Ombudsman Aparatının, Penitensiar Xidmətin və Qırmızı Xaç Komitəsinin nümayəndələri onlara baş çəkib.
Islamazeri.az-"Gün ərzində həbsxanaya fasilələrlə cəmi 2 saatdan bir az çox vaxtda su verilir. Əksər kameralarda məhbuslar suyu vedrəylə daşıyırlar. Yayın qızmarında, yarıya qədər açıq tualetin olduğu kamerada, suyun olmaması ciddi çətinliklər yaradır"
Bu sözləri avqustun 17-də Qobustan həbsxanasında görüşdə vəkil Yalçın İmanova müvəkilləri deyib. Onların sözlərinə görə, həbsxana rəhbərliyi bu problemi su idarəsinə olan borcla izah edir.
Avqustun 17-də Qobustan həbsxanasına gedən İmanov orada saxlanılan Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və Abbas Hüseynlə görüşüb.
Bu barədə Rakurs TV-ə vəkilin özü məlumat verib. Abbas Hüseyn vəkilə bildirib ki, Ombudsman Aparatının əməkdaşları ilə, avqustun 12-də Penitensiar Xidmətin şöbə rəisi Elşən adlı şəxslə, 15-də isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşüb. Abbas hamısını ona verilən işgəncələr barədə ətraflı məlumatlandırdığını, bədənindəki işgəncə izlərini göstərdiyini deyib. Penitensiar Xidmətin əməkdaşı ilə görüşdə isə tək məlumatlandırmaqla kifayətlənməyib, bu barədə izahat da yazıb. Abbas Hüseynovu həmçinin həbsxananın həkimi də vizual müşahidə edib, bədənindəki xəsarət izlərinə baxıb.
Abbas bildirib ki, Ombudsman Aparatının gələcəyini bildikdə, həbsxanada 2 "kars" otağını və karantin otağını təmir edib, rəngləyiblər. Avqustun 9-da onu "kars"dan çıxarıb, təzə paltarla təmin ediblər. Aparat işçiləri getdikdə isə yenidən təmirsiz "kars" otağına salıblar.
Avqustun 13-ü Abbasın "kars" müddəti bitib, 14-ü karantinə, ardınca isə korpusa köçürülüb. O deyib ki, korpusa köçürülməmişdən əvvəl, həbsxananın rəisi Aftandil Ağayev ona “qalxacaqsan korpusa, orda problemli adamlar var”, - deyə nəyəsə eyham edib.
Vəkil Abbas Hüseynovun xeyli arıqladığını deyir: "Həbsxanada verilən qidalar keyfiyyətsiz olduğundan həmin yeməkləri yeyə bilmir. Hazırda isə 8 nəfərlik kamerada saxlanılır".
Avqustun 17-də Qobustan həbsxanasında saxlanılan Tale Bağırzadə ilə görüşdən danışan vəkil Ombudsman Aparatının, Penitensiar Xidmətin və Qırmızı Xaç Komitəsinin nümayəndələrinin ona baş çəkdiyini, saxlanma şəraiti ilə maraqlandıqlarını bildirib.
Xatırladaq ki, Yalçın İmanov bu gün AİP lideri Mövsüm Səmədovla da görüşüb.