Meydan tv-“Qubada fəaliyyət göstərən mərkəzlərimiz fəaliyyətini avqustun 1-dən dayandırıb. Təşkilatın Bakı ofisi isə qarşıdakı 2 ay ərzində fəaliyyətini könüllü davam etdirəcək və məhdud miqyasda hüquqi yardım göstərəcək”, - deyə məlumatda qeyd edilir.Təşkilatın Bakı ofisi və iki regional mərkəzi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində xidmət göstərirdi. “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsinin müddətinin uzadılması ilə bağlı bu il fevralın 17-də Ədliyyə Nazirliyinə müraciət edib. Ancaq qeydiyyatı ilə bağlı bildiriş (və ya imtina) verilməyib. Buna görə təşkilatın Bakıdakı və regionlardakı mərkəzlərinin fəaliyyətinin layihə çərçivəsində maliyyələşməsi mümkün olmayıb:
“Regional mərkəzlərimiz tərəfindən korrupsiya halları, məmur özbaşınalığı və digər hüquq pozmalarla əlaqədar vətəndaşlara pulsuz hüquqi yardım göstərilib. 2012-ci ilin sentyabrından 2017-ci ilin avqustunadək mərkəzlərimizin pulsuz hüquqi xidmətlərindən faydalanan vətəndaşların sayı 8080 nəfər olub. “Şəffaflıq Azərbaycan” təşkilatının regional ofisləri regionlarda bürokratizm, korrupsiya problemlərinin dinamikasının anlaşılması və bu problemlərin aradan qaldırılması üçün hökumətə təkliflərin hazırlanıb təqdim edilməsi baxımından əhəmiyyətli rol oynayıb. Regional mərkəzlərin fəaliyyətinin dayandırılması hökumətin anti-korrupsiya siyasətinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun daha da zəifləməsinə gətirib çıxaracaq”, - deyə təşkilatın açıqlamasında bildirilir.
Məlumatın sonunda təşkilatın narahatçılığı ifadə olunub: “Xarici qrantların qeydə alınması prosesi ilə bağlı çoxsaylı problemlərdən narahatıq. Bu praktika birbaşa sıravi vətəndaşların maraqlarına və Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirir. Hesab edirik ki, Azərbaycanda sivil hüquqların müdafiəsinin təşkil edilməsi və vətəndaş cəmiyyətinin normal fəaliyyətinin təmin olunması üçün qeyri-hökumət təşkilatlarının fəaliyyətinə yaradılmış süni maneələr aradan qaldırılmalıdır”.
“Şəffaflıq Azərbaycan” Azərbaycanda fəaliyyətini dayandıran ilk beynəlxalq təşkilat deyil. Daha öncə yerli tərəfdaşı olan Seçkilərin Monitorinqi və Demokratiyanın Təbliği Mərkəzinin prezidenti və icraçı direktoru məhkum ediləndən sonra Milli Demokratiya İnstitutu (NDI) da Azərbaycandakı fəaliyyətini dayandırmışdı.
16 illik fəaliyyətdən sonra Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (IREX) Bakı nümayəndəliyini bağladı.
IREX 1998-ci ildən bəri fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda təhsilə, medianın inkişafına, internet infrastrukturunun genişlənməsinə dəstək olub. Bununla bağlı müxtəlif dövlət və hökumət, eləcə də kommersiya və qeyri-kommersiya qurumları ilə sıx əməkdaşlıq edib.
Bağlanan təşkilatlar sırasında Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) da var. RATİ-nin ofisində əvvəlcə axtarış aparıldı, kompüterlər, disklər və digər texniki avadanlıqları götürüldü, sonra da qapısı möhürləndi.
Bununla da bitmədi. Milli Demokratiya İnstitutu (MDİ), Azad Fikir Universiteti (AFU), "Norveç İnsan Hüquqları Evi", “Beynəlxalq Respublikaçılar İnstitutu”, “ABŞ Sülh Korpusu”, “Transparency İnternational” və “Oxfam” da qapadıldı və ya Bakı ofislərini bağlamağa məcbur oldular.
Hökumət nümayəndələri olanlarla bağlı mediada müxtəlif fikirlər səsləndirdilər. Bu təşkilatların qeydiyyatının bitdiyini, aidiyyatı üzrə fəaliyyət göstərmədiklərindən danışdılar. Hətta MDİ-ın üzləşdiyi problemləri siyasi çağırışlar etdiyi ilə əlaqələndirənlər də oldu. Hökumət mediası beynəlxalq donor təşkilatlarından maliyyə yardımı alanları “satqın” adlandırdı. “Amnesty International”, “Human Rights Watch”, “Freedom House”, “Sərhədsiz Reportyorlar” kimi təşkilatları “antimilli ünsürləri” dəstəkləməkdə ittiham etdi.