Tarix : 2017 Aug 02
Kod 52461

Amerika - Rusiya münasibətləri kritik həddə

Elçin Mirzəbəyli: “Prosesin tez bir zamanda səngiyəcəyini düşünmürəm”
Rusiya-Amerika münasibətlərindəki gərginlik durmadan artır. ABŞ tərəfindən Kremlə qarşı sanksiyalar bir-birinin ardınca gəlməkdədir. Dünən belə xəbər yayıldı ki, artıq Ağ Evin sahibi Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üzrə sənədi imzalayıb.

“ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasına dair qanun imzalayıb, onların ləğv edilməsi üçün Moskvanın öz öhdəliklərini yerinə yetirməsi tələb olunacaq”.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

“Prezident Donald Tramp Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi üzrə sənədi imzalayıb. Biz onların ləğv edilməsini istəyirik, amma bu, yalnız Rusiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə baş verə bilər. Rusiyanın son diplomatik addımları, təəssüf ki, bunun tam əksini göstərir”, - vitse-prezident Tiflisdə jurnalistlərə deyib.

Günün sonunda isə bu xəbər təsdiqini tapmadı. Belə ki, axşam saatlarında Rusiyanın “İnterfaks” agentliyi ABŞ prezidenti Donald Tramp tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların təsdiq edilməsi ilə bağlı xəbərini ləğv edib.

Virtualaz.org bildirir ki, daha öncə agentlik ABŞ vitse-prezidenti Mayk Pensə istinadla bildirmişdi ki, Tramp artıq sanksiyaları təsdiqləyib.

“Prezident Tramp çox tezliklə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə qanun layihəsini imzalayacaq”, - agentlik Pensin sözlərindən sitat gətirir.

Qeyd olunur ki, xəbərin təhrif olunmuş formada verilməsinə səbəb ingilis dilindən gürcü dilinə sinxron tərcümənin yanlışlığı olub.

Hər bir halda, görünən budur ki, iki supergüc arasında vəziyyət kiritik həddə çatmaqdadır.

Ekspertlər vəziyyətin heç də Rusiya üçün ürəkaçan olmadığını və bu şəkildə proseslərin davamının Kreml üçün yaxın gələcəkdə ciddi təhlükələr yaradacağını bildirirlər. Şimal qonşumuzun göstərdiyi son üç ildəki dirənişin artıq sona çatdığı proqnozlaşdırılır. Rus xalqının tezliklə mövcud durumla bağlı Vladimir Putin hakimiyyətinə qarşı etiraza qalxacağı barədə fikirlərə tez-tez rast gəlirik.

Картинки по запросу Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli Rusiya-ABŞ qarşıdurmasının tezliklə səngiyəcəyini düşünmür: “Əvvəla, onu deyim ki, tez-tez dilə gətirilən Trampın qələbəsində Rusiyanın böyük payının olduğu barədə fikirlərlə razılaşmıram. Ola bilsin ki, buna müəyyən cəhdlər olub və indi bu cəhdlər Trampın əlehdarları tərəfindən ona qarşı istifadə edilir. Trampın Rusiya ilə münasibətləri barədə məlumatlar ABŞ prezidentinə simpatiya bəsləməyən KİV-lər tərəfindən körüklənir və bu da öz növbəsində Trampın reytinqinin aşağı düşməsinə səbəb olur. Bunun qarşılığında isə ABŞ prezidenti və onun komandası Rusiya əleyhinə ritorikanı və sanksiyaları kəskinləşdirir. Bu baxımdan, Rusiyaya qarşı sanksiyaların sərtləşməsinə həm də ABŞ daxilindəki siyasi rəqabətin elementlərindən biri kimi yanaşmaq lazım gəldiyini düşünürəm. ABŞ-da və dünyada Rusiyaya qarşı köklənmiş dairələr də bu məqamı yaxşıca dəyərləndirirlər və Trampı daim təzyiq altında saxlamağa çalışırlar. ABŞ-Rusiya qarşıdurmasının perspektivinə gəldikdə isə bu prosesin tez bir zamanda səngiyəcəyini düşünmürəm. Rusiya Putin hakimiyyətə gəldikdən sonra ABŞ-ın təhrif olunmuş surətinə çevrilməyə başlayıb. Son 15 ildə çəkilən Rusiya filmlərinə diqqət etsəniz bütün rus filmlərinin Hollivud filmlərinin ucuz surəti olduğunu görə bilərsiniz. ABŞ-ın ”super amerikalı", “supergüc” film texnologiyaları ən son detallarına kimi rus filmlərində təkrar olunur. Bəzən ssenarilər belə bütün detallarına kimi eynilik təşkil edir. Rus geosiyasəti də ABŞ-ın, bütövlükdə qərb sivilizasiyasının uğursuz təkrarıdır. Rusiya Monro doktrinasının, Spikmen, Mexen və Bzejinskinin geosiyasi nəzəriyyələrinin qarşısına Duqin, Baranov kimi avantüristlərin çağdaş dünyanın reallıqları ilə uzlaşmayan nağıllarını çıxarır. Rusiya Pyotrdan başlayaraq Qərb sivilizasiyasının surətini çıxarır, nəticə isə göz qabağındadır".

Politoloq Rusiya ətrafındakı həlqənin getdikcə daralacağını da qeyd etdi: “Sanksiyalar kəskinləşdikcə və onların Rusiyaya qarşı təsiri artıqca Moskva özünün nüfuz məkanı hesab etdiyi ərazilərin resursları hesabına ayaqda qalmağa çalışacaq. Lakin bunun da uzun müddət davam edəcəyi inandırıcı deyil. Qərb Rusiya ilə kökə vasitəsilə danışmağa cəhd göstərdi, Kreml əzələlərini möhkəmləndirdi və ətrafını əzməyə başladı. İndi zopa vasitəsilə danışmağa çalışır. Rusiya isə eyni davranışları sərgiləyir. Bu isə sübuta yetirir ki, Rusiya ilə hansı dildə danışırsansa danış, o, yenə rus dilində danışacaq. Buna görə də təzyiqlərin getdikcə artacağını və Rusiya ətrafındakı həlqənin daha da daralacağını düşünürəm. ABŞ-Rusiya qarşıdurması dünyaya uzunmüddətli gərginlikdən başqa heç nə vəd etmir. Lakin bu proses artıq qarşısıalınmaz məcraya daxil olub. SSRİ süquta uğradığı zaman Qərb Rusiyanı qorumağa çalışdı. Çünki Rusiyanın parçalanması həmin dövrdə həlli mümkün olmayan problemlərə yol aça bilərdi. Parçalanmış SSRİ-nin yerində 15 yeni dövlət yaranmışdı. Bura Şərqi Avropadakı sosialist məkanına daxil olan dövlətləri də daxil etsək, prosesin ağırlığını müəyyənləşdirə bilərik. Şərqi Avropadakı dövlətlə hələ tam şəkildə Avropanın hüquqi dəyərlər sisteminə daxil ola bilməyiblər, post SSRİ məkanındakı vəziyyət də göz qabağındadır. Təsəvvür edin, eyni vəziyyət çoxsaylı federal təsisatlardan ibarət Rusiyada baş versəydi, Avropa hansı təhlükələrlə qarşılaşardı. İndi isə vəziyyət qismən də olsa dəyişib. Postsovet məkanındakı ölkələrin əhəmiyyətli hissəsi ayaq üstə dayana, müqavimət göstərə bilirlər. Bu səbəbdən də postsovet məkanında yeni mərhələ başlayıb. Rusiya postsovet respublikalarını öz müdafiə xəttinə, Qərb isə bufer zonasına çevirməyə çalışır”.

Cavanşir ABBASLI


  • Yazılıb
  • da (də) 2017 Aug 02
  • Göndərən مدير سايت Aran News