Meydan TV-nin məlumatına görə, hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasda Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev vəsatətlə çıxış edib. O, F. Əhmədlinin çalışdığı "Azerfon" şirkətinin ("Nar Mobile") rəhbərinin məhkəmədə dindirilməsini istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Vəkil birinci instansiya məhkəməsində iclas protokolları yazılarkən ifadələrin təhrif olunduğunu, Fuad Əhmədlinin vəzifəli şəxs olmadığını və bu səbəbdən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə verilən ittihamın əsassız olduğunu deyib. Bildirib ki, cinayət işi siyasi motivlidir:“Fuad Əhmədli ilə şirkət arasında bağlanmış müqavilədə də yazılıb ki, onun işi operator kimi, müştərilərin suallarına cavab verməkdən ibarət olub. Konstitusiya Məhkəməsinin qərarında da aydın yazılıb ki, kimlər vəzifəli şəxs hesab oluna bilər. Fuadın istifadəsində məxfi məlumatların əldə olunmasına imkan verən avadanlıq olmayıb, yalnız ümumi kompüter olub. İki nəfərin ad-soyadını kiməsə deməkdən ötrü adama dörd il iş veriblər. Zərərçəkmiş kimi tanınan Samir Xəlilov özü satış meneceridir, internetdə telefon nömrəsini paylaşıb. Fuada ittiham verilib ki, onun ad-soyadını deməklə ziyan vurmusan”.
İclasda Fuad Əhmədli də çıxış edib. O, birinci instansiya məhkəməsinin iclas protokollarında şəxsən onun özünün ifadəsinin də təhrif olunduğunu söyləyib. Bildirib ki, onun istifadəsində hansısa məxfi məlumatlar olmayıb ki, onu kiməsə ötürsün:
“Əgər “Azerfon” şirkəti müştərilərlə bağlı məlumatların yayılmasına belə həssas yanaşırsa, o zaman niyə 3-5 aylıq işçilər cəlb edib, bütün bazanı onların istifadəsinə verir? Mövsümi işçilərin niyə cəlb olunduğu da bəllidir”.
Onun çıxışından sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib və hökm qüvvəsində saxlanılıb.
Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. İttihama görə, o, işlədiyi «Azerfon» şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürüb. Həmçinin, iddia olunur ki, Fuad Əhmədlinin həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində Fethullah Gülenlə bağlı materiallar olan disklər, kitablar tapılıb.
F.Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
İyunun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona 4 il həbs cəzası verilib. Apelyasiya şikayəti həmin hökmdən verilib. Onun barəsində bəraət hökmünün çıxarılması istənilib.
F.Əhmədli ittihamı rədd edir.