Bu adamlar əhalini o qədər savadsız, sadəlövh, reallıqlardan bixbər hesab edirlər ki...
Nur-az.com:İqtisadçı professor özünə və dinləyicilərə necə hörmətsizlik etdi?
Prezident yanında Bilik Fondunun “Sosial-iqtisadi maarifləndirmə” proqramı üzrə Astarada bir tədbir keçirilib. Rəsmi məlumatda göstərilir ki, tədbir Astara Rayon İcra Hakimiyyəti və Astara Bilik Evinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində keçirilib və orada yerli ziyalılar, sahibkarlar, din xadimləri, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Rasim Nəbiyev iştirakçılara “Müstəqillik illərində Azərbaycan dövlətinin investisiya siyasəti: strateji yol xəritəsi kontekstində” mövzusunda mühazirə deyib.
Təbii ki, mühazirə “ənənəyə sadiqlik” prinsipinə xidmət edib. Yəni, olmayan inkişafa tərif vurmaqdan ibarət olub. Azərbaycanın dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanındığını deyən professor Strateji yol xəritələrinin Azərbaycanda iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun sürətli inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla təsdiq edilən strateji yol xəritələrinin müddəalarını rəhbər tutan mühazirəçi qeyd edib ki, bu strateji konsepsiyalar iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə və əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.
Göründüyü kimi, eyni tezislər, eyni yalanlar, eyni şişirtmələr hər yerdə təkrarlanır. Məsələ burasındadır ki, bugünün reallığı, statistik rəqəmlər professorun dediklərini təkzib edir. Faktiki olaraq iri şirkətlər ölkəni tərk edir, ÜDM-in həcmi azalıb, iş yerləri bağlanıb, milli valyuta 100 faizdən artıq dəyər itirib, dövlətin xarici borcu artıb, sosial vəziyyət ağırlaşıb və.s
Hər bir ailə ölkədəki ağır vəziyyəti öz həyatında hiss edir. Yuxarıda da qeyd etdiyimiz kimi statistik rəqəmlər də bütün sahələrdəki geriləməni göstərir. Bir neçə il öncə 25m ilyard dollar olan büdcə, 8-9 milyard həcminə düşüb. Professor isə böyük auditoriyaya nağıl danışır. Azərbaycanda minimum əməkhaqqı hətta Ermənistandan və Gürcüstandan da aşağı səviyyədədir. Halbuki, Azərbyacanın potensialı bu ölkələrlə müqayisəolunmaz dərəcədədir. Zəngin bir ölkəni borc bataqlığına salıblar, yürüdülən iqtisadi siyasət tənəzzüllə nəticələnib və professor insanlara inkişafın sürətindən danışır.
Əslində, hamının həqiqəti bildiyi halda bu miqyasda yalan danışmaq, dinləyicilərə qarşı hörmətsizlikdi. Bu adamlar əhalini o qədər savadsız, sadəlövh, reallıqlardan bixbər hesab edirlər ki, istədikləri yalanı həqiqət kimi tirajlamaqdan çəkinmirlər. Azərbaycan iqtisadiyyatı faktiki olaraq idxaldan asılı vəziyyətdədir. Azərbaycan kölgə iqtisadiyyatının həcminə görə dünyada birinci oldu. Bu qədər faktlardan sonra yenə də insanlara “inkişaf nağılı” danışmaq, həm də özünəhörmət hissinin itməsidir.
Bir sözlə, professor “qatıq qaradır” deyərək, ağ yalan danışıb və hökumətin ənənəvi siyasətinə töhfəsini verib.