Avqustun 17-də Demokratik Gənclər Təşkilatının sədri İsmayıl İslamoğlu Bakı Şəhər Baş Polis İdarəsində dindirilib.
Məlumatı Meydan TV-yə onun dostu Dəyanət Babayev verib. Bildirib ki, İsmayıl İslamoğlu ona saxlandığını telefon açaraq söyləyib:
“30 dəqiqə sonra mən və başqa bir dostumuz Murad Bayramoğlu getdik idarənin qarşısına. Bizə 7-8 nəfər mülki geyimli yaxınlaşıb “elə sizi axtarırdıq”, - dedi. Sonra bizi Cinayət Axtarış Şöbəsinin rəsi müavinin yanına apardılar. 1 saat yarım izahat aldılar. Daha sonra “sizi saxlamağımıza səbəb 19 avqustda təyin olunan aksiyanın təşkilatçısı olmağınızdır”, - dedilər. İltizam təqdim etdilər və aksiyada iştirak etməyəcəyimizlə bağlı imzalamamızı istədilər. Mən də öz növbəmdə bu, bizim konstitusiya hüququmdur dedim. İmzalamadıq”.
Dəyanət Babayev deyir ki, onunla birgə Murad Bayramoğlu, İsmayıl İslamoğlu saxlanılmışdı. Digər fəal Ağaşirin Tanrıverdioğlunu isə yoldan saxlayıblar ki, “Siyasi məhbuslara azadlıq” aksiyasının eventi onun profilindən yaradılıb:
"Daha sonra bizim hamımıza xəbərdarlıq edərək buraxdılar".