Tarix : 2017 Aug 17
Kod 52586

Vəkil: ‘Əziz Orucova ittihamlar mahiyyətcə ağırlaşdırılıb’

Həbsdəki jurnalist Əziz Orucova verilən ittihamların mahiyyətcə ağırlaşdırıldığı bildirilir.
Bu haqda AzadlıqRadiosu-na , avqustun 16-da Bakı İstintaq Təcridxanasında görüşmüş vəkili Elçin Sadıqov məlumat verib.
Vəkilin sözlərinə görə, təcridxanada Əziz Orucovla bağlı istintaq hərəkəti aparılıb.
“Ona yeni məzmunda ittiham irəli sürülüb. Mahiyyət ondan ibarətdir ki, indiyədək onun işində söhbət dövlət qeydiyyatına alınmış qrantlardan gedirdi. İndi vəsaitlər qeydiyyata alınmamış qrantlar kimi təqdim olunur. Həmin qrantların məbləği isə külli miqdarda gəlir kimi qeyd olunur”, – vəkil bildirib.
Vəkilin deməsinə görə. Ə.Orucov ittihamları rədd edir.
“Əziz Orucov ittihamların əsassız olduğunu bildirir, heç bir qanunsuz gəlir əldə etmədiyi söyləyir. Onun ifadəsinə görə, bütün qrantlar aidiyyatı üzrə qeydə alınıb, sadəcə, istintaq bunu gizlədir. Həm də Əziz Orucovun sözügedən məsələlər üzrə heç bir səlahiyyəti olmayıb. O, hər hansı qrant sənədinə imza atmayıb”, – vəkil deyib.
Ə.Orucov hazırda Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. İttihamlar təsdiqlənərsə, ona 8 ilə kimi azadlıqdan məhrum etmə cəzası verilə bilər.

XATIRLATMA

«Kanal 13» TV-nin Bakı bürosunun rəhbəri Əziz Qaraşoğluna (Orucov) mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.
Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.
Cinayət işi Ə.Orucovun təsisçisi olduğu «Qafqaz Media Təhqiqatları» İctimai Birliyi və «Kanal 13» ilə bağlıdır.
Nəsimi Rayon Məhkəməsi Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.
«Kanal 13» internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.
Bakı bürosunda axtarışdan, kompüterlərin götürülməsindən və büro rəhbərinin həbsindən sonra internet televiziyasının fəaliyyət göstərməsinin qarşısının alındığı bildirilir.

  • Yazılıb
  • da (də) 2017 Aug 17
  • Göndərən مدير سايت Aran News