Hollandiyada yaşayan bir qrup azərbaycanlı siyasi məhbus hesab edilən şəxslərin ailələrinə maddi dəstək aksiyası keçirir.
Bu barədə Meydan TV-yə Məhbus Ailələrinin Kordinasiya Mərkəzindən məlumat verilib. Bildirilir ki, siyasi məhbus ailələrinin üzləşdiyi maddi çətinlikləri nəzərə alaraq, aksiya hər bir ailəyə hər ay 200 manat məbləğində yardımı nəzərdə tutur.
Bu məbləği yığmaq üçün hər kəs ətrafında olan insanlarla birlikdə bir qrup yarada, Siyasi Məhbus Ailələrinin Kordinasiya Mərkəzi ilə əlaqələndirərək, daha çox ehtiyacı olan siyasi məhbus ailələrinə verə bilər.
Məlumatda qeyd olunur ki, aksiyaya qoşulan keçmiş siyasi məhbus Rəsul Mürsəlov və Azərbaycanın Niderland Krallığındakı keçmiş konsulu Nahid Cəfərov hal-hazırda 4 ailəni, o cümlədən siyasi məhbus, şair Tofiq Həsənli və Cənub bölgəsində fəaliyyət göstərən "Azel TV"-nin təsisçisi və baş redaktoru Əfqan Sadıqovun ailələrini aylıq 200 manat məbləğində yardımla təmin etmək üçün müxtəlif sayda qruplar yaradıblar. Qruplara dünyanın müxtəlif ölkələrindən, o cümlədən, ABŞ, Almaniya, Avstriya, Finlandiya, İsveçrə, Norveç və digər ölkələrdən azərbaycanlılar qoşularaq, müxtəlif məbləğdə və aylıq əsasda yardımlar ediblər.
"Aksiyanı Almaniya və Rusiyada davam etdirən siyasi fəallar Samir Qasımov və Eltac Əlisoy daha iki ailəni aylıq 200 manatla təmin edəcək qruplar yaratdılar. Yığılmış vəsait Siyasi Məhbus Ailələrinin Kordinasiya Mərkəzinin üzvü Zəfər Əhmədli vasitəsilə siyasi məhbus ailələrinə çatdırılır"- məlumatda vurğulanır.