Avqustun 4-də Göyçay rayonu Şəkər kənd sakini, 1998-ci il təvəllüdlü əsgər Vahid Vüqar oğlu Musayev həlak olub. Hadisə Tovuz rayonunun Əlibəyli kəndindəki N saylı hərbi hissədə baş verib.
Bu barədə Meydan TV-yə əsgərin yaxınları məlumat verib. İlkin məlumata görə, o, əsgər yoldaşının açdığı atəş nəticəsində ölüb: 'Vahid Musayevin təxris olmasına 7 ay qalmışdı''.Göyçay rayonu Şəkər kənd bələdiyyəsinin sədri Qurban İbrahimov Meydan TV-yə faktı təsdiqləyib. Bildirib ki, Vahid Musayevin cənazəsi hələ kəndə gətirilməyib:
''Onun şəhid olması ilə bağlı ailəsinə məlumat verilib. Hələ cənazə gətirilməyib. Onun hansı şəraitdə həlak olması barədə də məlumatımız yoxdur''.
2017-ci ilin ilk 6 ayında Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 35 hərbi qulluqçu ölüb. Onlardan 16 nəfəri döyüş, 22 nəfəri isə qeyri-döyüş itkisidir.
Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun açıqladığı məlumatda deyilir.
Qurumun yaydığı məlumatda bildirilir ki, Silahlı Qüvvələrin 16 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub.