Artıq qudurğan məmur balaları qudurğan məmur nəvələrinin yanında "toya getməli" olub
Nur-az.com:Baş nazirin müavini Əli Həsənov illər əvvəl müsahibə verəndə - mənim də oğlum var, tanımırsız ki? Hər məmur zəhmət çəkib övladına yiyə dursun – kimi bəyanatlar vermişdi. Avqustun üçündə isə nəzərdə tutduğu yiyəsiz məmur övladlarının siyahisinə bir qudurğan da əlavə edildi. Tarixin ironiyasına bax ki, həmin qudurğan elə Əli Həsənovun nəvəsi imiş. Bununla da xalqın leksikonuna analoqu olmayan başqa bir cümlə də əlavə edildi: Qudurğan məmur nəvələri.
Bəli, artıq qudurğan məmur balaları qudurğan məmur nəvələrinin yanında "toya getməli" olub, öz qudurğanlıqlarını məmur nəvələrinə təhvil veriblər. Prezident qudurğan məmur balalarını yığışdırıb qurtarmamış qudurğan məmur nəvələri də meydana çıxdı.
Nəvə demişkən, bir vaxt sosial şəbəkələrdə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin sovetdən miras qalan qoca qurd məmurları işdən çıxarıb yerinə cavan məmurları təyin etməsini mədh edirmiş kimi bəzi fotolar düzəldib Saakaşvilini təqdir, bizi isə tənqid edirdilər. Bu fotoların birində Saakaşvilinin gənc nazirlərindən (təqribən 30-35 arası) birinin fotosu ilə bizim baş nazir Artur müəllimin fotosunu yanyana paylaşıb bildirmişdilər ki, Gürcüstanda gənc kadrlar iş başına gəlir, Artur müəllimin yaşında isə meşədə ağac qalmayıb.
Bəli, acı həqiqətdir. Təsəvvür edin 21 yaşlı qudurğan vətəndaş məmurun oğlu yox nəvəsi imiş. Maşınının qiyməti isə milyonlarla ölçülür. Maraqlıdır ki, "nikolaydanqalma" Əli Həsənov (elə onun müdiri olan baş nazir də Nikolayın vaxtından qalıb, bəlkə ondan da qədimdir) "Qaçqınkom"un sədridir. Elə o zamanlar işğal olunmuş rayonlardan qaçıb Bakıda yerləşən yazıq körpə qaçqın və məcburi köçkünlər indi Əli Həsənovun nəvəsindən də yaşda böyükdür. Bu iki hadisə arasında sanki gizli bir harmoniya mövcuddur. Qaçqınların qaçqınlığı da, rayonlarımızın işğalı da qocalır, bu insanların dərdləriylə "maraqlanan" (!?) Əli Həsənov da. Nəticə bundan ibarətdir ki, bəzi dairələr nə Qarabağı almaqda maraqlı deyil, nə də ölkə daxilində müasir dünya görüşünə sahib olan kadrların iş başına gəlməsində. Geridüşüncəli insanlar uzun illərdir eyni postu işğal edib qarğalarla yarışa çıxıblar.
İndi qaçqın və məcburi köçkünlər tam haqlıdırlar ki, etiraz edib Əli Həsənovun istefaya göndərilməsini tələb etsinlər. Adamın nəvəsi kef eləməlidir, camaatın ölümünə bais olmalıdır, bu tərəfdən dəbabası qaçqın və məcburi köçkünlərə yalandan vədlər verməlidir. Nə gözəl dünyadır?
Bəlkə də elə bu səbəbdən İlham Əliyev artıq Əli Həsənovun qələmini qırar.
Anadolu türklərinin bu yerdə yaxşı bir sözü var. Deyir böyük loxma ye, amma böyük danışma. Əli müəllim təbii ki, böyük loxma yeyən adamlardan sayılır. Kişinin tutduğu postunu, imkanatını, hələ nəvəsinin sürdüyü baha biçilən maşınını nəzərə alsaq bu cür deyə bilərik. Amma gərək böyük-böyük danışmayaydı. Oğlunu tərifləsə də qız nəvəsi onu peşman elədi. Fərq eləmir, əsas odur ki, sən də qudurğan məmur övladlarının yiyələrinin sıralarına qatıldın.
Düzdür, Əli Həsənov heç də oğlu qudurğanlıq eləmiş hərbçi general kimi kiçik loxma deyil, amma mən inanıram ki, cənab prezident istəsə Əli Həsənovu da – böyük loxma olmasına baxmayaraq – "uda" bilər. Bunu zaman göstərər.