindən təmizləmək mümkündür. Burada sual ortaya çıxır. Təkfirçilik özü necə yaranıb? Təbii ki, təkfirçiliyin özü sionizmin proyektlərindən biridir. Bu, eyni zamanda sionist İsrail rejimi tam kənarda qalsın deyə, müsəlmanların fikrini başqa bir tərəfə yönəltmək və daxili qarşıdurma yaratmaq üçün bir plandır.
Bu mənada, Qüdsdə baş verənlər sözügedən konteksdə dəyərləndirilməlidir. Qüdsdə olan zülmlər davamlı şəkildə baş verir. Sadəcə bəzən ictimaiyyətə çıxa bilir, bəzən isə yox. Hesab edirəm ki, son hadisələrə – Əqsa məscidi ətrafında baş verənlərə ictimaiyyətin və medianın da diqqətinin yönəlməsi müsəlman dünyasının daxilində hal-hazırda nisbətən qarşıdurmaların azaldılması, bir çox amillərin də üst-üstə düşməsinə səbəb oldu. Əvvəllər bundan da çox cinayətlər baş verib, lakin mediada yetərincə işıqlandırılmadığından kölgə altında qalıb. Hal-hazırkı dövrdə baş verən proseslər keçmişə nəzərən daha sürətli şəkildə mediada yayımlanır. Bu isə İslam dünyasınının güclü şəkildə reaksiya göstərməsinə təsir göstərir. Ona görə də Qüdsdə, Əqsa məscidi ətrafında baş verənlər davamlı olaraq dövlət terroru həyata keçirən bir rejimin gündəlik və yeni bir səhifəsidir. Baş verən proseslər mahiyyətcə nəbz yoxlamaqdır. Nəbz yoxlamadan aydın oldu ki, həm fələstinlilər əvvəlki mövqelərində durublar, həm də İsrail rejimi üçün Fələstin məsələsi prioritetdə ilk sırada duran mövzudur. Ümid edərəm ki, inşəallah, bu məsələdə İslam dünyası fövqəladə bir performans ortaya qoya biləcək.
- Son zamanlar Qüds hadisələrində Türkiyənin reaksiyasını və bu məsələyə İranın daimi münasibətini bilirik, bəs digər müsəlman ölkələrinin vəzifəsi barədə nə deyə bilərsiz?
- Təəssüflər olsun ki, İran və Türkiyə xaric, bu mövzuda aydın və yetərincə mövqe ortaya qoyan yoxdur. Amma buna baxmayaraq, mövcud durumda hamının diqqəti Qüdsə yönəlir. Bu situasiyada Səudiyyə rejiminin mahiyyəti açıq-aydın özünü göstərir. Elə ki, İsrail-sionist rejimi mövzusu gündəmə gəlir, səsi çıxmır, amma öz cılız maraqları gündəmə gəldikdə, fəallıq göstərirlər. Fələstin məsələsi gündəmə gələn vaxtı Səudiyyə rejiminin istər Yəmənə qarşı, istərsə də Qətərə qarşı apardığı özünəməxsus hegomonluq siyasəti ciddi zədə alır.
- Qüds və Qarabağ problemini birləşdirən cəhət hansıdır?
- Qüds və Qarabağı birləşdirən cəhər ondan ibarətdir ki, hər ikisi işğala, təcavüzə məruz qalıb. Bundan əlavə, hər iki məsələ beynəlxalq rəsmi sənədlərdə öz sübutunu tapıb, lakin, təəssüf ki, həyata keçirilməyib. Bir sözlə, Qüds və Qarabağ - fərqli coğrafiyalarda aparılan mahiyyəti eyni olan bir işğaldır. Ona görə də biz həmişə Qüds Gününü elə Qarabağ Günü hesab edirik.
- Problemin həllini nədə görürsünüz?
- Nə vaxta qədər dünya sionist rejiminin verdiyi gündəmlə idarə olunacaq, nə vaxta qədər Tramp tipli fərdlərin administrasiyaları dünyaya insan haqları və demokratiya dərsləri keçəcək, o zamana qədər də mövcud xoşagəlməz situasiya davam edəcək. Əslində, bu, günün lətifəsidir ki, Tramp administrasiyası insan haqları və demokratiyadan danışır. Çıxış yolunu onda görürəm ki, yeni dünya gündəminin düzənlənməsində müsəlman dünyası daha aktiv yol tutmalıdır. İran və Türkiyə birgə hərəkət etməlidir. Bu gün dünya kulturoloji paradiqmalarla mərkəzə doğru gedir. Burada Çin faktoru, Rusiya faktoru, Avropa faktoru var. Hesab edirəm ki, dünyada sionizmin, ABŞ-ın maraqları ilə məhdudlaşan bir düzən olmamalıdır.
Azərbaycana gəldikdə isə, ölkəmiz bu məsələlərdə haqlının tərəfindədir. Bir sözlə, Azərbaycan işğala, təcavüzə məruz qalmış bir ölkə kimi həm məzlumdur, həm də Qüds məsələsində məzlumun yanında yer almalıdır. Düşünürəm ki, getdikcə gələcək perspektivdə bu xətt daha da güclənməlidir. (SalamNews)