Tarix : 2017 Aug 17
Kod 52592

Prezidentdən ev, İrandan ədalət... Səlimov elə əvvəlki Hüseynbaladır!

Görünür prezidentdən ev, İrandan ədalət istəyən Hüseynbala Səlimov əvvəlki kimi daha yerli iqtidardan ədalət istəmir.
Nur-az.com:Dövlət başçısının bir sıra jurnalistlərə ev verməsi birmənalı qarşılanmadı. Bu məsələ uzun müddət ölkə gündəmini zəbt elədi. İndi də dəbdən düşdüyünü güman etmək olmaz. Buna bir səbəb də elə dövlət başçısından mənzil alanların tutduğu və yaxud buraxdığı mövqeydir. Tutanlar o kəslərdir ki, əvvəldən prezidentin yanında idilər, ya da onu o qədər də sərt tənqid etmirdilər. Amma "mövqey buraxanlar" ifadəsi leksikonumuza mənzil hədiyyəsi xəbərlərinin ölkə gündəminə oturması kimi oturuşmasa da özümüzdən icad edə bilərik. (Səbəb olanlar sağ olsun)
"Mövqey buraxanlardan" biri də Hüseynbala Səlimovdur. Bəli, məhz cəsarətli, şir ürəyi yemiş Hüseynbala müəllim. (Əlbəttə, bir zamanlar. Qeyd edək ki, Hüseynbala müəllim Rauf Arifoğluna qoşulandan bəri o da, Arifoğlu kimi şir ovuna çıxmağın daşını atıb)
Hüseynbala Səlimov da ev alanlardandır. Onun timsalında bu yazımızdakı mənzil hədiyyəsi söhbətinin gündəmə gəlməsinin əsas günahkarı elə Səlimovun özüdür. Son məqaləsində (avqustun 15-də) İrandan yazıb. Əvvəla deyək ki, İranpərəst deyilik. Biz həqiqətpərəst və haqqpərəstik. İran haqqın və həqiqətin yanındadırsa dəstəkləyirik onu. Haqqpərəst olmağımızı sübut etmək çətin deyil. Məsələn, bir zamanlar şir ürəyi "yeyən" Arifoğlunu da, Hüseynbala Səlimovu da dəstəkləyirdik. Çünki onlar həqiqətləri çatdırırdılar. Əgər kimsə o vaxt bizə Arifoğlupərəst, yauxd Hüseynbalapərəst deyirdisə də canı sağ olsun. Həqiqətləri deyənləri dəstəkləmək onlara pərəstiş etməkdirsə qoy olsun. Amma ən azından o zamanlar Arifoğlu ilə Hüsyenbala müəllim bizi "...pərəst" adlandırmırdı. (Ən azından insafən adlandırmamalı idilər) Adlandırırdılarsa da buna sevinməli idilər ki, haqq yolunda onları dəstəkləyənlər var.
Keçək Hüseynbala Səlimovun İranın- Qarabaq haqqında yazdığı yazıya. Qeyd edim ki, bu cür yazılar və onların müəllifləri üçün İran- Ermənistan, İran türkləri, İranın Azərbaycan məntəqələri mövzuları daim ehtiyat mövzu hesab edilib. "Zapas" olaraq bu kimi mövzuları saxlayıblar ki, həm "saxla samanı, gələr zamanı" qismindən olsun, həm də sabah, o biri gün məqalə yazmağa mövzu "olmayanda" heç olmasa bu barədə bir-iki kəlmə yazsınlar. Hazırda Səlimov müəllim bu işin öhdəsindən peşəkarcasına gəlir. 
Heç uzağa getməyək, 25.11.13 tarixindən bu günədək Hüseynbala Səlimovun Arifoğlunun qəzetində çap olunan məqalələrə nəzər salın, bir də onun qeyd edilən tarixdən əvvəlki fəaliyyətlərinə baxın. Məsələn, bir zamanlar Hüsyenbala Səlimovdan "Azadlıq radiosu" və "Azadlıq.info" saytı müxalifət mövqeyli insan ünvanında istifadə edir, yazılarını çap edir, onu verilişlərə çağırırdı. Özü də əvvəllər bu insan iqtidar əleyhinə sərt sözlər deyən şəxs kimi yaddaşlarda qalıb. Məsələn, Arifoğlunun qəzetində yazmağa başlamazdan (yuxarıda qeyd edilən tarixdən) nə az nə çox düz beş ay əvvəl (iyunun 25-də) "Mehriban Əliyevanın namizədliyi" mövzulu verilişdə Hüseynbala Səlimov iqtidarın müxalifəti vahid namizəd ortaya qoya bilməməkdə suçladığı halda özünün Heydər Əliyevin zamanında da (2003-cü il prezident seçkiləri) indi də (20013) ikili namizəd, yaxud ehtiyat namizədlə (2003-də ata-bala əliyevlər, 2013-də əl-arvad əliyevlər) çıxış etməsindən ağız dolusu danışırdı. (Əlbəttə, o zamanlar yadımda qalan qədəriylə bu cür söhbət etmişdi. Əyər-əskiklik varsa özü düzəliş edər, səhvimizi görərik) Ən dəhşətlisi budur ki, Səlimov "Bizim yol" onlayn qəzetinin 24.07.12 tarixdə "Ramiz Mehdiyev prezidentliyə namizəd olacaq?" başlığı ilə çap etdirdiyi xəbərdə "Azadlıq Radiosunun şərhçisi" (qəzet özü şəxsən belə yazıb və o zamanlar Səlimovun həmin radioda tez-tez görünərdi) Hüseynbala Səlimovun adı çəkilən qəzetə açıqlamasında bu sözləri dediyini dərc etmişdi: "İlham Əliyev 2003 və 2008-ci illərdə prezident olub və ondan bir il sonra referendum vasitəsilə Konstitusiyada düzəliş edilib. Yəni normal hüquqi situasiyanı götürsək, Əliyev köhnə Konstitusiya ilə prezident olub. Bu, o deməkdir ki, Əliyevin prezidentlik müddəti köhnə Konstitusiya ilə müəyyən olunmalıdır. Yəni bu məsələ açıq hüquqi problem olduğundan, ən azı Konstitusiya Məhkəməsi bu barədə yozum verməlidir. Çünki qanunun geriyə qüvvəsi yoxdur." Bu sözlərin müəllifi prezidentdən mənzil alandan sonra Arifoğlunun qəzetində çap etdirdiyi məqalədə prezident İlham Əliyevin mənzil verməsini təqdir edərək "ilk növbədə prezident İ.Əliyevə minnətdar olmaq lazım gəlir. Sözsüz ki, birinci şəxsin diqqəti olmasaydı..." deyir. Deməli, bir zamanlar "qanunun geriyə qüvvəsi olmadığına" etiqadlı olan Hüseynbala Səlimov ev aldıqdan sonra prezidentə minnətdar olub onu "birinci şəxs" hesab edir. (Təəccüblüdür!) Həmin məqaləsində deyir: "Mən bir məsələni heç başa düşmürəm: niyə xarici donorlardan qrant almaq olar..." Əlbəttə sözü kimə atması bir az bəllidir, bir az yox. Amma unudur ki, özü bir zamanlar Amerikanın "Azadlıq Radiosu"nun şərhçisi kimi tanınırdı Amma görünür o zamanlar "xarici donorlar"dan qrant almayıb. Buna görə də Arifoğlunun qəzetinə keçib. Üstəlik, məqaləsinin sonunda şair S. Rüstəmdən iqtibas edib "biz də həmin adamlarıq: Hüseynbala elə həmin Hüseynbaladır..." deyir. Düzdür, bioloji cəhətdən və İrana mövqeydə Hüseynbala elə həmin Hüseynbaladır. Amma həqiqətləri deməkdə isə yox. Bunu bilmək elə də çətin deyil. Məsələn, İranı tənqid etdiyi yazısında bu ifadələrə yer verir: "...güclü və problemsiz bir Azərbaycan İranın maraqlarına elə də cavab vermir.... " Bəli, güclü və problemsiz Azərbaycan. Sən demə Azərbaycanda indiyədək bircə Hüseynbala Səlimovun prezidentdən ev ala bilməməsi problemi var idi, o da uğurla həll olundu. Düzdür, Səlimov "problemsiz Azərbaycan" deyərkən Qarabağı (ən azı İranın vasitəsiylə) aldıqdan sonrakı Azərbaycanı nəzərdə tutur. Amma məsələ bundan ibarətdir ki, Səlimov qeyd etdiyimiz kimi son zamanlar məqalələrini başqa istiqamətdə yazır və yazısını "axı biz İrandan ədalətdən savayı bir şey də istəmirik..." cümləsiylə bitirir. Görünür prezidentdən ev, İrandan ədalət istəyən Hüseynbala Səlimov əvvəlki kimi daha yerli iqtidardan ədalət istəmir. Ya da başqa variant qalır, o da budur ki, Azərbaycanda ədalət bərqərar oldu, indi növbə çatıb İranı düzəltməyə.



  • Yazılıb
  • da (də) 2017 Aug 17
  • Göndərən مدير سايت Aran News