Ölkədə tragikomik bir mənzərə yaranıb. Aşırı tərif, bayağı məddahlıq, ürəkbulandıran təbliğat, fantastik bəyantlar, gülməli vədlər meydan sulayır. Hökumət komandasının qeyri-səmimiliyi, gerçəklikdən uzaq açıqlamaları sərhəd tanımır. Məsələ burasındadır ki, hökumətin cəmiyyətə təqdim etməyə məhsulu yoxdur. Heç bir sahədə müsbət göstəricilər yoxdur. Təhsildə, səhiyyədə, hüquq sistemində, iqtisadiyyatda və digər sahələrdə öyünüləsi heç nə qalmayıb. Ona görə də hökumət “qarışqadan fil düzəltmək” taktikasına start verib. Yəni, 25 milyardlıq büdcənin 8-9 milyard səviyyəsinə düşməsinə baxmayaraq, pomidordan, baramadan, fındıqdan gələn 5-3 manatı uğur kimi təqdim edirlər. 121 milyardın axırına çıxanlar, 100-150 milyonluq qazancla bizə “uğurlu siyasət” prtreti göstərməyə çalışırlar. Təbii ki, bu “təqdimetmə mərasimi”ndə ölkə başçısı İlham Əliyevin təqdimatı xüsusi çəkiyə malik olur və heç bir əndazə tanımır.Belə ki, hər gün İlham Əliyevin hanısısa sahənin inkişafıyla bağlı sərəncamlar imzaladığının, fərmanlar verdiyinin şahidi oluruq. Demək olar ki, inəyin bala verməsindən tutmuş, badımcanın çiçək açmasına qədər bütün priosesləri İlham Əliyev nümunəsiylə əlaqələndirirlər. Bələdiyyənin, icra hakimiyyətinin, təhsil nazirliyinin, JEK-in, polis idarələrinin, suvarma sisteminin, park salmanın, yol çəkmənin, hasar sökmənin, hamam tikmənin “yol xəritəsi”ni İlham Əliyev çəkəcəksə, bütün bu qurumların fəaliyyəti İlham Əliyevin ağzına baxmaqdan ibarətdirsə, o zaman bu qədər quruma nə ehtiyac var? İlham Əliyev qeyri-adi istedada, bugünə qədər görünməmiş bacarığa, universal biliyə, superintellektə malikdirsə yüzlərlə qurum niyə fəaliyyət göstərir? Bütün normal ölkələrdə bələdiyyənin, yerli icra orqanlarının gördüyü işləri lham Əliyev görürsə, kəsməli olduğu lenti İlham Əliyev kəsirsə büdcədən bu qədər milyonlar niyə ayrılır?
Əslində, İlham Əliyevə verilən tərifin barıtının bu qədər çox olması, nəticə etibarilə dövlətin özünü gülünc vəziyyətə salır. Bu ölkədə hamı başa düşür ki, bütün bu təbliğatın kökündə həqiqət dayanmır. Hamı hökumətin mahiyyətini başa düşür və sadəcə ikrah hissiylə yanaşır. Əgər ölkənin vitse-spikeri “bütün dünya bizim prezidentə paxıllıq edir” bəyanatı verirsə, rəsmi təbliğatın “İlham Əliyev bütün dövlət strukturlarını əvəz edə bilər” mesajı təbiidir.
Bir daha təkrar edirik ki, İlham Əliyev bu ilahi gücə sahibdirsə, o zaman büdcədən milyardlar ayrılan qurumlar ləğv edilsin. Bizim “milli supermen”imiz varsa, xırda-xurda strukturlara ehtiyacmız yoxdur.
Ya da, bu gülməli, eyni zamanda ağlamalı təbliğata son qoyub, normal idarəçilik relsinə düşmək laızmdı. İlham Əliyevlə bağlı bu fantastik təbliğat, bütün dünyada da gülüşlə qarşılanır. Real islahatlardan imtina edib, imitasiya ilə məşğul olmaq, ölkəni həqiqətən də ağlamalı günə qoyub. Hamı gördü ki, bu yekə “inkişaf səbəti”ndən, səfalət töküldü və tökülməyə davam edir./azl.abna24.com/
Akif