Tarix : 2017 Aug 16
Kod 52580

Vəkil jurnalistin müdafiə hüququnun pozulduğunu deyir

Həbsdə olan jurnalist Elçin İsmayıllının müdafiə hüquqları pozulur. Onun özünə və müdafiəçisinə vaxtında məlumat vermədən hazırlıq iclası təyin edilib.
Meydan tv-Məlumatı jurnalistin vəkili Elçin Sadıqov verib. Bildirib ki, avqustun 15-də səhər tezdən Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovun katibi ona zəng edərək Elçin İsmayılı barəsində olan cinayət işi üzrə hazırlıq iclasını bu gün saat 16:00-a təyin etdiklərini söyləyib:
“Mən onlara niyə belə tez xəbər edibsiz, hazırlıq iclasını vəkilsiz keçirəndən sonra məlumat verərdiniz dedim. Halbuki, CPM-nin 298.3.1-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasına ən azı 7 gün qalmış müdafiə tərəfinə yazılı məlumat verilməli idi. Ancaq bu günədək mənə hazırlıq iclasının təyin edilməsi ilə bağlı heç bir bildiriş gəlməyib və məlumat verilməyib”.

Vəkil bildirir ki, bununla bağlı Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynova teleqram göndərib:

“Hazırlıq iclasını təxirə salmasını, Elçin İsmayıllı ilə Şəki Penitensiar Kompleksində görüşməyə icazə verilməsi və vəsatətlərin hazırlanmasına vaxt verməsini istədim. Bundan sonrakı məhkəmə hazırlıq iclasının təyini gününü mənimlə razılaşdırmasını xahiş etdim”.

İsmayıllıda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı fevralın 17-də saxlanıb. Nəsimi Rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs qətimkan tədbiri seçmişdi. Sonradan onun həbs müddəti bir neçə dəfə artırılıb.
Vəkilinin bildirdiyinə görə, istintaq materiallarında jurnalist İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşını hədələyərək pul tələb etməkdə günahlandırılır. İddiaya görə, həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib və Elçin İsmayıllı pul alacağı əsası ilə həbs olunub. Vəkilin sözlərinə görə, jurnalist həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib:
"Elçin İsmayıllı deyir ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçin İsmayıllını həbs ediblər", – vəkil jurnalist həbs olunarkən bildirmişdi.

  • Yazılıb
  • da (də) 2017 Aug 16
  • Göndərən مدير سايت Aran News