Azadliq.org-Jurnalist Sumqayıt şəhər Polis İdarəsində ona işgəncə verildiyini iddia edir. Ancaq əvvəlcə prokurorluq, ardınca isə Sumqayıt şəhər Məhkəməsi bu iddiaları rədd edib.Sumqayıt Apellyasiya Məhkəməsi şəhər məhkəməsinin qərarından verilmiş şikayətə baxır.
Avqustun 4-də keçirilən prosesdə jurnalistin vəkili Elçin Sadıqov çıxış edib. O, prosesdə baş verənlərlə bağlı AzadlıqRadiosu-na da məlumat verib.
Vəkil deməsinə görə, şəhər məhkəməsinin qərarının qanunsuz olduğunu bildirib. Deyib ki, şəhər məhkəməsi müraciətlərinə onlara xəbər vermədən baxıb.
“Sumqayıt şəhər Məhkəməsinin hakimi İlqar Məmmədov bizə xəbər verməmişdi. Faktiki gizli məhkəmə iclası keçirməklə şikayətimizi təmin etməmişdi”, – deyə vəkil prosesdəki çıxışından sitat gətirib.
O, məhkəmə qarşısında bir neçə vəsatət qaldırdığını da söyləyib. Vəsatətlər deməsinə görə, işgəncənin baş verib-verməməsini aydınlaşdırmaqdan ötrü gərəkli xüsusatların müəyyən edilməsi məqsədi ilə verilib.
Ancaq hakim Fərmayıl Zeynallı vəsatətlərin birini təmin edib. Təmin olunan vəsatətə əsasən, Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Hikmət Qasımov və idarənin Kənan adlı əməkdaşı məhkəmədə ifadə verməlidir.
Məhkəmə baxışı avqustun 9-na təxirə salınıb.
Xatırlatma
Realliq.az saytının redaktoru İkram Rəhimov 2016-cı ildə Sumqayıtdakı «Ucuz market» ticarət mərkəzinin rəhbərinin xüsusi ittiham qaydasında şikayəti əsasında həbs olunmuşdu. İ.Rəhimov saytda R.Novruzov soyadlı bir şikayətçinin məktubunu dərc edib. Məktubda iddia olunub ki, həmin ticarət rəhbəri şəhərin icra hakimiyyəti başçısına rüşvət verib.
Sumqayıt Şəhər Məhkəməsi ötən ilin noyabrında həm jurnalisti, həm də ona şikayət məktubu yazan Rəhman Novruzovu Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə günahkar bilərək, bir il azadlıqdan məhrum edib.
Jurnalist mühakimə edildikdən sonra vəkili vasitəsilə, hələ polisdə saxlanarkən ona işgəncə verildiyini açıqlamışdı.
Daxili İşlər Nazirliyi, eləcə də, Sumqayıt şəhər İcra Hakimiyyəti jurnalistin bu fikirlərini təkzib etmişdi.
Ancaq jurnalistin vəkilləri işgəncə iddialarının araşdırılmasından ötrü ayrıca hüquq mühafizə qurumlarına müraciət ediblər.
Sumqayıt Apellyasiya Məhkəməsi martın 1-də böhtanda təqsirləndirilərək həbs edilmiş jurnalisti və mediaya müraciət yazmış vətəndaş Rəhman Novruzovu məhkəmə zalından azadlığa buraxıb.