Tarix : 2017 Aug 16
Kod 52578

Mövsüm Səmədov Ali Məhkəməyə şikayət edib

Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun üç il müddətinə Qobustandakı qapalı həbsxanaya köçürülməsi haqda məhkəmə qərarından kassasiya şikayəti verilib.
Bu haqda onun vəkili Yalçın İmanov bildirib.
Azadliq.org-Vəkilin deməsinə görə, Ali Məhkəməyə təqdim olunan şikayətdə aşağı məhkəmələrin qərarlarının ləğv edilməsi istənilib.
Məhkəmədən cəzaçəkmə müəssisəsinin M.Səmədovun qapalı həbsxanaya köçürülməsi barədə təqdimatının rədd edilməsinə dair qərarın qəbul olunması istənilib.
Partiya sədrinin müdafiəçiləri hesab edirlər ki, sözü gedən təqdimatın verilməsindən ötrü hüquqi əsaslar olmayıb, aşağı məhkəmə instansiyalarının qərarları qanunsuz və əsassızdır.

XATIRLATMA

M.Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyəti ələ keçirmək və başqa ittihamlarla saxlanıb. O, 12 il həbs cəzası alıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.
2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı Cəzaçəkmə Müəssisəsindən 2 illiyə Qobustandakı Qapalı Həbsxanaya köçürülüb. Şəraitin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb.
O, ötən il noyabrın 28-də 12 saylı cəzaçəkmə müəssisinə qaytarılıb və elə həmin gün 15 günlük cərimə kamerasına (“kars”a) salınıb. Ardınca müəssisə rəhbərliyi onun yenidən Qobustan qapalı həbsxanasına göndərilməsi barədə təqdimat verib. Qaradağ Rayon Məhkəməsi həmin təqdimatı təmin edib.
Rayon məhkəməsinin qərarından verilən şikayəti apellyasiya instansiyası təmin etməyib.
M.Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulması iddiası ilə kəskin tənqid edir. O, ötən ilin avqustunda Konstitusiyaya dəyişikliklərinə etiraz olaraq, Qobustan Qapalı Həbsxanasında aclıq aksiyası keçirib.
Həmin Konstitusiyaya dəyişiklikləri ilə prezidentlik müddəti və onun səlahiyyəti artırılıb. Ölkədə vitse-prezidentlik institutu yaradılıb.
Bundan sonra prezident İlham Əliyev öz xanımı Mehriban Əliyevanı birinci vitse-prezident təyin edib.
Müxalifət hesab edir ki, konstitusiya dəyişikliyi ilə hakimiyyət bir əldə cəmləşib.
Hakimiyyət rəsmiləri isə deyirlər ki, dəyişikliklər ölkənin təhlükəsizlik maraqlarına və çevik idarəçilik prinsiplərinə söykənir.
  • Yazılıb
  • da (də) 2017 Aug 16
  • Göndərən مدير سايت Aran News