Tarix : 2017 Aug 10
Kod 52539

Abbas Hüseynov: Günün ən qızmar vaxtında məni dəmir dirəyə bağladılar

"Nəzarətçidən xahiş elədim, mənə balaca bir təmiz kağız parçası versin ki, namaz qıla bilim, onu da vermədilər”
Meydan tv-Qobustan həbsxanasında saxlanılan siyasi məhbus Abbas Hüseynova işgəncələr verilib. Bu haqda avqustun 8-də Abbas Hüseynov Qobustan həbsxanasında vəkil Yalçın İmanovla görüşdə özü deyib.

İşgəncə zamanı Qobustan həbsxanasının rəisi Aftandil Ağayev, müavini Emin Cəfərov, həbsxana əməkdaşları İlkin Axundov, Namiq Ağayev, Rövşən, İqbal və digər şəxslər iştirak edib.

Əllərimi arxadan qandalladılar

Abbas Hüseynov bildirib ki, 20 iyulda Bakı Apelyasiya Məhkəməsində baş verənlərdən sonra Bakı İstintaq Təcridxanasına qaytarılıblar və dərhal sonra o, 7 gün cərimə təcridxanasına (karsa) salınıb. Ancaq 2 gün sonra, iyulun 22-də günorta saatlarında o və “Nardaran işi” üzrə təqsirləndirilən digər məhbus Cabbar Cabbarov Qobustan həbsxanasına aparılıb:

“İyulun 22-si günorta namazından sonra gətirildik Qobustana. Salam verən kimi həm Cabbarın, həm də mənim əllərimizi arxadan qandalladılar, yerlə üzüstə sürüyə-sürüyə apardılar. Cabbar, mən, bir də başqa bir dustaq vardı. Üzümüzü divara yapışdırıb, günün istisində üzü divara saxladılar. Mən bizim hüquqlarımızın olduğunu deyəndə, onlar “bura Qobustandır” cavabını verdilər. Sonra Rövşən adlı həbsxana əməkdaşı dedi ki, “bu, çox danışır, bunu başa salın”. Sonradan adının Axundov İlkin Ruslan oğlu olduğunu öyrəndiyim gizir “dubinka”yla kürəyimə zərbələr endirməyə başladı. Məni “dubinka” ilə döyəndən sonra “kars”a atdılar”.

Soxulcanlar unitazın yan-yörəsindən çıxır

Abbas Hüseynov vəkilə deyib ki, “kars” müddətinin iyulun 25-də başa çatmasına baxmayaraq, onu iyulun 29-na qədər "kars"da saxlayıblar:

“Karsda vəziyyət dəhşətlidir, yerdə iri soxulcanlar gəzir, soxulcanlar unitazın yan-yörəsindən çıxır, hər yer natəmizdir, “prostina” kirdən qaralıb. Nəzarətçidən xahiş elədim, mənə balaca bir təmiz kağız parçası versin ki, namaz qıla bilim, onu da vermədilər”. 
Abbas Hüseynov vəkilə deyib ki, iyulun 25-də həbsxananın mayor rütbəli Namiq Quliyev adlı əməkdaşı yumruqla mədəsindən və çənəsindən vurub, deyib ki, elə eləmə, sənlə başqa cür davranaq, toz vuraq sənə, “dubinka” dustağın ayrılmaz dostudur. Mən ona onun qanunsuz hərəkətlərindən şikayət edəcəyimi dedim , o isə “hara istəyirsən, get şikayət elə” dedi. Əvəzində guya həbsxana əməkdaşlarını təhqir iddiası ilə mənim barəmdə akt tərtib edildi.

Abbas Hüseynov vəkilə deyib ki, həbsxanada olduğu 17 gün ərzində müxtəlif bəhanələrlə heç bir əsas olmadan onun barəsində 4 töhmət qərarı verilib.

Dəmir dirəyə bağlandım

O, iyulun 26-da günorta saatlarında rəislə görüşdürülmək adı ilə "kars"dan çıxarılıb, həbsxananın həyətindəki dəmir dirəyə bağlandığını bildirib: “Təxminən 3 saata yaxın dirəyə bağlı vəziyyətdə saxlanıldım. Əllərim arxadan qandallı vəziyyətdə, üzüm dəmir dirəyə yapışmış halda. Məni dirəyə bağlayan həbsxananın İqbal və Rövşən adlı əməkdaşları idi. Günün ən qızmar vaxtında. 3 saatdan sonra dirəkdən açıb, yenidən "kars"a saldılar”.

Onun sözlərinə görə, iyulun 29-u “kars”ın müddəti bitsə də, onu yenidən "kars"a qaytarıblar, bunu onunla əsaslandırıblar ki, karantində yer yoxdur.

Taleh Bağırzadənin vəziyyəti pisləşib

Abbas Hüseynov iyulun 29-da ilahiyyatçı Taleh Bağırzadənin Bakı İstintaq Təcridxanasından Qobustan həbsxanasına gətirildiyini deyib. O bildirib ki, ilahiyyatçı onunla yanaşı kamerada qaldığından onun səsini eşidib. Havanın isti olması səbəbilə Taleh Bağırzadənin vəziyyəti pisləşib, bu zaman ilahiyyatçı və yanındakı dustaq nəzarətçidən həkim çağırmağı xahiş edib. Ancaq nəzarətçi İlkin Axundov həkim çağırmaq əvəzinə Talehi söyməyə başlayıb: “Biz də Cabbarla buna etiraz elədik, digər dustaqlar da buna etiraz etdilər. Biz Hacının təhqir edilməsinə etiraz olaraq, aclıq edəcəyimizi və həbsxana rəisinin bizi qəbul edib dinləməsini, Hacını təhqir edən nəzarətçi İlkin Axundovu cəzalandırmasını istədik. Səhəri gün məlum oldu ki, Hacını “kars”a salıblar. Cabbar artıq korpusa köçürüldüyündən mən karantində tək qaldım. Rövşən və Namiq adlı həbsxana əməkdaşları məni “Tubzon”a göndərməklə hədələdilər. Həbsxanaya gələn gün və dəmir dirəyə bağlanan zaman məni gün vurduğundan həkim tələb etdim, ancaq həkim gəlmədi və mənə tibbi yardım göstərilmədi”.

Rəsmi qurumlar cavab vermir

Meydan TV iki gün ərzində məsələyə Ombudsman Aparatından və Penitensiar Xidmətdən münasibət öyrənə bilməyib. İnsan haqları müvəkkilinin rəhbərlik etdiyi qurumdan bildiriblər ki, hər hansı şikayət olursa, dərhal araşdırılır. Konkret Abbas Hüseynov məsələsi ilə bağlı danışmayıblar. Penitensiar Xidmətdən isə qurumun sözçüsünün işdə olmadığını əsas gətirərək, sualı cavablandırmaqdan imtina ediblər.


    • Yazılıb
    • da (də) 2017 Aug 10
    • Göndərən مدير سايت Aran News