Siyasi fəal Murad Bayramoğlu polisə çağırılıb. O, bu gün, avqustun 16-da Abşeron Rayon Polis İdarəsində ifadə verib.
Məlumatı Meydan TV-yə Murad Bayramoğlu özü verib. Bildirib ki, səbəb siyasi məhbuslar üçün təşkil etdiyi aksiyadır:“Avqustun 19-da siyasi məhbuslara dəstək məqsədilə Fəvvarələr Meydanına aksiya təyin etmişdim. Məni Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Əliağa Vahid heykəlinin yanına iş görüşməsi adı ilə dəvət etdilər. Saxlanılacağımı bilərəkdən getdim, çünki gizli bir iş görməmişdim. Ordan apardılar Abşeron Rayon Polis İdarəsinə. 1 saat 30 dəqiqə dindirdilər. Və həmin aksiya ilə bağlı postumu sildirdilər. Daha sonra hakimiyyətin xeyrinə status yazmağımı istədilər. Bunun mümkün olmadığını bildirdim. Biz bu yola girərkən bütün prosesləri nəzərə almışıq. Yola kəfənimizi geyinib çıxmışıq. Bu təzyiqlərə baxmayaraq, biz qorxmadan öz yolumuza davam edəcəyik”.
Murad Bayramoğlu avqustun 19-na təyin edilən "Siyasi Məhbuslara azadlıq" şüarı ilə keçiriləcək aksiyanın təşkilatçılarındandır. O, həm də aksiyanın sosial şəbəkələrdə dəvət səhifələrini hazırlayanlardan biridir.