Bunu AzadlıqRadiosu-na Nardaran hadisələrinə görə həbs olunmuş və 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Şamil Abduləliyevin atası Adil Abduləliyev deyir.
“AĞRILARA DÖZƏ BİLMİR”
Şamil Abduləliyev 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat nəticəsində yaralanıb və həbs olunaraq məhkum edilib. Ata deyir, hadisələrdən 1 il 9 ay keçsə də, Şamil həmin gün ona dəymiş üç güllənin ikisini hələ də bədənində daşıyır:
"Artıq ağrılara dözə bilmir, yaralardan çirk gəlir. Bu da dustağa bir cür işgəncə verməkdir. Bədənindəki güllənin çıxarılması üçün vəkili dəfələrlə məhkəmədə vəsatət qaldırıb, aidiyyəti yerlərə müraciət olunub. Ancaq nəticə yoxdur. Bədənindəki güllə hər gün bir az da oğlumun ömrünü kəsir”.
Atanın sözlərinə görə, Şamil də hadisə vaxtı digər yaralılar kimi Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Güllələrdən ikisi çıxarılsa da, biri sanki qəsdən bədəndə saxlanılıb:
"Məhkəmədə vəkil 3 saylı xəstəxananın baş həkimi Fikrət Zeynalovun dindirilməsinə və bu məsələyə aydınlıq gətirməsinə görə vəsatətlər qaldırsa da, təmin olunmadı, baş həkim məhkəməyə dəvət edilmədi".
“ZON”DAN ÇIXMAĞA QƏTİ İCAZƏ VERİLMİR
Şamilin ailəsi onun bədənindəki güllənin çıxarılması üçün Baş Prokurorluğa və Penitensiar Xidmətə müraciət edib. Prokurorluq bu ilin mayında göndərilmiş müraciəti hələ də cavabsız qoyub. Penitensiar Xidmətdən gələn rəsmi cavabda isə qeyd olunur ki, ailə özü həkim dəvət etməklə, Şamilin üzərində cərrahiyyə əməliyyatı aparıla bilər. Ailə də bu cavaba arxayın olaraq cərrah tapıb, ancaq bu dəfə ortaya başqa problem çıxıb:
"Həkim deyir, əməliyyatöncəsi müayinələr, MRT olmalıdır ki, güllələrin harada, necə yerləşdiyi dəqiqləşdirilsin. Ancaq Penitensiar Xidmət məhbusun "zon"dan çıxarılmasına qəti icazə vermir. Bu müayinələrsə mütləq klinikalarda olmalıdır, çünki Penitensiar Xidmətin Müalicə Müəssisəsində bunun üçün lazımi avadanlıqlar yoxdur”.
PENİTENSİAR XİDMƏT CAVAB VERMİR
1 il 9 aydır ki, bədənində güllə daşıyan tək Şamil Abduləliyev deyil, eyni hadisədə güllələnən və həbs olunan Bəhruz Əsgərov, Cahad Babakişizadə də eyni durumdadır. Həmin vaxt əməliyyat olunsalar da, hərəsinin bədənində bir güllə qalıb. Vəkilləri dəfələrlə vəsatətlər qaldırıb, əməliyyat üçün müraciət edib, lakin indiyədək müsbət nəticə əldə olunmayıb.