Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi 2 il öncə prezident tərəfindən mükafatlandırılıb
Meydan tv-Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.
M.Abbasov həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.
Müşfiq Elman oğlu Abbasov 2015-ci ildə İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
M.Abbasovun adı keçmiş maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu Füzuli İsgəndərovun ölüm işində hallandırılırdı. Həyat yoldaşının ölümündə təqsirləndirilən Xalidə İsgəndərovanın qardaşı İlyas İbrahimov məhkəmədəki ifadəsində M.Abbasov haqqında belə demişdi:
“Məni istintaqa çağırıb dedilər ki, siz bacınızla Skype vasitəsi ilə danışmısınız və ona göstəriş vermisiniz. Mən də “Turkcell”dən sənəd təqdim etdim ki, onunla həmin ərəfədə danışığımız olmayıb. Ümumiyyətlə, bizə yaşadığımız yerdə Skype işlətməyə icazə verilmirdi. Həmin sənədi araşdırmadan dedilər ki, saxtadır. Bakı şəhər Prokurorluğunda müstəntiq Müşfiq Abbasov dedi ki, hər yerə yazıb şikayət edirsiniz, mən sizin o ərizələrinizə ayaqqabımı silib atıram. Məndən tələb edirdilər ki, bacıma deyim qətli boynuna götürsün”.