Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyinə qarşı cinayət işi açıb. Avqustun 8-də Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamenti “Turan”-ın fəaliyyətini səyyar vergi yoxlamasına başlayıb. Səbəb kimi agentliyin vergidən yayınması göstərilib. İddia olunur ki, agentlik 27 min manatı vergidən yayındırıb. Faizlə birlikdə bu borcun 37 min manat etdiyi bildirilib.
Meydan TV bununla bağlı “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə suallar ünvanlayıb.
Mehman müəllim, məlumatda belə bir məqam var ki, Vergilər Nazirliyinin “Turan” İnformasiya Agentliyinə qarşı açdığı cinayət işi sifarişdir. Birdən-birə niyə cinayət işi başladı? Bildiyimizə görə, 1 ay əvvəl siz vergi hesabatlarını vermisiniz, heç bir problem də olmayıb. Nə baş verir?
Elə siz özünüz bizə istinadən dediniz ki, sifarişdir. Ona görə dərhal bu şəkildə baş verdi ki, sifariş oldu. Nəyə görə bu sifariş oldu, sifarişi kim verdi, o başqa məsələdir. Amma reallıq odur ki, bu sifarişdir. Bir gündə Lokal Departament 3 illik araşdırma əsasında bizə qarşı iddia irəli sürür. Onun əsasında Vergilər Nazirliyinin Təhqiqat Departamenti cinayət işi qaldırır. Və maraqlısı odur ki, avqustun 9-da məni dindiriblər. Mən dedim ki, ittiham var, çox gözəl, amma bu ittihamın hansı sübutlar bazasında formalaşdığını zəhmət olmasa təqdim edin. İndi deyirlər, səyyar yoxlama gedəcək, nəyisə araşdıracaqlar və s. Qeyd etmək istəyirəm ki, Lokal Vergilər Departamentinin bu məsələ ilə bağlı sübut bazası yoxdur.
Heç bir sübutu yoxdur?
Bizə təqdim etməyiblər.
Bəlkə təqdim etmək istəmirlər?
- İş ondadır ki, əgər varsa, təqdim olunmalıdır. Əgər ittiham irəli sürülürsə, sizi dəvət edirlər və deyirlər: “Bunu sübut et ki, belə deyil”. Ona görə o sübut bazası ortalığa qoyulmalıdır ki, biz onun əsasında onlarda şübhə doğuran, onların müəyyən qənaətə gəldiyi məqamlarla bağlı aydınlıq gətirək. Onun üçün gərək biz sənədləri görək ki, o ittihamları rədd eləmək üçün ortaya faktlar qoyaq. Bu sübutlar yoxdur. Ona görə bu dialoq bizdə alınmır, çünki ortada bir şey yoxdur.
-Amma sizə 15 gün vaxt qoyublar ki, vergi sənədlərin təqdim edəsiniz.
- Vergi sənədlərini təqdim etmək, yoxlamaq o ikinci instansiyadır. Bu məsələni araşdıran Təhqiqat Departamentidir. Amma birinci növbədə, Lokal Departament qərar çıxarıb. Sənədləri Lokal Departament təqdim etməli idi.
- Onlar da sənədləri təqdim eləməyib?
- Etməyib. Birinci növbədə bizi dəvət eləməli idilər ki, burada problem var, biz hesab edirik ki, siz vergidən yayınmışınız, bizə filan sənədləri təqdim edin, biz onları eləyək. Onlar axı bunu etməyib. Onlar qanuna görə bunu eləməli idilər.
Deyirlər ki, hansı maddə ilə cinayət işi açılıb?
- Maddə orada əhəmiyyət kəsb eləmir. Külli miqdarda vergidən yayınma məsələsi var. Rəqəmi belə şişirdiblər ki, 20 min manatı keçsin. Bu da avtomatik şəkildə “külli miqdarda vergidən yayınma” maddəsi edir. Əsas məsələ odur ki, problem varsa, bu, araşdırılmalı idi. Gəlib bu vəziyyətə çatmamalı idi. Sübut bazası olmadan cinayət işi qaldırıblar. Bu da onu göstərir ki, bizə qarşı qərəzlidirlər, sifarişli qərarı icra edirlər. Buna başqa qiymət vermək olmaz.
- Gələk sifariş məsələsinə. Sifariş haradan gəldi? “Turan” agentliyinin fəaliyyətində nə ola bilər ki, bunu etməyə sifariş verələr?
- “Turan” sadəcə olaraq müstəqil informasiya vasitəsidir və bu onları qıcıqlandırır. Bəs hakimiyyətin Azərbaycan mediasına qarşı uzun müddətdir apardığı savaş nə üçündür ki?! Medianın azad bir institut kimi ləğvi, sıradan götürülməsi. Prinsipcə, hakimiyyət buna nail olub. Azərbaycanda real olaraq fəaliyyət göstərən təkcə müstəqil media demək olar ki, “Turan”dır. Ona görə də “Turan”-ın bu formada sıradan çıxarılması gözlənilən idi. Bu, baş verə bilərdi, olmalı idi.
“Turan” sıradan çıxarılacaqmı?
- Ola bilər, sıradan çıxarsınlar. Bizdə o qədər sıradan çıxara-çıxara gediblər ki... Əslində azad informasiya məkanını sıradan çıxara bilməyiblər. Əslində azad informasiya məkanı Azərbaycanda daha da genişlənib. Yeni informasiya növləri formalaşmağa başlayır. Ümimilikdə biz kütləvi informasiya vasitələri deyirik, mən isə artıq hesab edirəm ki, bu, köhnəlmiş bir ifadədir. Bu gün daha çox kütləvi kommunikasiya vasitələri işlənə bilər. Bura kütləvi informasiya vasitələri, sosial şəbəkələr və s. daxildir. Platformalar, münasibətlər dəyişir. Deyək ki, “Turan” İnformasiya Agentliyi artıq anaxranizmdir. Vaxtı ilə agentliklər var idi, informasiya məkanını onlar formalaşdırırdı. Artıq bu gün belə deyil. Bu gün sosial şəbəkələr informasiya məkanının formalaşdırmağa başlayır. Necə ki, vaxtı ilə “Teleqraf” agentliyi deyirdilər, sonra informasiya agentliyi oldu. Bu gün bunlar da keçib gedir.
- Belə bir fikir işlətdiniz ki, “Turan” agentliyi hakimiyyəti qıcıqlandırır. Amma biz zaman-zaman sizin dilinizdən hakimiyyətin islahatlara gedəcəyini eşitmişik. 2015-ci ildə, bu ilin əvvəlində də bu fikirlərinizi mətbuata müsahibələrinizdə bildirmisiniz. Avqustda “Yeni Müsavat” qəzetinə müsahibənizdə demişdiniz ki, “İqtidar islahatlar paketi hazırlayıb”. Bu ilin fevralında “Yeni Müsavat”a yenə müsahibə verib demisiniz ki, “Hakimiyyət yeni siyasi münasibətlərə hazırdır”. Hakimiyyət həm jurnalistlərə mənzil paylayır, həm Azadlıq Radiosu, Azadlıq qəzeti, Meydan TV-nin saytların bloklayır, bir tərəfdən də “Turan”a cinayət işi açır. Budurmu hakimiyyətin siyasi islahatları və yaxud da yeni siyasi münasibətləri?
- Mənim dediklərimi bir az yanlış təqdim edirlər və səsləndirirlər. Mən demirəm ki, hakimiyyət islahatlara hazırdır. Hakimiyyət buna məhkumdur. İslahatlar Azərbaycanda qaçılmazdır, olmalıdır və gedəcək. Necə ki, mən 2014-cü ildə deyəndə ki, Azərbaycanda yeni ildən gündəm dəyişəcək və o vaxt heç bir devalvasiya yox idi, açıq formada heç bir iqtisadi böhran yox idi və heç kəs başa düşmürdü, nə baş verəcək. Hətta prezidentin köməkçisi noyabr ayında mənə qayıdıb deyirdi: “Mehman, sən nə əcəbsə, son zamanlar çox optimist danışırsan”.
- 2014-cü ilin noyabrında?
- Bəli. O, bilmirdi mənim optimizmim haradan gəlir. Mən bilirdim ki, biz böhrana girəcəyik. Prezident yanvarın 10-da Nazirlər Kabinetinin iclasında birinci dəfə elan elədi ki, bizim üçün sınaq ili başlayır. Hələ o vaxt mülayim formada idi, sonra daha da ciddiləşdi.
-Amma daha sonra dedi ki, biz artıq vəziyyətdən çıxdıq.
- Yox, biz çıxmamışıq. Bütün göstəricilər onu göstərir ki, biz heç yerə çıxmamışıq. Onlar bu vəziyyətə hazır deyildilər. Bu, onları sarsıtdı. Ona görə iki dəfə devalvasiya oldu. Cəmiyyətin özündə canlanma başladı. Bu, çətin dövr idi.
İndi nə baş verdi? Bu cinayət işi də islahatlara daxildir?
Mən demək istəyirəm ki, obyektiv vəziyyət yaranıb. Bu vəziyyət Azərbaycan hakimiyyətini məcbur edir ki, müəyyən qərarlar qəbul eləsin, bu vəziyyətdən çıxsın. Bunun da ancaq bir yolu var, islahatlar aparmaq. Neft və qaz faktoru artıq Azərbaycanda o rolu oynaya bilmir. İlin birinci yarısında bizdə neftin istehsalı bir milyon ton azalıb. Qaz 800 milyon kubmetr azalıb. Bizdə qabağa getmək məsələsi yoxdur. Dünya neft bazarında da qiymətlər qalxmır. Yeganə çıxış yolu var, o da islahatlardır. İslahatlara da getmək onlar üçün problemdir. İslahatlar o deməkdir ki, sən iqtisadi azadlıqlar verməlisən. İqtisadi azadlıqları vermək üçün siyasi azadlıqlar lazım gəlir. Bunlar hakimiyyəti itirməkdən narahat olurlar. Bunu eləmək istəmirlər, bir tərəfdən də bunu etməyə məcburdurlar. Bir tərəfdən də cəmiyyəti, medianı cilovlamaq, stabil vəziyyəti saxlamaq istəyirlər. O biri tərəfdən hakimiyyətdaxili problemlər var. Birinci vitse-prezidentin komandasının formalaşması gedir. Bizdə olan məlumatlara görə, bu ilin 5 ayında komandada dəyişiklik olacaq. Komandanın köhnə üzvlərinin siyasətdən getməsi gözlənilir. Ona da qarşı etirazlar var. İstəməyənlər çoxdur, bu da aydındır. Hakimiyyət daxilində ciddi bir problemlər var. Ona görə də gərgin dövrdür. Əsas məsələ odur ki, buz tərpəndi, proseslər başladı.
İslahatlar prosesi?
Söhbət islahatlardan getmir. Sən yenə təhrif etməyə başlayırsan.
Yox, mən sizin dediklərinizdən sitat gətirirəm.
O mənada islahatdır ki, vəziyyət dəyişir. İslahat, məsələn, o deməkdir ki, 12 dənə xəritə qəbul ediblər və nə vaxt onun reallaşması baş verəcəksə, onda biz deyə bilərik, islahat gedir.
Amma o barədə heç danışmırlar.
Düzdür. Çünki yeni komanda formalaşmalıdır və onlar bunu etməlidir. Bu komanda ilə onu eləmək mümkün deyil.
Yəni Mehriban Əliyevanın komandası?
O komandanın içərisində mən xeyli adamlar tanıyıram ki, - ad çəkməyəcəm - kifayət qədər normal uşaqlardır. Hətta təəccübləndim ki, bu adamları ora gətiriblər. Ona görə deyirəm ki, istək bir, məcburiyyət başqa. Bu gün daha çox məcburiyyət rol oynayır, istək yoxdur.
Aydındır. Təşəkkür edirik.