Hacı Abgülü xatırlamaq, kanalda ictimailəşdirmək üçün təkcə insanın adının mübariz oması kifayət eləmir
(Baba Pünhanın dostu Mübariz Əsgərova məktub)
Nur-az.com-Əziz Mübariz müəllim, şəxsən hörmət bəslədiyim insanlardansınız. Sizin uzun illərdir aparıcısı olduğunuz "Qulp" verilişinin –indi desəm yalan olar – rəhmətlik hacı Baba Pünhan vaxtındakı bütün buraxılışlarını demək olar ki, izləmişəm. Amma Baba Pünhanı bu yazıda anmağımın səbəbi təkcə onun satiralarına qulaq asmaq üçün verilişinizin izləyicisi olduğumu qeyd etmək deyil. Doğrudur ki, mərhum Baba "Qulp"un "vuran əli" olsa da, siz də düşünən beyni sayılırdınız.
İcazə verin hər verilişində "qulp qoyan" Mübariz müəllimə bu yazımıda mən də "qulp" qoyum.
Dövlət başçısının ev verdiyi jurnalistlərdən biri sizsiniz. Bundan ötrü çox sevinclisiniz və hətta sevincinizi dostlarla paylaşmaqdan ötrü qəzetə məqalə də yazıb göndərmisiz. Oğlunuz da dövlət qulluqçusudur. Allah qorusun. Onu da, dövlətimizi də. Ev almağınıza da sevindim. Xeyirli olsun, necə deyərlər bütün xoş dualarım sizinlədir. Ev almağınıza görə sizi tənqid etmək fikrim yoxdur, əksinə sevindim. Lap istəsəniz gəlib "nəzər duası" da yazıb asa bilərəm evinizdən.
Amma məqalənizdə milli və dini qəhrəmanımız, şəhidimiz Mübariz İbrahimovu yad etmisiniz. Təəssüf ki, digər mübariz və elə milli və dini qəhrəman adına layiq olan Hacı Abgülü yaddan çıxartmısınız.
Yazmısız ki, Ramil Səfərov qürbətdə həbsdə olarkən tez-tez "hay ver mənə cənab leytenant" mahnısını efirə vermisiz. Heyif ki, bir dəfə də olsun Hacı Abgülü haylamamısız. Amma deyim sizə nə üçün hacı Abgül yad edilməyi haqq edir.
Yəqin ki, gizir Mübariz İbrahimovun dəfnini qaçırmamısız. Çünki məqalənizdə bu haqda da yazmısız. Adətən dövlət himni səslənəndə vəzifəsindən asılı olmayaraq hər kəs ayaq üstə - ya əli yanında, ya da əli sinəsində səsləndirir himni. Amma gizir Mübarizin dəfnində dövlət himni "Allahu Əkbər" sədalarına qarışmışdı. "Allahu Əkbər" sədaları dövlət himninin bəzəyinə çevrilmişdi. Bir yandan dövlət orkest xidməti, digər yandan möminlərin xidməti, daha dəqiq desək hacı Abgülün xidməti.
Yəqin ki, rəhmətlik gizirimizin atasının dediklərini eşitmisiz. Şəhid erməni tərəfə keçəndə bir müddət əvvəl kimsə ondan xəbər tutmayıb, amma xəbər tutandan əvvəl də, sonra da sapı özümüzdən olan qapı kandarına qoyulan "şəlpələr" ("balta" yazsaydım bir az zəhmli çıxardı, elə şəlpə yaxşıdır) zəng vurub şəhid atasını hədələyiblər. Əlbəttə, mərhum gizir qayıtsaydı ya vətən xayini adlandırılacaqdı, ya da cani elan ediləcəkdi kimi söz-söhbətlərə bu yazıda yer vermək istəmirəm. Elə mübarək nəşi ilə də bu cür rəftar edilə bilərdi. Amma o anlarda dindarların Hacı Abgülün başçılığı ilə araya girməsi və şəhidimizi müdafiyə etməsi səbəb oldu ki, hökümət də şəhidimizə hüquqi qiymət verdi. Axı, siz özünüz yazınızda Ramil Səfərovdan stat gətirib deyirsiz ki, dövlət başçısı əzmkarlıq göstərib Ramil Səfərovu azad etdi. Bəs nə üçün bu sözləri, bu qəhrəmanlığı haqq etdiyi halda Hacı Abgülün adını çəkmirsiz. Biz sizi səmimi, haqqı deyən bir mübariz insan kimi tanımışıq.
Mən tam əminliklə deyə bilərəm ki, hökümət dindarların şəhidimizlə haqq etdiyi kimi rəftar etməsinin nəticəsində şəhidimizə olan hörmət-izzətin artmasından narahat oldu və qəhrəman olacaqsa qoy elə bizim qəhrəmanımız olsun deyib şəhidi dindarların "əlindən" aldı. Amma bu işdə əsas qəhrəman Hacı Abgüldür. Bunu şəhidin atasının dilindən də eşidə bilərsiz. (Lütfən internetdə bu barədə axtarış aparın!)
Mübariz müəllim, başa düşürəm, Hacı Abgülü xatırlamaq, kanalda ictimailəşdirmək üçün təkcə insanın adının mübariz oması kifayət eləmir. Maksimum həddə ya gərək həm adın, həm də özün mübariz olasan – məsələn Mübariz İbrahimov kimi, ya da gərək adın mübariz olmasa da özün mübariz olasan – Hacı Abgül kimi.
Bunları siz bizdən qabaq bilməli və siz bizə, cəmiyyətə, dövlətlə dindarları üz-üzə qoyan qüvvələrə xatırlatmalı idiniz. Çünki bunları illər əvvəl hələ ruhanilər həbs edilməzdən qabaq mərhum Babamız Hacı Pünhan məhz sizin efirinizdə demişdi. Xatırlayaq;
Elə ki, xatirə düşdü səni dustaq eləmək,
Maşının bir də görərsən ki, yaraqnan doludur.
Hələ bu beyti xatırlayın:
Ey erməni, bir damcı əgər qeyrətə gəlsək,
Mütləq qoyarıq şəhri-İrəvanuva bir qoz.
Şəhid gizirimiz şəhri-İrəvana bütövlükdə olmasa da, erməni ordusuna bütövlükdə xof saldı, dağ çəkdi. Azərbaycanda necə oğulların yetişdiyini bütün dünya gördü. Hətta, postu darmadağın edən şəhidimizin qorxusundan öləndən sonra əllərini də bağlamışdılar. Yəni ölüsündən də qorxmuşdular. Həmin işi görməyi qardaşı müharibə şəhidi olan Hacı Abgül də açıq-aşkar təklif etmişdi – silah verin gedib düşmənlərlə vuruşaq - deməsiylə. Bu isə deyəsən hər iki tərəfin – ermənilərin və yerli hökümətin canına vəlvələ salmışdı.
Bəli, zarafat deyil, kimləri gördük şəxsən Heydər və İlham Əliyevlərin əleyhinə danışırdı, tezliklə fikirlərindən döndülər. Amma Hacı Abgüllər sonadək mübarizə aparıb "şir" adını aldılar. İnanın ki, Hacı Abgüllər "silah verin Qarabağda vuruşaq" deyirlərsə düz deyirlər.
Mübariz müəllim, siz ev almısınız, şəhid Mübariz İbrahimovun hazırkı evi bir-iki metr qəbirdir, mübariz ruhani Hacı Abgül isə öz şəxsi mənzilindən də məhrum edilib. Onun bu saat evi məhbəsdir. Bunu ona görə yazdım ki, bilinsin ki, bir yox e lap beş dənə ev də alsanız, sizə ev verənlərin əlli yerdə malikanəsi də olsa haqq əhli müvəqqəti olaraq zindan adlı evdə yaşasalar da hər birimizin sonu bu gün şəhid Mübarizin yatdığı qara torpaqdır. Amma şəhid Mübariz kimi yatmaq tamam başqadır.
Mübariz müəlllim, sizdən acizanə bir xahiş. Gizir Mübarizi anarkən Hacı Abgülü unutmayın. Çünki Hacı Abgüllər xeyli sayda gizir Mübariz kimi oğullar yetişdirə bilərlər. Hacı Abgül də şəhiddir, amma qəbrdəki yox, məhbəsdəki şəhiddir. Onun qələminin mürəkkəbi Mübariz İbrahimovun qanından da üstündür. (Peyğəmbər (s) hədisi belə buyurur)
Mübariz müəlllim, çox başağrısı verməyim sizə. Siz demişkən bu da son, gəlib çıxdıq axıra, təki axıra çıxan biz olaq, bizim axırımıza çıxmasınlar.