Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda insan haqlarının durumunu müzakirə edəcək.
Azadliq.org-Bu haqda qurumun saytı xəbər verir.Xəbərdə bildirilir ki, Azərbaycanda demokratik institutların fəaliyyəti və insan haqlarının vəziyyəti AŞPA komitələrində müzakirə olunacaq.
Müzakirələr sentyabrın 5-də AŞPA-nın Hüquqi məsələlər və insan haqları Komitəsinin iclasında baş tutmalıdır. İclasda Belçikadan olan deputat Alain Desterxhe-nin hazırladığı hesabat təqdim olunacaq. Hesabat Azərbaycanda insan haqlarının vəziyyətinə həsr olunub.
AŞPA-nın Monitorinq Komitəsinin iclasında da Azərbaycanla bağlı müzakirələr gözlənilir. Həmin iclas isə sentyabrın 7-də baş tutmamalıdır. İclasın gündəliyinə görə, həmin toplantıda AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Stefan Schennach (Avstriya) və Cezar Preda-nın (Rumıniya) Azərbaycanda demokratik institutların durumu ilə bağlı hesabat layihəsi açıqlanmalıdır.
Müzakirələrdən öncə AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərinin Azərbaycana səfəri gözlənilir.
Həmməruzəçilərdən Stefan Schennach bir həftə əvvəl qarşıdakı bir ay ərzində Azərbaycana səfər edəcəklərini, ölkə rəhbərliyi, vətəndaş cəmiyyəti fəalları ilə görüşlər keçirəcəklərini açıqlayıb.
Xatırlatma
Sonuncu dəfə həmməruzəçilər bu il iyunun 12-dən 14-ə kimi Azərbaycanda səfərdə olublar. Səfər zamanı onlar vətəndaş cəmiyyətinin nümayəndələri, vəkillər, parlamentdən kənar müxalifət partiyalarının nümayəndələri və rəsmilərlə bir araya gəliblər.
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan insan haqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və daha bir çox məsələlərlə bağlı üzərinə öhdəlik götürüb. Azərbaycan, hələ də qurumun monitorinqi altındadır.