Musavat.com-Əldə olan bunlardır:1. Paytaxtın ən gur, intensiv nəqliyyat axışı olan prospektində iki bahalı avtomobil ötüşmə yaraşı təşkil ediblər və biri qəzaya uğrayıb.
2. Qəzada iki nəfər ölüb, ən azı iki nəfər yaralanıb. Yaralının birinin gizlədilməsinə dair çoxlu şahid ifadələri var.
3. Nə qədər ört-basdır edilsə də, qəza zamanı yanıb sıradan çıxan bahalı avtomobilin baş nazirin müavini, Qaçqınların və Məcbri Köçkünləri işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsinə məxsus olduğu danılmır.
4. Hadisə ətrafında böyük ictimai ajiotaj yaranıb.
5. Qəzanın ictimai rezonansını azaltmaq, həqiqəti gizlətmək, bir neçə nəfəri məsuliyyətdən yayındırmaq cəhdləri göz önündədir.
Bunlar məsələnin hər kəsin gözü önündə olan, hamının bildiyi detallarıdır.
Ortada adı intensiv çəkilən bir nəfər gənc də var – Nail Allahverdiyev. O, Əli Həsənovun qız nəvəsidir, başqa bir vəzifəli şəxsin də kürəkənidir.
Bu gəncin adı srağagünə kimi ictimaiyyətə bəlli deyildi. Onu yalnız öz dostlar dairəsində, “bahalı maşınlardan ibarət qarajı olan övladlar” kastasında tanıyırdılar.
Nail Allahverdiyev həmin qəzaya ortabab avtomobildə düşsəydi, hadisə yerinə gələn polislər və hal şahidləri onun adını eşidəndə şəxsini tanımazdılar.
Ancaq “Galendevagen”lə qəzaya düşəndə hər kəs zərərçəkənin sıradan biri olmadığını dərhal anlayır, çünki 200 min dollarlıq avtomobilə sahib olmaq üçün milyonçu olmaq şərtdir.
N.Allahverdiyevə dair sirrin ortaya çıxması bu səbəbdəndir. Bir də onu aradan çıxarmaq istəyən dostları qəza gecəsi çox canfəşanlıq göstəriblər, hadisə şahidlərindən kobud şəkildə tələb ediblər ki, qəza yerindən rədd olsunlar, çəkilişi dayandırsanlar.
İndi Milli Məclisin deputatı deyir ki, nəvənin əməlinə görə baba məsuliyyət daşımır. Qızıl kimi sözlərdir.
Sadəcə, bir qədər dərinə getmək və öyrənmək lazımdır ki, qəza törədən sürücünün öz atası kimdir və öz övladına 200 min dollarlıq avtomobil almağa imkanı olan milyonçudurmu.
Belə məlum olur ki, N.Allahverdiyevin atası nə böyük vəzifə, nə də geniş maddi imkanlar sahibidir, tanınmış adam da deyil. Demək, o, öz övladına 1 milyonluq maşın qarajı hədiyyə edə bilməzdi.
Ortada qalır yüksək dövlət vəzifəsi tutan baba. Demək, sevimli nəvəsinin biznes strukturunda fəaliyyəti, gənc yaşda böyük varidata sahib olmasının təminatçısı odur. Təminatçıdırsa, məsuiyyət də daşımalıdır.
Heydər Əliyev prospektində ötüşmə vaqiəsinə gəlincə, bu kimi hallar az qala hər gün baş verir. Sadəcə, biz bu “yarışma”larn ağır qəza ilə bitənlərindən xəbər tuturuq. Bundan əvvəl Xalid Mədətov adlı bir məmur oğlu da “Gelandevagen”də ağır qəza törətmiş, 3 nəfərin ölümünə bais olmuşdu.
Bahalı maşınlarda tez-tez ölümlü qəzaların törədilməsi heç də avtomobillərin texniki təhlükəsizlik tələblərinə cavab verməməsinə görə deyil, sürücülərin özlərini qırıcı təyyarə pilotu zənn etmələri üzündəndir. Onların özləri barədəki bu təəssüratı özünü doğruldur: qıra-qıra gedirlər, hərəsi bir qırıcıdır.
Ötüşmək onlar üçün hobbidir, hamısı özünün sahib olduğu superkarın daha üstün olduğunu sübut etməyə çalışır. Başqa əyləncə yoxdur, maraq dairələri bundan ibarətdir. Ancaq onların bu hobbisi artıq harınlığın, qudurğanlığın pik nöqtəsinə gəlib çıxıb və dövlətə, onun əsaslarına meydan oxuyur.
Heç bir zəhmətə qatlaşmadan quduz pullara sahib olmuş, özlərini ərəb şeyxlərinin övladlarından da imkanlı, güclü sayan bu vələdlər tam cəzasızlıq mühitində olduqlarını fərq ediblər və elə sanırlar ki, artıq önlərində heç bir sədd yoxdur, sonsuza qədər də belə olacaq.
Ancaq onların törətdiyi bu kimi cinayətlərin cəzası verilmədikcə dövlət etibardan düşür. Məmura bir şillə vurub qaçanı Kamçatkada tutub gətirən dövlət Əliyev prospektində qətl törədənləri cəzalandıra bilmirsə, daha necə qanunun aliliyindən, dövlətçilik iradəsindən danışmaq olar?
Harın vələdlər cilovlanmalıdır və qanunların üstündən endirilərək, qanun-qaydaların çərçivəsinə salınmalıdır. Hər bu cür hadisə ictimai narazılığı tətikləyir, körükləyir və cəmiyyətdə süni kastalaşmaya nifrəti artırır.
Kimsə də əbəs yerə əlində partladıcı maddə açılmış, əlini yandırmış adamları müdafiə etməsin. Özünü yandıranlar getməlidir ki, başqaları da onlara baxıb odla oynamasnlar.
Xalid KAZIMLI