Tarix : 2017 Aug 01
Kod 52444

''Müşahidə kameraları işləməyib''

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Azərbaycanla sərhəd olan Laqodexi sərhəd keçid məntəqəsinin 61 işçisi mayın 29-da Tbilisidə yoxa çıxan, iki gün sonra Bakıda həbs olunan azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı sorğu-sual olunub.
Daxili işlər naziri Giorgi Mqebrişvili iyulun 20-də keçirdiyi mətbuat konfransında deyib ki, müstəntiqlər 46 müşahidə kamerasından götürülən çəkilişlərə baxıblar. Amma nazir Laqodexi sərhəd buraxılış məntəqəsindəki müşahidə kameralarındakı çəkilişlərlə bağlı heç nə danışmayıb.
Gürcüstan sərhədində girişdə aydın şəkildə görünən 10-dək müşahidə kamerası var. Nazirlik “ifact.ge”nin Əfqan Muxtarlının ən son görüldüyü Tbilisinin Barataşvili küçəsindən sərhədə doğru Kaxetiya magistralı boyunca, sərhəd buraxılış məntəqəsi də daxil olmaqla, bu istiqamətdə olan müşahidə kameralarına düşən çəkilişlərlə bağlı sorğusuna cavabında bildirib ki, qurumun nəzdində olan Müştərək Əməliyyatlar Mərkəzinin bazasında kameraların işlədiyinə və çəkiliş apardığına dair məlumat yoxdur.
Müştərək Əməliyyatlar Mərkəzinin əsası 2016-cı ildə qoyulub. Nazirliyin saytında yerləşdirilən məlumatlarda deyilir ki, Mərkəzin yaradılmasında məqsəd:

1. 24 saat davamlı videoçəkiliş sisteminin tətbiqi və idarə olunması
2. Məlumat bazasının inkişaf etdirilməsi və qorunub saxlanması 
3. Məlumat bazasından qısa müddətdə məlumatların əldə olunması 
4. Yeni texnologiyanın təqdim olunması və inkişaf etdirilməsi

Nazir bildirib ki, çəkilişlərdə Əfqanı ancaq qısa müddətdə Barataşvili küçəsində görmək mümkün olub.
İyulun 20-də Gürcüstan Prokurorluğu araşdırmanı öz üzərinə götürüb. Muxtarlı hələ də həbs altındadır və Azərbaycan tərəf Gürcüstan Prokurorluğunun Əfqan Muxtarlının ifadəsinin alınması ilə bağlı müraciətinə cavab verməyib./ifact.ge/




  • Yazılıb
  • da (də) 2017 Aug 01
  • Göndərən مدير سايت Aran News