- Fazil bəy, gələn ay Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanda demokratik
təsisatların vəziyyətinə həsr olunmuş müzakirə gözlənir. Bu müzakirələrdən gözləntiləriniz nədən ibarətdir?
- Doğrusu, məlumatım yoxdur. Çünki biz əvəzedici heyətdə olduğumuzdan (Fazil Mustafa Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin əvəzedicilərindən biridir) konkret orada hansı məsələlərin müzakirə ediləcəyindən məlumatsızıq. Bizə məlumatlar internet vasitəsilə elektron poçtumuza göndərilir, hələ ki,belə məlumat yoxdur.
- Siz Azərbaycanda demokratik təsisatların durumunu necə qiymətləndirirsiniz?
- Ümumi şəkildə qənaətbəxş hesab edirəm. Çünki istər partiyalar, istər qeyri-hökumət təşkilatları (QHT-lər) daha fəal olmalıdır. Amma təşkilatların fəallığı yoxdur. Həm də qanunvericiliyə xeyli məhdudiyyətlər gətirildi. Xüsusilə QHT-lərin xarici donorlardan vəsait almasının qarşısının alınması əslində müəyyən dərəcədə onların fəaliyyətini xeyli zəiflətdi. Bir donor qalıb, o da QHT-lərə Dövlət Dəstəyi Şurası. Bu qurum xeyli müsbət istiqamətdə layihələri maliyyələşdirir. Amma bu kifayət deyil, daha böyük layihələrdə iştirak üçün xarici donorların da maliyyəsinə imkan yaradılmalıdır. Bunlar olmadığına görə QHT-lər zəifdirlər. Partiyalar isə özləri susqun vəziyyətindədirlər. Hər hansı bir şəkildə tədbir keçirməklə aktiv fəaliyyət göstərmək imkanları yoxdur. Təbii ki, bu prosesdə müəyyən məhdudlaşmalar da öz sözünü deyir. Ancaq “Sərbəst toplaşmaq haqqında” qanunauyğun olaraq “Məhsul” stadionunda referendum öncəsi mitinq keçirməyə icazə verilib. Ona görə fəallığın aşağı düşməsi daha çox partiyaların aktiv elektoratının azalması ilə bağlıdır.
- Ümumiyyətlə, sizcə AŞPA da daxil olmaqla, digər beynəlxalq təşkilatların ölkədəki duruma təsiri olurmu?
- Yox, heç bir təsiri olmayacaq. Çünki AŞPA-nın istər Türkiyədəki durum, istərsə də Dağlıq Qarabağ məsələsindəki tutduğu mövqe beynəlxalq hüquqa uyğun gəlmir. Bu, qurumun fəaliyyətinin o qədər də ciddi qəbul olunmadığını göstəricisidir. Azərbaycan tərəfi də əsas vurğunu ona yönəldir ki, demokratiya məsələlərindən öncə beynəlxalq hüquqa bağlı məsələlərdə prinsipial mövqe tutmaq lazımdır. Bu, olmayanda digər məsələləri tək yoluna qoymaq çətinləşir. Nə qədər belə qurumlarda demokratiyadan danışırsan danış, əgər onların fəaliyyəti Ermənistan xeyrinəkoordinasiya olunursa, artıq sözün bitdiyi yerdir.
- Demokratik tələblər gündəmə gələndə Dağlıq Qarabağ problemini qabartmaq bəhanə deyilmi? Bəlkə demokratiya genişlənsə problemin çözülməsində imkanlar açılar? Belə düşünənlər də var.
- Gürcüstan misalı var, demokratik təsisatların güclənməsindən sonra Osetiya işğal olundu. Yəni problemin həlli imkanları demokratiyaya bağlı deyil. Demokratiya əslində bir problemə çevrilib. Ermənistana dəstək vermək üçün başqa bəhanə yoxdur. Azərbaycan faktiki olaraq işğalçı yox, işğala məruz qalan dövlətdir. Belə olanda Azərbaycana qarşı nəyi istifadə etməlidirlər, demokratiyanı. İllərdir Türkiyə terrorçuluqla mübarizə aparır. Bəhanə nədir, az qala deyirlər ki, niyə terrorçuları həbs edirsən? Dövlət çevrilişi edirlər və ardınca demokratiya tələbi qoyurlar. Demokratik cəmiyyətin qurulması problemin həlli mənasına gəlmir, bunu Moldova, Gürcüstan nümunəsi göstərdi. Rusiya demokratik dövləti tanıyırmı? Bu ölkənin başçısının Abxaziyaya səfəri çox şeyləri sübut etdi. Problem ondadır ki, Qərbin təşkil etdiyi demokratiyanı Qərbin müdafiə etmək fikri yoxdur. Gürcüstanda, Moldovada, Ukraynada biz bunu gördük. Azərbaycan da bu prosesi yaxşı izləyir və demokratik cəmiyyətin problemin həlli olmadığını düşünür...
- O zaman sualı konkret qoyaq. Demokratiyanı Rusiya, yoxsa Qərb ertələyir?
- Hər iki faktor rol oynayır. Rusiya açıq şəkildə demokratik olmayan, özünə loyal hakimiyyətlərin formalaşmasında maraqlıdır. Qərb isə demokratiyanı imitasiya üçün istifadə edir. Demokratiya lazım idisə, Misirdə hərbçilər hakimiyyətə gəlməməliydi, qanuni hakimiyyəti tanıyırdılar və məsələ bitirdi. Yaxud demokratiya istəyirlərsə, Türkiyədə qanuni yolla hakimiyyətə gələn qüvvə var, niyə digər hərbi qüvvəni dəstəkləyirlər? Ona görə də bu məsələdə Rusiyanın da, Qərbin də səmimiyyətinə inanmaq olmur.
- Azərbaycanda bir çoxları deyir ki, Dağlıq Qarabağın işğalında Rusiya amilinin rolu danılmazdır. Amma Azərbaycan müdafiə naziri bu dövlətlə hərbi əməkdaşlığın genişlənməsindən danışır. Müdafiə naziri Zakir Həsənovun bu günlərdə Moskva səfərində səsləndirdiyi fikirləri yəqin oxumusunuz. Bunu necə qiymətləndirirsiniz?
- Rusiyayla hərbi əməkdaşlıq ancaq silah alqı-satqısıyla bağlıdır. Biz də ehtiyacımız olan silahı istənilən ölkədən ala bilərik, bu istiqamətdə də müəyyən çalışmalarımız var. Müharibə vəziyyətində olduğumuzdan alternativ seçim imkanlarımızın olması təbiidir. Rusiya ilə əməkdaşlığa ona görə üstünlük verilir ki, qonşu və güclü dövlətdir, hərbi cəhətdən də imkanları daha genişdir. Hər halda Rusiyanın Azərbaycana təsir göstətmək imkanları daha böyükdür. Ona görə Rusiya ilə normal keçinmək məcburiyyətindəyik. Amma bizi Rusiyanın, yaxud İranın təzyiqindən qoruyacaq Qərb dünyası da yoxdur. Necə ki, İran,Rusiya Ermənistanı dəstəkləyir, eyni qaydada Amerika və Avropa dövlətləri də dəsstəkləyir. Müxtəlif yollarla Ermənistanı vəziyyətdən çıxartmağa çalışırlar. Bu baxımdan biz qonşu dövlətlərlə münasibətləri normal saxlamağa məcburuq./azadliq.org/