Avqustun 9-da Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının şikayətinə baxılıb.
Meydan tv-Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, hakim Vaqif Mursaqulovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib. Vəkil bildirib ki, şikayət G.Bayramlının qanunsuz olaraq həbs edilməsi barədə olan qərardan verilib. Bundan əvvəl məhkəmə nəzarəti qaydasında Nəsimi rayon Məhkəməsinə müraciət edilmişdi. İyulun 31-də məhkəmə həmin məsələyə baxaraq şikayəti rədd etmişdi. Apelyasiya şikayəti həmin qərardan verilmişdi.E.Sadıqov bildirib ki, məhkəmə qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərəcəklər. O, Gözəl Bayramlının səhhətində problemlərin olduğunu da deyib.
AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan mayın 25-də qayıdarkən saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə Bayramlı 3 ay müddətinə həbs edilib.
Gözəl Bayramlı saxlanmasını siyasi sifariş hesab edir və ittihamı qəbul etmir.
Penitensiar Xidmət vəkilin dediklərinə hələ münasibət bildirməyib.