İslaminSesinin APA-ya istinadən məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. DTX-nın keçmiş əməkdaşı olan Emin Abbasov ifadəsində deyib ki, 2010-cu ildən Xəzər rayon İcra Hakimiyyəti ilə MTN arasında konflikt olub: "Mənim iş adamı olan dostum Vüqar Ağayevi nazirin qohumları sıxışdırırdılar. O da başını götürüb Amerikaya getmişdi. İndi gəlib və zərərçəkmiş kimi tanınıb. Onun Xəzər rayonunda olan 25 hektar torpaq sahəsini ələ keçirmək istəyirdilər. İcra başçısı isə buna razı olmamışdı. Buna görə konflikt yaranmışdı. Bundan sonra başçının müavini Ələkbər Heydərov saxlanıldı".
E. Abbasov bildirib ki, intihar edən MTN zabiti İlqar Əliyevlə dost olub və İ. Əliyev ona Ə. Heydərovdan pul alaraq rəhbərliyə verdiyini deyib.
Elçin Quliyev isə həmin məsələlərdən xəbərsiz olduğunu bildirib: "Mənim konfliktdən xəbərim olmayıb”.
O, heç kimdən pul almadığını da deyib: "Mən iclas başlayanda dedim ki, proses qapalı olsun və çəkiliş aparılsın. Günahkar olsaydım, bunu təklif etməzdim. Proses bitən kimi saytlar burada olanların hamısını yazırlar. Burada kiminsə marağı var. Elə başa düşülür ki, hər şeyi mən etmişəm, məndən yuxarıda heç kim olmayıb. Bu, düzgün deyil. Bizim şəxsiyyətimiz aşağılanır. Mən prezidentə sadiqəm və onun uğrunda ölməyə hazıram. Maqsud Mahmudovdan, ya da siqaret satandan pul almağa ehtiyacım olmayıb. Əlimdə nazirlik olub. Pul lazım olsaydı rahatlıqla ala bilərdim. Bu ittihamları mənə necə yapışdırırsınız? 21 aydır niyə buradayam? Kiminsə mənimlə qərəzi var. Prokuror niyə məni tutdurmaq istəyir?"
Dövlət ittihamçısı isə vəzifəsinin dövlət ittihamını müdafiə etmək olduğunu deyib.
Daha sonra Elçin Quliyev zərərçəkmiş Sahib Qurbanovla bağlı vəsatət verib. Bildirib ki, S. Qurbanov qaçaqmalçılıqla məşğul olduğunu təsdiq edib: "Sahib hər dəfə deyir ki, qaçaqmalçılığı Gömrük Komitəsi araşdırır. Lakin qaçaqmalçılıqla bağlı MTN-də böyük idarə olub. Bu, iqtisadi cinayətdir. Bir halda ki, istəyir onun işinə Gömrük Komitəsində baxılsın, xahiş edirəm materiallar komitəyə göndərilsin və barəsində tədbir görülsün".
Hakim deyib ki, sonda həmin məsələyə qiymət veriləcək.
Zərərçəkmiş Maqsud Mahmudov isə prosesdə Elçin Quliyevi bağışladığını deyib və Eldar Mahmudovun da məhkəməyə gətirilməsini istəyib.
Proses avqustun 22-də davam edəcək.
Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.
Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.