Əli Həsənov nəhayət ki, nəvəsinin törətdiyi qəza ilə bağlı danışıb. Medianın yazdığına görə əvvəlcə cinayətkarın başqa bir şəxs olduğunu iddia edirdi. Amma daha sonra DİN bu cinayətkarın məhz Əli Həsənovun nəvəsi olduğunu açıqladıqdan sonra "Əli Həsənovun deməyə sözü qalmayıb" desək yalan olar, çünki deməyə sözü qalıb və görünür dövlət başçısını savadsızlıqda ittiham edir.
"Günün səsi" informasiya agentliyi şəxsən Əli Həsənovla əlaqə saxlayıb. Əli Həsənov isə bir cümlə ilə açıq-açığına İlham Əliyevə meydan oxuyub. Açıq-aşkar dövlət başçısını hüquq sahəsində savadsız olduğunu iddia edib. O deyib: "Mən heç nə danışmaq istəmirəm. Mənim adımın mediada gündəmə gətirilməsinə gəlincə, hüquqi ölkədə məsuliyyət fərdidir."
Məsələ bundan ibarətdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu avtobus sürücüsünü döydüyü üçün İlham Əliyev yaramaz uşağın atasını – generalı işdən çıxartdı. Amma Əli Həsənov isə deyir ki, hüquqi ölkədə məsuliyyət fərdidir. Bir növ qabaqcadan İlham Əliyevə xəbərdarlıq edir ki, bax mənə dəysəniz haqqımı tələb edər, hüquqi müstəvidə sizi "neprav" çıxardaram. Bu isə bir məmurun dövlət başçısına üsyanı kimi xarakterizə edilməlidir. Amma baba məmur anlamalıdır ki, hüquqdan üstün bir əxlaqi dəyərlər də var. Avtobus sürücüsünü döymək cinayət olsa da bu cinayət adam öldürmənin yanında yüngül cinayətdir. Siz vaxtında nəvənizə tərbiyə verməli idiniz. Sizin kimi insanların hüquqdan danışmağa zərrə qədər də olsun haqqı yoxdur. Sizin dedikləriniz hüquq müstəvisində doğru ola bilər. Amma insanlıq, mədəniyyət deyilən bir şey var. Özünüz könül xoşluğu ilə istefa verib gedin. Əslində bu yerdə baş nazirin müavini heç də süddən çıxmış ağ qaşıq deyil. Günahkarın lap yekəsidir. Çünki dəfələrlə ölkə başçısı qudurğan məmur balalarını gündəmə gətirərək məmurları balalarına tərbiyə verməyə çağırmışdı. Əli Həsənov özündən arxayın bir formada jurnalistlər önündə oğlunu öymək əvəzinə nəvəsinin tərbiyəsi ilə məşğul olardı. Bütün bunlar baş vermədiyi halda isə onun nəvəsinin bahalı maşını necə alması, hansı pulla bu maşına sahiblənməsi araşdırılmalıdır.
Baş nazirinin müavini isə bir vaxtlar övladları qudurğanlıq edən məmurları yaman qınayırdı. Haqlı idi də. İndi isə Həsənov elə həmin Həsənovdur. Əgər o zamankı fikrində qətiyyətlidirsə və sözü "kişi sözüdürsə" əvvəlcə çıxıb mərhumların yaxınlarına başsağlığı versin. İkincisi xalqdan üzür istəməlidir. Üçüncüsü və ən başlıcası isə istefa verib getməlidir. Bir məmur ki, babadır və bu qoca vaxtında ölkə ictimaiyyətinə rüsvay olur o istefaya getsə yaxşıdır.
Təbii ki, baba məmur demək istəyir ki, biz ədalətli insanlarıq və ədalətli mühitdə qoyunu da, quzunu da öz ayağından asırlar. Qoyuna görə quzu cavabdeh deyil. Doğrudur, amma Əli müəllim özünə zəhmət verib quzu olduğu eyhamını vurmasın. Çünki ortada quzu yox, faktiki bir trafik canavarı var. Bu canavarı vaxtında əhilləşdirmənin münasib olduğunu 70 yaşlı bir kişi anlamırsa daha nə deyək? Üstəlik, hüquqdan danışan adam general işdən çıxarılan zaman da hüquqdan danışıb onu müdafiyə etməli idi. Çünki ortada qanun pozuntusu aktı var idisə "hüquq müdafiyəçisi" Həsənov yoldaş bunun qarşısını almalıydı. Daha çıxıb məmurlar övladlarına yiyə durmalıdır kimi çıxışlar etməməliydi. Deməli, həqiqətən də sizin kimilərin hüquqdan danışmaq haqqı yoxdur. Baba məmur özünü anlamazlığa vurub, güya o bilmir ki, şəxsən Ramil Üsubovun adamları təmiz adamları da "natəmiz" çıxarmağı yaxşı bacarır. Nəvənin xuliqanlığından ötrü səni günahkar çıxara bilməyənlər sənin pullarının "şotuna" nəvənin qudurmasını asanlıqla sübut edə bilərlər. İlham Əliyev mütləq Əli Həsənovu işdən atmalıdır. Çünki generalı oğlu avtobus sürücüsünü döydüyü üçün işdən çıxartdı. Əli Həsənovun nəvəsinin etdiyi daha ağır cinayətdir. O işdən atılmasa insanların zehnində bir sıra haqlı sualllar yaranacaq. Məsələn,
- Bəs onda generalın günahı nə idi?
- Yəqin Əli Həsənovun arxası böyükdür.
- Yəqin İlham Əliyev o zaman səhv etmişdi.
- Ola bilər İlham Əliyev indi səhv edib.
- İlham Əliyevin Əli Həsənova gücü çatmadı...